Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, iyunun 29-da Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları tərəfindən şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb və yığışdırılıb.
Maraqlıdır ki, bu obyektlərin yığışdırılmasında isə həmin kafelərdə çalışanlar cəlb olunub. Yəni, Qəbələ RİH və müvafiq qurumlar öz işçi heyətindən istifadə etmək əvəzinə, yeniyetmələri istismara məruz qoyub.
Bu faktı təsdiqləyən fotoları Qəbələ RİH özü rəsmi “Facebook” hesabında paylaşıb.
Fotolarda görünən yeniyetmələrin bu işə cəlb olunması uşaq əməyinin istismarı hesab olunurmu?Yaranan sualla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı ərazidə istirahət edən və görülən işlərə könüllü şəkildə köməklik göstərən şəxslər olub: “Qəbələ rayonu ərazisində yeniyetmələrin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı iddialar araşdırılıb.
Qəbələ Rayon İcra Hakimiyyətinin təqdim etdiyi məlumata əsasən, rayon ərazisində dövlət meşə fondu torpaqlarında icarə müqaviləsi əsasında fəaliyyət göstərən turizm-rekreasiya obyektlərində ərazinin görünüşünə xələl gətirən qurğuların götürülməsi ilə bağlı obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb və onların razılığı ilə aşkar olunan nöqsanlar aradan qaldırılıb.
Eyni zamanda bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yer alan şəxslər həmin işlərin icrasına cəlb olunmuş əməkdaşlar olmayıb. Obyekt sahibinin izahatına görə onlar hadisə zamanı ərazidə istirahət edən və görülən işlərə könüllü şəkildə köməklik göstərən şəxslər olublar”.
Qurum həmçinin bildirib: “Aparılmış araşdırma zamanı toplanmış materiallar və təqdim edilmiş izahatlar əsasında yeniyetmələrin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb”.
Günel Həsənova, Bizimyol.info