Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qarakənd faciəsindən 35 il ötür
Tariximizin qanlı səhifələrindən biri olan Qarakənd faciəsinin ildönümü günündə Azərbaycan Kinematoqrafçılar İttifaqında Kəmalə Musazadənin ssenari müəllifi və rejissoru olduğu “Alı zirvəsi” filmi nümayiş etdirildi.
Qəhrəman jurnalistin anadan olmasının 65 illik yubileyində ərsəyə gəlmiş bu ekran əsəri keçmişin acı həqiqətlərini kino sənətinin imkanları ilə yenidən dilə gətirərək gələcək nəsillərin yaddaşına həkk etmək məqsədi daşıyır. Hər kadrında Vətən həsrəti, millət təəssübkeşliyi və tarixi həqiqətlərin ağırlığı duyulan bu ekran işinin belə bir gündə yenidən xatırlanması millətin öz qəhrəmanlarına olan sarsılmaz vəfasının və bu müqəddəs yurdun hər qarışına bəslədiyi sonsuz sevginin bədii ifadəsidir. Kinonun keçmişlə gələcək arasında mənəvi bir körpü rolunu oynadığını bir daha sübut edən bu tədbir unudulmaz faciənin mahiyyətini və ağır nəticələrini bir daha xatırlatmış oldu.
Xatirə mərasimində filmin müəllifi Kəmalə Musazadə bildirdi ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin sifarişi ilə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsinə başlanıldı. Bu silsilə çərçivəsində Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında ümumilikdə 115 sənədli film çəkildi:
– Mən bunu Qarabağın, bütövlükdə, Azərbaycanın hərb tarixinin salnaməsi kimi qiymətləndirirəm. Gələcəkdə kimsə Birinci və İkinci Qarabağ müharibələri haqqında araşdırma aparmaq, kitab yazmaq, film çəkmək istəsə, bu sənədli filmlərdən mühüm mənbə kimi istifadə edə biləcək. Çünki bunlar bədii filmlər deyil, sənədli ekran əsərləridir. Hər şey olduğu kimi, sənədlərə və real faktlara əsaslanaraq əks etdirilib. Nəticədə, çox böyük və qiymətli arxiv toplanıb.
Vaxtilə BDU-nun jurnalistika fakültəsində şəhid həmkarımızla tələbə yoldaşı olmuş, Azərbaycan Televiziyasında onunla bir redaksiyada işləmiş, Əməkdar jurnalist Tahir Aydınoğlu Alı Mustafayevin jurnalistika sahəsindəki fəaliyyətindən, peşəkarlığından və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi əvəzsiz xidmətlərdən danışdı.
O söylədi ki, jurnalistika fakültəsini bitirən tələbələrin işlə təmin olunmasının çətin olduğu bir dövrdə Alı Mustafayevin birbaşa Dövlət Televiziyasına, özü də ən nüfuzlu redaksiyalardan birinə qəbul olunması onun istedadının göstəricisi idi. Gənc Alı hələ tələbəlik illərindən televiziyada verilişlər aparır, özünəməxsus üslubu, peşəkarlığı və zəhmətkeşliyi ilə seçilirdi. Onun jurnalist fəaliyyəti qısa müddətdə geniş miqyas almış, bölgələrdə çəkilişlərin və reportajların əsas yükü də məhz onun üzərinə düşmüşdü.
Kinematoqrafçılar İttifaqının əməkdaşı, Alı Mustafayevin keçmiş iş yoldaşı Akif Cabbarlı isə qeyd etdi ki, unudulmaz həmkarı bir neçə jurnalistin görə biləcəyi işi təkbaşına yerinə yetirir, hadisələrin mərkəzində olmağa, həqiqətləri ictimaiyyətə çatdırmağa çalışırdı. 1988-ci ildə Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlər onun fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Bölgədə baş verən hadisələr, separatçılıq meyillərinin güclənməsi və sonradan müharibəyə çevrilən proseslər qəhrəmanın jurnalist fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirdi.
Məclisdə o da bildirildi ki, Alı Mustafayev Qarabağda baş verənləri işıqlandırmaqla, mümkün olan bütün vasitələrlə həqiqətləri çatdırmaqla jurnalistikanın yalnız informasiya ötürmək deyil, həm də tarixi məsuliyyət daşımaq olduğunu sübut etdi. O, Qarabağ mövzusunda həqiqətlərin carçısına çevrilərək öz peşəkar fəaliyyəti, cəsarəti və Vətənə bağlılığı ilə Azərbaycan jurnalistikasında silinməz iz qoydu.
Anım gecəsinin sonunda Vətənə, yurda bağlılığı tərənnüm edən musiqilər səsləndirildi.
Fidan ƏLİYEVA
XQ