Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiyanın sanksiyalar altında olan, Rusiya bayrağı altında üzən və 100 min tondan artıq tutuma malik "Yanina" konteyner gəmisi vurulub. Müdafiə Qüvvələrimizin dəqiq zərbəsi nəticəsində gəmi dənizin dibinə gedib", – deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Rusiyanın Başqırdıstanda yerləşən, təxminən 1600 kilometr məsafədəki üç neft emalı zavodunun infrastrukturuna da zərbələr endirib.
"Rosatom"un baş direktoru Aleksey Lixaçov isə bildirib ki, gəmi avqustun 1-nə keçən gecə Novorossiyskdən 130 dəniz mili aralıda iki Ukrayna dəniz dronunun hücumuna məruz qaldıqdan sonra batıb. Onun sözlərinə görə, ekipajın 17 üzvünün hamısı xilas edilib.
Lixaçov iddia edib ki, "Yanina" beynəlxalq sularda üzən və dondurulmuş ərzaq məhsulları, tikinti və üzlük materialları da daxil olmaqla mülki yüklər daşıyan adi yük gəmisi olub. O, hücumu "dəniz quldurluğu" kimi qiymətləndirib.
FESCO-nun məlumatına görə, "Yanina" gəmisi 2021-ci ilin sentyabrında şirkətin donanmasına daxil edilib. Gəminin uzunluğu 142 metr, eni 22 metr, boş gəmi çəkisi 13 007 ton, yük tutumu isə 962 TEU (Twenty-foot Equivalent Unit — 20 futluq ekvivalent vahid) təşkil edir.
Hadisə ilə bağlı tərəflərin açıqlamaları müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.
Bizimyol.info