Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. “Qərənfil - şəhid qanı...”.
Şair ürəyindən qopan bu misralar elə bil o qanlı gecənin boyuna biçilmişdi.
Yollar, səkilər, şəhid qanı axan bütün küçə və prospektlər qırmızı qərənfillərə bürünmüşdü.
Azərbaycan paytaxtı özünün ilk azadlıq mücahidlərinə, müstəqillik yolunun ilk şəhidlərinə, qan dənizində üzən azadlıq şəhərinə qərənfillərlə yas saxlayırdı...
O gündən, o gecədən qərənfil matəm çiçəyi, yas məclislərinin yaraşığı oldu.
Yanvarın 22-də Dağüstü parkda keçirilən möhtəşəm və izdihamlı matəm mərasimində də tabutların, şəhid məzarlarının üstü başdan-başa qırmızı qərənfillərlə dolu idi.
Bakının ən hündür nöqtəsi - onların uyuduğu torpaq müqəddəs Şəhidlər xiyabanına, xalqımızın ən müqəddəs ziyarətgahına, and yerinə çevrildi.
İndi sevənlər, ailə həyatı quranlar, fotosessiya edənlər də bu müqəddəs məkana üz tuturlar.