Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 iyun, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilib.BDU-dan AZƏRTAC-a bildirilib ki, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəliyə salınaraq prioritetə çevrildiyini bildirib.
Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər bu məsələ ölkəmizin gündəliyindən çıxmayacaq.
Bu istiqamətdə BDU-nun Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi mövcuddur.
Layihə çərçivəsində Qərbi Azərbaycan tarixinin aktual problemlərinə həsr olunan elmi seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Əsas məqsəd Qərbi Azərbaycanda kütləvi şəkildə dəyişdirilən bütün hidronim, mahal, kənd, şəhər və digər toponimlərin, erməni vandalizminə məruz qalmış və dağıdılmış dini, tarixi, milli abidələrin xəritələşdirilərək öz əvvəlki adı ilə ölkə və dünya ictimaiyyətinə çatdırılması, təbliğ olunmasıdır.AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri doktoru dosent Güntəkin Nəcəfli dövlətimizin bugünkü sərhədlərindən kənarda qalan böyük etnosiyasi coğrafiyamız - Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli dəyərlərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi məsələlərindən danışıb.
O, Qərbi Azərbaycandakı tarixi yaddaşımızın bərpası üçün ermənidilli mənbə və ədəbiyyatların tədqiqatlara cəlb edilməsinin tarixşünaslığın qarşısında ən önəmli vəzifəyə çevrildiyini deyib: “Müasir Ermənistanın ərazisinin, Qərbi və Şərqi Zəngəzurun, Qarabağın dağlıq hissəsinin mənsubiyyəti məsələsinə qeyri-obyektiv yanaşma, bu torpaqların “əsrlər boyu ermənilərə məxsus olması”, “ermənilərin bu torpaqlarda çoxluq təşkil etməsi” kimi saxta iddialar erməni tarixşünaslığının əsaslarına çevrilib.
Onların yalanlarının geniş və sistemli şəkildə yayılmasında XVIII əsrin əvvəllərindən başlayaraq erməni mxitarist ordeninin xüsusi “xidməti” olub.