Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Scientific Reports jurnalında dərc olunan yeni araşdırma durnaların miqrasiya zamanı istifadə etdiyi bataqlıq ərazilərin ciddi ekoloji təzyiqlərlə üzləşdiyini göstərir. Tədqiqatda Pakistan ərazisində adi durna (Grus grus) və demoizel durnasının (Anthropoides virgo) yaşayış mühitləri uzunmüddətli coğrafi məlumatlar və peyk müşahidələri əsasında araşdırılıb.
Durnalar üçün bataqlıqlar niyə vacibdir?Miqrasiya edən durnalar minlərlə kilometrlik yol boyunca enerji toplamaq və təhlükəsiz şəkildə dincəlmək üçün uyğun ərazilərə ehtiyac duyurlar. Bataqlıqlar, göllər, çay vadiləri və digər suya yaxın ərazilər onların mühüm dayanacaq və qidalanma məkanlarıdır. Bu ərazilərdən birinin itirilməsi quşların bütün miqrasiya marşrutuna təsir göstərə bilər. Çünki uzun uçuş zamanı hər bir dayanacaq quşların növbəti mərhələyə hazırlaşması üçün vacibdir.
Yeni araşdırmada da vurğulanır ki, miqrasiya edən durnalar dinamik bataqlıq ekosistemlərindən asılıdır və bu yaşayış mühitləri həm insan fəaliyyəti, həm də ətraf mühitdə baş verən dəyişikliklər səbəbindən təzyiq altındadır.
Ümumiyyətlə, durnaların ekosistemdə rolu düşündüyümüzdən daha böyükdür. Onlar sadəcə köç edən quşlar deyil, bataqlıq və su ekosistemlərinin vəziyyətini göstərən canlı indikatorlardan biridir.
Qida zəncirinin bir hissəsi durnalardır
Durnalar toxum, bitki hissələri, həşəratlar, kiçik onurğasızlar və bəzi hallarda xırda su canlıları ilə qidalanaraq ekosistemdəki enerji dövranının bir hissəsinə çevrilirlər, toxumların yayılmasına kömək edirlər. Qidalandıqları bitkilərin toxumlarını müxtəlif ərazilərə daşıyaraq bitkilərin yayılmasına töhfə verə bilirlər.
Həmçinin həşəratların sayını tənzimləyirlər. Xüsusilə miqrasiya və qidalanma zamanı müxtəlif həşərat və digər kiçik canlılarla qidalanırlar. Torpağın və bataqlıq mühitinin dəyişməsində iştirak edirlər. Qidalanarkən torpağı eşələmələri və bitki örtüyü ilə qarşılıqlı əlaqələri mikroyaşayış mühitlərinə təsir göstərə bilər.
Durnalar ekosistemin sağlamlığını göstəricisi hesab edilirlər. Durnalar bataqlıqlar, göllər və çay vadiləri kimi təbii ərazilərdən asılı olduqları üçün onların sayındakı və miqrasiya davranışındakı dəyişikliklər həmin ərazilərdəki ekoloji problemlərin göstəricisi ola bilər.
Mühafizə baxımından “çətir növ” rolunu oynaya bilirlər. Durnaların yaşaması üçün qorunan bataqlıq və digər təbii ərazilər eyni zamanda çoxlu başqa quşların, balıqların, amfibiyaların və bitkilərin də yaşayış mühitini qoruyur. Yəni durnanı qorumaq yalnız bir quş növünü qorumaq deyil, onun yaşadığı bataqlıq və su ekosistemini də qorumaq deməkdir.
İqlim dəyişdikcə marşrutlar da dəyişə bilərİqlim dəyişikliyi yalnız temperaturun yüksəlməsi demək deyil. Yağıntıların xarakterinin dəyişməsi, su ehtiyatlarının azalması və bataqlıqların quruması kimi proseslər də quşların istifadə etdiyi ərazilərin dəyişməsinə səbəb ola bilər. 2026-cı il araşdırması uzunmüddətli məlumatlardan istifadə edərək durnaların uyğun yaşayış sahələrinin zamanla necə dəyişdiyini qiymətləndirib. Nəticələr göstərir ki, iqlim və insan fəaliyyəti ilə bağlı dəyişikliklər durnaların istifadə edə bildiyi ərazilərin uyğunluğuna təsir göstərir.
Bu isə gələcəkdə quşların harada dayanacağı, harada qidalanacağı və miqrasiya zamanı hansı marşrutlardan istifadə edəcəyi ilə bağlı yeni problemlər yarada bilər. Durnaların qarşılaşdığı problemlər təkcə iqlimlə məhdudlaşmır. Yaşayış mühitlərinin kənd təsərrüfatı və digər insan fəaliyyəti nəticəsində dəyişdirilməsi, bataqlıqların deqradasiyası, ov və miqrasiya yollarında narahatlıq da bu quşlara təzyiq yaradır.
2026-cı ilin digər araşdırmalarında da durnaların üzləşdiyi təhlükələr arasında yaşayış mühitinin itirilməsi və kənd təsərrüfatının genişlənməsi kimi amillər qeyd olunur. Məsələn, sentyabr ayında "The Guardian" qəzeti mavi durnaların vəziyyətinə dair yazısında intensiv kənd təsərrüfatı, yaşayış mühitinin itirilməsi, qanunsuz zəhərlənmə, insan narahatlığı və iqlim dəyişməsini əsas təhlükələr sırasında göstərib. Mavi durnaların vəhşi təbiətdəki sayının hazırda təxminən 25-46 min arasında olduğu bildirilir.
Durnaları qorumaq özümüzü qorumaqdırDurnaların qorunması yalnız bir quş növünün mühafizəsi demək deyil. Onların yaşaması üçün lazım olan bataqlıqlar, göllər və çay vadiləri eyni zamanda çoxsaylı digər canlıların da yaşayış məkanıdır. Buna görə durnaların miqrasiya yollarının qorunması su ekosistemlərinin, bataqlıqların və təbii ərazilərin qorunması ilə birbaşa bağlıdır.
Durna minlərlə kilometrlik yolu keçərkən sərhəd tanımır. Onun bir ölkədə başlayan miqrasiyası başqa ölkədə davam edir. Buna görə də bu quşların qorunması da yalnız bir ölkənin deyil, bütün miqrasiya marşrutu boyunca yerləşən ölkələrin birgə səylərini tələb edir. Durnaların köçü təbiətin ən möhtəşəm hadisələrindən biridir. Lakin onların hər il eyni dayanacaqlara qayıda bilməsi həmin ərazilərin bu gün nə qədər yaxşı qorunmasından asılıdır. Durnaların alışdığımız kütləvi köçü ildən-ilə azalır. Qatarı pozulan durnalar ekosistem üçün ciddi problemin başlanğıcıdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb