Qadın fəallığı cəmiyyətə yüksəliş gətirir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans keçirildi.
Açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, cəmiyyətlərin yenilənməsi çox zaman qadınların təhsil, maarifçilik, mədəniyyət və ictimai fikir müstəvisində fəallığı ilə müşayiət olunur. Azərbaycanda qadınların ictimai fəallığının dərin tarixi köklərə malik olduğunu deyən komitə sədri 1901-ci ildə Bakıda qızlar üçün ilk dünyəvi məktəbin açılmasını və 1918-ci ildə qadınlara seçki hüququnun verilməsini xatırlatdı.
Ramin Məmmədov vurğuladı ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insan hüquqları və sosial ədalətlə vəhdətdə müəyyənləşən qadın hüquqları 1995-ci il Konstitusiyası ilə daha da möhkəmləndirilib. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda dövlət qadın siyasətinin ardıcıl inkişafına diqqət çəkdi. Söylədi ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi maarifçilik ənənələrinə söykənən çoxşaxəli fəaliyyəti isə qadınların ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, dini və milli dəyərləri yanlış şərh edərək qadınlara qarşı ayrı-seçkiliyə və zərərli davranışlara zəmin yaradan yanaşmaların qarşısının alınmasında din xadimlərinin və ictimai nüfuz sahibi olan şəxslərin maarifləndirmə fəaliyyətinə cəlb edilməsi xüsusi önəm daşıyır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai çıxışında qadınların gələcəyin əmək bazarına hazırlanması və yeni texnoloji çağırışlara uyğun bacarıqlar əldə etməsinin əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, qadınların fəaliyyətinin ənənəvi olaraq təhsil və səhiyyə sahələrilə məhdudlaşdırılması, mühəndislik və texnologiya kimi istiqamətlərin isə daha çox kişilərlə əlaqələndirilməsi ilə bağlı stereotiplər aradan qaldırılmalıdır. Eləcə də qadın sahibkarlığının, startap təşəbbüslərinin və innovativ fəaliyyətinin dəstəklənməsi onların iqtisadi müstəqilliyinin və cəmiyyətdə iştirakının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov isə İslam dinində və milli-mənəvi dəyərlərimizdə qadına verilən yüksək mövqenin, tarixi şəxsiyyətlərin və nümunəvi qadınların həyat yolunun maarifləndirmə prosesində təbliğinin labüdlüyündən söz açdı. Rektor İslam tarixində xüsusi yeri olan qadınların həyat və fəaliyyətinin gənc nəslə çatdırılması qadınlara hörmətin və onların cəmiyyətdəki rolunun düzgün qiymətləndirilməsi baxımından faydalı olduğu qənaətindədir.
Aqil Şirinov Azərbaycan xalqının milli-mədəni ənənələrində qadına verilən dəyərə də diqqət çəkərək, Ağabəyim ağa kimi tarixi şəxsiyyətlərin həyatının, eləcə də qadınların təhsilinə dəstək göstərmiş maarifçi ziyalıların fəaliyyətinin təbliğinin əhəmiyyətini qeyd etdi. Bu baxımdan, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin yaradılması təşəbbüsünü və din xadimi Axund Hacı Turabın öz qızını həmin məktəbdə oxutmasını mütərəqqi tarixi nümunələr kimi xatırlatdı.
Bu gün həmin ənənənin müasir çağırışlara uyğun davam etdirilməsi, qadınların potensialının üzə çıxarılması və onların bütün sahələrdə bərabər imkanlarla təmsil olunması qarşıda duran əsas vəzifələrdəndir. Çünki mütərəqqi cəmiyyətin gələcəyi onun qadınlara yaratdığı imkanlardan və bu imkanları reallaşdırmaq üçün göstərdiyi səydən də asılıdır.
Fidan ƏLİYEVA,
Rauf İBRAHİMOV (foto)
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















