Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa Kosmik Agentliyinin (ESA) "Euclid" (Evklid) kosmik teleskopu kainatın ən qədim dövrlərinə aid 31 nəhəng kvazar aşkarlayıb. Tapılan obyektlər arasında elmə məlum olan ən erkən mərhələdə formalaşmış iki yeni rekordçu kvazar da var. Daxilindəki ifrat kütləli qara dəliklər tərəfindən qidalanan bu nəhəng strukturlar, kainatın yaşının indiki dövrlə müqayisədə cəmi 5 faizini (təxminən 670 milyon il) təşkil etdiyi bir vaxtda, Günəşdən trilyonlarla dəfə güclü işıq saçırmışlar.
Kvazarlar bir qalaktikanın təkamülündə qısamüddətli, lakin inanılmaz dərəcədə aktiv bir mərhələni təmsil edir. Bu periodda kosmik maddə nəhəng sürətlə mərkəzdəki ifrat kütləli qara dəliyə tərəf spiralvari şəkildə yönəlir və nəticədə kosmosa nəhəng enerji dalğası buraxılır. Həmin anlarda qalaktikanın nüvəsi kainatdakı digər bütün obyektlərdən parlaq olur, hətta daxilində yerləşdiyi doğma qalaktikanı belə yüzlərlə və minlərlə dəfə kölgədə qoyur.
İndiyə qədər astronomlara yalnız tək-tək, anomal dərəcədə parlaq olan kvazarlar məlum idi. Onlar həddindən artıq yüksək işıqlığı sayəsində teleskopların obyektivinə birinci düşür və ümumi mənzərənin yalnız kiçik bir qismini təşkil edirdi. Məlumat qıtlığı səbəbindən alimlər kvazarları bütöv bir populyasiya (obyektlər qrupu) kimi sistemli şəkildə öyrənə bilmirdilər. "Euclid" teleskopunun unikal baxış bucağı və həssaslığı sayəsində bu problem artıq həllini tapıb. Yeni əldə olunan datalar təkcə müstəsna parlaq nümunələri deyil, qədim kvazarların böyük bir hissəsini əhatə edir.
Bu fundamental kəşf qırmızı yerdəyişmə (redshift) göstəricisi 7 və daha yuxarı olan kvazarların siyahısını daha 12 obyektlə zənginləşdirib. Belə göstəriciyə malik obyektlər kainatın yaşının hələ 770 milyon ilə çatmadığı qədim dövrlərə nəzər salmağa imkan verir. Bu qrupun içərisində yer alan və müvafiq olaraq 7,77 və 7,69 qırmızı yerdəyişmə göstəricilərinə malik olan "EUCL J172902.75+641018.1" və "EUCL J125308.55+705432.3" adlı iki kvazar bu günə qədər kəşf edilmiş ən qədim obyektlər statusunu qazanıb. Yer kürəsindən təxminən 13 milyard işıq ilindən də uzaq məsafədə yerləşən bu kosmik nəhənglər, Böyük Partlayışdan cəmi 670 milyon il sonra formalaşıblar.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ