futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sumqayıt” Misli Premyer Liqasında 9 turdan sonra qələbə qazandı. Saşa İliçin rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Qəbələ”ni minimal hesabla (1:0) məğlub etdi.
Nəticənin “kimyaçılar”ın xeyrinə olmasına baxmayaraq, oyun demək olar, 90 dəqiqə rəqibin üstünlüyü ilə keçdi. “Qəbələ” hər iki hissədə daha çox şans yaratsa da, qol vura bilmədi. “Sumqayıt” qoldan sonra əks-hücumlardan fərqlənməyə hesablanmış oyun sərgiləydi. “Kimyaçılar” əlinə düşən iki belə imkanı isə qaçırdı.
“Qəbələ” autsayder “Karvan-Yevlax”ın qələbə qazandığı, 10-cu “Kəpəz”in isə məğlub olduğu turda irəliləmək şansını boşa verdi. “Sumqayıt” isə xallarını 35-ə çatdıraraq mövqeyində qaldı.
“Kimyaçılar” üçün mövsüm demək olar, bitib. Komanda sonuncu “Karvan-Yevlax”dan 21, 10-cu “Qəbələ”dən isə 16 xal öndədir. “Sumqayıt”ın liqada qalacağı dəqiqdir və artıq komandada əksər oyunçular üçün “çemodan” əhvalı var. Başda baş məşqçi Saşa İliç olmaqla bir çox legionerin də klubdakı taleyi sual altındadır.
“Qəbələ” isə pley-offlara qalmamaq üçün çalışır. Bölgə klubu çempionatda ən çox qol şansı yaradan kollektivlər arasında “üçlük”də olmasına baxmayaraq, 28 turda vurulan qol sayı cəmi 25-dir. Komandada keyfiyyət və təcrübə çatışmazlığı nəticələrdə əksini tapıb.
“Qəbələ”nin növbəti turda rəqibi “Araz-Naxçıvan” olacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Autsayder “Karvan-Yevlax” səfərdə lider “Sabah”la qarşılaşacaq və böyük ehtimalla xal itirəcək. “Kəpəz” isə “Şamaxı”nın qonağı olacaq. Gəncəlilərin də bu matçdan xal qazanmaq şansı azdır. Bunlar fonunda “Qəbələ”nin azarkeşləri önündə “Araz-Naxçıvan”ı məğlub etməsi sona bir ay qalmış komandanı pley-off zonasından çıxara bilər.
Şahin Cəfərov