Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə qarşılaşıb. "Köhlənlər" səfər matçında minimal hesabla məğlub olub.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb məğlubiyyətin səbəblərini və cavab matçı ilə bağlı düşüncələrini soruşduq.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" daha üstün idi. Sadəcə olaraq, hücumda fərqlər var. Yəni əvvəlki Ağdam təmsilçisində bu belə deyildi. Qol epizodlarının çoxundan yararlanmağı bacarırdılar. Ancaq indi çox vəziyyət yaratsalar da, ondan istifadə edə bilmirlər. Bu halları əldən verməmək lazımdır. Meydanda həm oyun baxımından, həm də topa nəzarətdə bizimkilər daha yaxşı performans göstərdi. Cərimə meydançası daxilində yaxşı imkanlar əldə edə bildilər, lakin ön xətdə sanki qol hissiyatı yoxdur. Azərbaycan təmsilçisi nəticə etibarı ilə hücumda çox yaxşı oynamadı. "Dinamo Kiyev" futbolçuları isə üstünlüyə malik olmasalar da, daha istəkli oyun nümayiş etdirirdilər. Ukrayna təmsilçisinin futbolçuları bir-birinə çox yaxın oynayırdılar və "Qarabağ"ın əl-qol açmasına imkan vermirdilər. Mənə görə "Qarabağ"ın tək problemi hücum xəttidir. Aleksey Kaşuk bir-iki qol imkanı yaxaladı, lakin son vuruşlarda keyfiyyət az idi. Əslində Ukrayna komandası da çox güclü deyildi, lakin son beş ilə baxsaq, çox böyük fərqlər var. Rəqibdə hərtərəfli iş gedir. Gənc oyunçuların yetişdirilməsi də buna aiddir. "Qarabağ"da daha bir problem oyunçuların "açılıb" top istəmələri ilə bağlıdır. Bunu yaxşı bacarmadılar, lakin bunlar vaxt keçdikcə aradan qalxacaq. Adaptasiyadan asılıdır. Mən inanıram ki, "Qarabağ" "Dinamo"nu Bakıda məğlub edib mərhələ adlayacaq".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması avqustun 13-də reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Əlisahib İbrahimli