Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Prezidentin mədəni irs və qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətindən də göründüyü kimi, Azərbaycan hazırkı Ermənistan Respublikası ərazisində vaxtilə yaşamış və öz dədə-baba torpaqlarına dönmək istəyən azərbaycanlıların geri qayıdış hüququnun bərpasını və təmin olunmasını tamamilə legitim hesab edir.
Bu, bütün dünyada qəbul edilmiş normal praktika və beynəlxalq humanitar hüququn tələbidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətindən danışarkən bildirdi.
O vurğuladı ki, insanların öz evlərinə, öz doğma torpaqlarına qayıtmasını kimlərinsə ərazi bütövlüyünə və ya suverenliyinə qəsd kimi təqdim etmək tamamilə yanlışdır: "Əgər Ermənistandakı revanşistlər bunu belə şərh edirlərsə, deməli, onlar beynəlxalq humanitar hüquqa zidd mövqe sərgiləyirlər.
Çünki hər bir insanın öz dədə-baba yurdunda yaşamaq, əgər oradan qovulubsa, ora geri dönmək hüququ var.
Azərbaycanlılara məxsus mədəni, tarixi və dini irsin dağıdılması faktları da göz önündədir.
Vaxtilə İrəvan şəhərində və digər azərbaycanlıların qurub-yaratdığı, yaşadığı ərazilərdə onlarla, yüzlərlə minarələr, məscidlər və digər tarixi-mədəni abidələr mövcud idi.