Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbolda hakimin qərarından narazı qalmaq, penalti gözləntisinin boşa çıxması və bunun gətirdiyi gərginlik anlaşılandır. Lakin bu gərginliyin qırmızı vərəqə ilə nəticələnən fiziki hücuma, daha sonra isə paltardəyişmə otağına gedən tuneldə davam etməsinə heç bir bəraət qazandırmaq olmaz. Yankoviçin tuneldə hakimlərə yumruq atmaq istəyi, polislərin və baş məşqçinin müdaxiləsi ilə sakitləşdirilməsi peşəkar futbolçuya yaraşmayan mənzərədir.
"Qarabağ"ın futbolçusu olmaq təkcə meydanda yaxşı ötürmə vermək demək deyil. Bu həm də uduzmağı bacarmaq, gərgin anlarda özünü cilovlamaq məsuliyyətidir. Yankoviç həmin an hakimi deyil, öz komandasını və klubun nüfuzunu hədəf almış oldu. Əgər bir oyunçunu polislər hakim otağının önündən uzaqlaşdırırsa, deməli, burada artıq futbol bitib, "küçə qaydaları" başlayıb.
Görüntülərdə ən diqqətçəkən məqamlardan biri Yankoviçi məhz Qurban Qurbanovun sakitləşdirməsidir. Baş məşqçinin bu cür hallara qarşı nə qədər həssas olduğu hər kəsə məlumdur. Bəs, komanda daxilindəki o məşhur intizam hara yox oldu?
"Qarabağ" "Sabah"a 1:2 hesabı ilə uduzaraq kubokdan kənarda qala bilər, futbolun qanunu budur. Amma tuneldə yaşanan o görüntülər hesabdakı itkidən daha ağırdır. Yankoviçin bu hərəkəti komandanın mənəvi iqlimindəki çatları gündəmə gətirir.
Leyla Mirzə, Bizimyol.info