Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir. 2015-ci ilin mart ayı idi. "Qarabağ" Dani Kintananı transfer etmişdi.
Lakin Səudiyyə Ərəbistanından gələn ispan futbolçu həmin mövsüm artıq iki klubda çıxış etdiyi üçün (oxu: "Yagelloniya", "Əl-Əhli") "Qarabağ"da oynaya bilməzdi.
O vaxt Qurban Qurbanovun istəyi ilə Dani yeni mövsümün başlamasına qədər "Qarabağ"ın düşərgəsində olmalı, yalnız məşq etməli idi.
Həmin vaxtlar Kintana hamımız üçün sirli qutu idi. Oyunlarda görmürdük, nəyə qadir olduğunu bilmirdik.
Amma bir məsələ də var idi ki, Qurban Qurbanov xeyli vaxt oyunlara çıxa bilməyəcək futbolçu ilə müqavilə imzaladırdısa, deməli, söhbət çox istedadlı futbolçudan gedirdi.
Həmin ərəfədə "Qarabağ"ın futbolçularının birindən Kintananı maraqlanmışdım.
O vaxtlar "Qarabağ"ın bəzi oyunçuları məşqdən sonra bazanın düz qabağında yerləşən kiçik meydançada altı-altıya futbol oynayırdılar.
Kintana da onların sırasındaydı. Deyilənə görə, Dani həmin minifutbol matçlarında klass göstərirdi.