525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib.
525.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ekspertlər səviyyəsində müntəzəm görüşlərin, akademik mənbələrin formalaşdırılması istiqamətindəki birgə işin əhəmiyyətini vurğulayıb.
BMTM sədri ekspert şuralarının iclaslarını gələcəkdə Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələrinin iştirakı ilə birgə keçirilməsinin mümkünlüyü qeyd edib.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb.
COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişə toxunan diplomat bu layihələrin regionla yanaşı, qlobal səviyyədə də mühüm töhfələr verəcəyini bildirib.
Alim Bayel cari ilin martında Bakıda ilk dəfə keçirilən Qazaxıstan universitetlərinin təhsil sərgisində 23 universitetin təmsil olunduğunu, 1000-ə tələbənin iştirak etdiyini və bu təşəbbüsün akademik səviyyədə əlaqələr üçün əhəmiyyətini qeyd edib.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstanın bir-birinə daim qarşılıqlı dəstək nümayiş etdirdiyini söyləyən səfir hər iki ölkə üçün türk inteqrasiyasının prioritet istiqamət olduğunu diqqətə çatdırıb.