Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Təlimin Qarabağla yanaşı, Naxçıvan və Xəzər dənizini əhatə etməsi isə mənzərəni daha geniş coğrafiyaya yayır. Quru, hava və dəniz qüvvələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb olunması üç ölkənin müxtəlif qoşun növlərinin koordinasiyasını və vahid əməliyyat mühitində fəaliyyət imkanlarını sınaqdan keçirməyə yönəlib. Bu baxımdan “Birliyin Gücü” sadəcə şəxsi heyətin taktiki bacarıqlarının artırılması deyil, birgə planlaşdırma, qarşılıqlı fəaliyyət və operativ uzlaşma mexanizmlərinin inkişafı kimi qiymətləndirilə bilər.
Təlimin iştirakçı coğrafiyası da xüsusi diqqət çəkir. Azərbaycan Cənubi Qafqazı, Türkiyə Avropaya çıxışı, Özbəkistan isə Mərkəzi Asiyanı təmsil edir. Bu üç ölkənin hərbi əməkdaşlığının praktiki müstəvidə dərinləşməsi Xəzər üzərindən Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan əlaqələrin təhlükəsizlik komponentini gücləndirir. Bu mənada Qarabağ–Naxçıvan–Xəzər xətti yalnız təlim coğrafiyası deyil, Azərbaycan, Türkiyə və Özbəkistan arasında strateji əlaqələrin coğrafi bağlantılarını nümayiş etdirən bir platforma kimi də diqqət çəkir.
Burada Qarabağ amili xüsusilə önə çıxır. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra bölgənin təhlükəsizlik arxitekturasında fundamental dəyişiklik baş verib. Bir vaxtlar xarici hərbi qüvvələrin və qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə gündəmə gələn ərazilərdə indi Azərbaycan, Türkiyə və Özbəkistan kimi dövlətlərin hərbçiləri birgə təlim keçirir, təcrübə mübadiləsi aparır və qarşılıqlı fəaliyyət imkanlarını inkişaf etdirirlər. Bu, Qarabağın təhlükəsizlik statusunda baş verən dəyişimin simvolik ifadəsidir.
Digər mühüm məqam isə Türkiyə-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyaya doğru genişlənməsi, hərbi-siyasi istiqamətdə atılan birgə addımlardır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri artıq yalnız ikitərəfli siyasi və hərbi əməkdaşlıq çərçivəsində qalmır. Özbəkistanın da bu prosesdə daha fəal iştirakı Türk Dövlətləri Təşkilatı məkanında müdafiə və təhlükəsizlik sahəsində praktiki əməkdaşlıq imkanlarının genişləndiyini göstərir. Burada hələ vahid hərbi blokdan danışmaq çox tezdir, lakin birgə təlimlər, müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi gələcək institusional əməkdaşlıq üçün baza yarada bilər.
“Birliyin Gücü-2026”nın mesajlarından biri də Azərbaycan ərazisinin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından artan roludur. Qarabağda keçirilən təlim Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallığın praktiki nəticələrindən biri kimi təqdim olunur. Naxçıvan və Xəzərin də təlim coğrafiyasına daxil edilməsi isə Azərbaycanın həm Cənubi Qafqaz, həm Xəzər, həm də Türk dünyası arasında bağlantı yaradan strateji mövqeyini ön plana çıxarır.
Nəticə etibarilə, “Birliyin Gücü-2026”nı yalnız üç ordunun taktiki hazırlığı kimi qiymətləndirmək təlimin daha geniş mənasını məhdudlaşdırardı. Bu təlim Qarabağda dəyişən təhlükəsizlik reallığının, Azərbaycan-Türkiyə-Özbəkistan hərbi əməkdaşlığının dərinləşməsinin və Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji əlaqələrin praktiki müstəvidə möhkəmlənməsinin göstəricisidir. Bir vaxtlar müharibənin izlərini daşıyan Qarabağda bu gün üç ölkənin hərbçilərinin çiyin-çiyinə təlim keçməsi isə dəyişən regionun ən diqqətçəkən simvollarından biridir.
Mürtəza Bünyadlı