Icma.az bildirir, Olke.az portalına istinadən.
Oyunun İngiltərədə keçilməsinə baxmayaraq, matça azarbaycanlı azarkeşlərin böyük marağı var. Komandamıza yaxşı dəstək olacaq. Məndə olan xəbərə görə, 22 yanvar günortaya qədər “Enfild”dəki qarşılaşma üçün “Qarabağ” azarkeşlərinə artıq 1200-ə yaxın bilet satılmışdı. Bu say artan xətt üzrə davam edir. Ümumən qonaq komanda olduğu üçün UEFA-nın qaydalarına əsasən, “Qarabağ”a “Enfild”in tribunalarının 5 faizi həcmində yer ayrılıb - 3 mindən bir qədər çox.
Ölkə.Az-ın məlumatına görə, bu barədə tanınmış idman jurnalisti, Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib.
O qeyd edib ki, “Qarabağ” oyundan 2 gün əvvəl Liverpula uçacaq: "Uzun yolçuluq olacaq. Hardasa 7 saat. Oyun əslində yanvarın 29-da deyil, 28-də keçiriləcək. Çempionlar Liqasında 8-ci turun bütün 18 görüşü Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlanacaq. Bu bizim vaxtla yanvarın 28-dən 29-na keçən gecəyə - saat 00:00-a təsadüf edir deyə, ictimaiyyətdə bir qədər çaşqınlıq yaranıb".
Jurnalistin sözlərinə görə, “Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni təmin etsin: "İlk səkkizlikdən kənarda qalaraq pley-off-a düşmək ingilislər üçün uğursuzluq sayılacaq. Hazırda klubun üzərində azarkeşlərin təzyiqi var. Premyer Liqada son uğursuz nəticələrdən - 4 oyun, 4 heç-heçədən sonra komanda hər oyun azarkeşləri tərəfindən fitə basılır. Baş məşqçi Arne Slotun taxtı laxlamağa başlayıb. “Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq".
A.Bağırov transfer xəbərləri barədə də fikir bildirib: "Bəzi İnstaqram vı tiktok səhifələrinin uydurma, dəqiqləşdirilməmiş, yoxlanılmamış transfer xəbərlərinə çox da bel bağlamayın. 95 faizi futbol menecerlərinin ucuz piarıdır. Kiminsə qışda “Qarabağ”ı tərk edəcəyi gözlənilmir, amma güman ki, tezliklə bir nəfər gələcək. Son anda danışıqlar pozulmasa".
Ölkə.Az xatırladır ki, "Qarabağ" yarımmüdafiə xəttini gücləndirməyi düşünür və Danimarkanın "Orhus" klubunun yarımmüdafiəçisi Kevin Yakobla maraqlandığı bildirilir. "Fotbolltransfers"in məlumatına görə, 25 yaşlı futbolçunun agenti vəziyyətlə bağlı şərh verərək qeyd edib: "Kevin klubda xoşbəxtdir və yaxşı mövsüm keçirir. Bir neçə komanda ona maraq göstərir, amma bütün tərəflərə hörmət etdiyim üçün onların adını çəkə bilmərəm".
Kevin Yakobun Orhusla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi 18 matçda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. O, İraq millisində debütünü 2023-cü ildə edib.
Bundan əlavə, müdafiəçi Bəhlul Mustafazadənin də klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər dolaşır. Onun hətta Çin klubu ilə anlaşdığı, "Qarabağ"ın yaxın zamanlarda futbolçu barədə qərar verəcəyi söylənilir. O cümlədən Marko Yankoviçin də Ağdam təmsilçisi ilə vidalaşacağı transfer xəbərləri sırasındadır.
"Atlılar"ın baş məşqçisi Qurban Qurbanov isə transferlə bağlı danışarkən yeni futbolçularla danışıqların aparıldığını bildirib.