Icma.az, Yenisabah portalına istinadən məlumat verir. Bir nəfər film çəkir, bəyənən də olur, bəyənməyən də.
Bəyənməyənlər səlahiyyətli məmurlar isə, filmi qoyurlar rəfə, ekranlara buraxmır, müzakirəyə çıxarmırlar. Əvvəllər belə olub.
Ədalət naminə baxıram ki, internet saytlarında yeni çəkilən filmdən və mübahisə obyektindən xəbəri olmayanlar düşüblər meydana, daxili mədəniyyətlərinin miqyasıyca leksikonlarındakı bütün qara enerjili sözləri xanım rejissorun ünvanına yazırlar.
Bununla kifayətlənmir, hətta onun şəxsi həyatı, şəcərəsi və ailə məsələlərini də hədəfə alırlar.
Camaatımızdan bir qismin elmsiz, zəkasız, hətta tərbiyəsiz qaragüruha çevrilmə mexanizmi mənə çox ağır gəlir.
Sayt müxbirinin filmlə bağlı mənə müraciət etməsinə etirazım olmadı, cavablandırdım ki, filmi görməmişəm, onun haqqında bir söz deyə bilmərəm, ancaq mübahisə və münaqişənin obyekti olan Məhsəti Gəncəvi haqqında qədim və orta yüzil mütəxəssisi olan filoloq kimi danışmağa faktlara söykənən sözlərim var.
Əlbəttə, məqsədim münaqişəni yumşaltmaq, məlumatsız adamlarda kütləvi kütlük psixozunun təsirilə hətta ədəbsizlik dərəcəsinə gəlib çıxan predmetsiz dedi – qodunu kəsmək idi.
Yəni ki, film çəkənləri bu dərəcədə təhdid etməyin yeri yoxdur, əgər o şairə ilə bağlı erotik səhnələr varsa, yerindədir – fikrilə tənqid hədəfini məlumatsız qaragüruhun şərrindən qurtarmaq idi.