Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Pulu Rusiyadan, silahı Fransadan alan Ermənistan nəyə ümid bəsləyir?
Görünən odur ki, rəsmi İrəvanın reallığa adekvat olmayan davranışları hakimiyyətin həm daxildəki, həm də xaricdəki siyasi mövqelərinə ciddi ziyan vurmaqdadır.
Baş nazirin saxta sülh ritorikası inandırıcılıq əmsalını itirdiyi kimi, gah Qərbin, gah da Rusiyanın ünvanına dediyi “strateji müttəfiqlik” tezisləri də göydən asılı qalıb.
Bunu İrəvana səfərləri intensivləşmiş rəsmi qonaqların sonrakı qırımından da görmək mümkündür.
Misal üçün, Ermənistanda rəsmi səfərdə olan Rusiya XİN-in başçısı Sergey Lavrovun açıqlamaları təkcə ölkə daxilində deyil, xaricdə də əhəmiyyətli dərəcədə ajiotaj yaradıb.
Bunun da səbəbi məlumdur: Ermənistan hakimiyyəti son vaxtlar həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda Avrasiya vektorundan mümkün qədər uzaqlaşmanın israrlı istəyini nümayiş etdirir.
Məhz bu kontekstdə, bir növ, özünəməxsus “sensasiya” baş verdi.
Məsələ, ümumiyyətlə, Rusiyanın baş diplomatının bəyanatlarında deyil, onun erməni həmkarı Ararat Mirzoyanın Paşinyan və komandasının apardığı anti-Avrasiya siyasətinə zidd bəyanatlarındadır.