Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Maks Plank İnsan İnkişafı İnstitutunun alimləri qadın tədqiqatçıların, xüsusilə karyeralarının ilk illərində, akademiyanı kişilərlə müqayisədə daha yüksək ehtimalla tərk etdiyini müəyyənləşdiriblər.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmada 2000–2014-cü illər arasında elmi nəşrlərə başlayan 78 min psixoloqun məlumatları təhlil edilib. Nəticələrə görə, erkən karyera mərhələsində alimlərin 60 faizindən çoxunu qadınlar təşkil etsə də, onların elmdə qalma ehtimalı daha aşağı olub.
Qadın tədqiqatçılar üçün akademiyadan ayrılma riski xüsusilə ilk nəşrdən sonrakı 4–6-cı illər arasında yüksək olub. Karyeranın 13-cü ilində qadınların təxminən yarısı artıq elmi nəşr fəaliyyətini dayandırıb. Kişilərdə isə eyni göstəriciyə təxminən 5 il sonra çatılıb.
Tədqiqatın aparıcı müəllifi Xinyi Zhao bildirib ki, bu nəticələr qadın və kişilər arasında elmi potensial fərqi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, nəticələr struktur və həyat şəraitinin müxtəlif cinslərdən olan tədqiqatçıların karyerasına fərqli təsir göstərdiyini ortaya qoyur.
Alimlər məqalələrin sayı, istinad göstəriciləri, əməkdaşlıq layihələri və çalışılan ali təhsil müəssisəsinin statusu kimi amilləri də nəzərə alıblar. Lakin bu göstəricilər gender fərqini tam izah etməyib.
Araşdırmada mümkün səbəblər arasında intensiv akademik fəaliyyətlə analıq məsuliyyətinin uzlaşdırılmasının çətinliyi xüsusi diqqət çəkib. 119 ölkədən 8 min tədqiqatçı arasında aparılan paralel sorğu da göstərib ki, erkən valideynlik qadınların elmi karyerasına daha çox təsir edir. Xüsusilə uşağın doktorantura dövründə dünyaya gəlməsi karyeraya ciddi təsir göstərən amillərdən biri kimi qeyd olunub.
Mütəxəssislərin fikrincə, əsas problem işə qəbul zamanı deyil, gənc alimlərin akademiyada saxlanılması mərhələsində üzə çıxır. Onlar mentorluq proqramlarının genişləndirilməsini, elmi qiymətləndirmə meyarlarının şəffaflaşdırılmasını və gənc valideynlər üçün daha çevik iş şəraitinin yaradılmasını təklif edirlər.
Bu tədbirlərin istedadlı alimlərin akademiyada qalmasına və qadın tədqiqatçıların elmi mühitdən ayrılmasının azalmasına kömək edə biləcəyi bildirilir.
Murad İsmayıl