“Qırmızı furiya”nın ustad dərsi

04.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ronaldonun pley-off lənətini qıran qolu

Futbol üzrə 2026-cı il Dünya çempionatınun 1/16 final mərhələsi­nin daha 3 görüşü iyulun 2-si axşamı və 3-ü gecəsi başa çatıb: İspa­niya – Avstriya, Portuqaliya – Xorvatiya və İsveçrə – Əlcəzair. Belə­liklə, bu qarşılaşmalarda növbəti turda oynayacaq daha 3 komanda müəyyən edilib. 

İspaniya Dünya çempionatının 1/16 final mərhələsində Avstriyaya qarşı 3-0 hesablı oyunda heç bir problem yaşa­madı. İspanlar turnirdə ardıcıl 4-cü dəfə qapılarını toxunulmaz saxlamağı ba­cardılar. Oxşar rekordla hazırda yalnız Meksika millisi öyünə bilər. Bu matçın ən vacib nəticəsi o idi ki, “qırmızı furi­ya” turnirin favoritlərindən biri olduğu­nu təsdiqlədi. 

Pley-offun ilk turundakı əvvəlki matçlar göstərdi ki, açıq-aşkar favorit olmaq, ən yaxşı komandalar üçün belə heç nəyi təmin etmir. Braziliya və İn­giltərə matçlar boyu müqavimət göstə­rib, matçın sonlarında qələbəni əldə edə bildilər. Paraqvayla oyundan əvvəl irə­liləmək üçün 90 faiz şansı olsa da, Al­maniya erkən mərhələdə mübarizədən kənarlaşdırıldı. İspaniyanın da oxşar üstünlüyü var idi, amma onlar arxayın­laşmağın acı nəticələr verə bildiyini elə bu turnirdə gördülər. 

Mülahizələri bir kənara qoyub, mundialın ən baxımlı oyununun ke­çirildiyi ABŞ-ın İnqlvud şəhərindəki “SoFi” stadionuna, İspaniya – Avstriya matçına diqqət edək. Bəri başdan de­yim ki, İspaniya bu performansla bir çox tanınmış futbol mütəxəssislərinin və şərhçilərin pessimist proqnozlarını alt-üst etdi və çempion titulu uğrunda mübarizə aparan, turnirin əsas favoriti hesab edilən Fransanın finala çıxma­sının qarşısını almağa qadir yeganə komanda olduğunu nümayiş etdirdi. Çünki əgər hər iki komanda növbəti iki turu keçərsə, yarımfinalda qarşılaşacaq. “Qırmızı furiya”nın 1/16 finala yüksəl­məsi isə elə həmin gecə Xorvatiya ilə qarşılaşmada qalib gəlib növbəti tura vəsiqə qazanan Portuqaliya üçün heç də yaxşı xəbər olmadı. 

Əlbəttə ki, Kabo-Verdeyə qarşı zəif başlanğıc Səudiyyə Ərəbistanını dar­madağın etməklə kompensasiya edildi, lakin sonra çətin vəziyyətdə olan Uruq­vay üzərində kiçik hesabla qələbə qa­zanıldı. Hətta bu qələbə də Musleranın kobud səhvi ucbatından mümkün oldu. Beləliklə, ispan məşqçilərinin Avstriya ilə bağlı narahatlığına səbəb var idi: Yamal zədədən yeni qayıtmışdı, Ferran Torres hələ də heç bir qol vurmamışdı və Avstriyanın ümumi qol nisbəti İspa­niyaya qarşı asanlıqla oynaya biləcək­lərini göstərirdi. Hətta qapılarının qar­şısına “avtobus” qoymağa da ehtiyac görmürdülər.

Elə buna görə Avstriya oyuna çox cəsarətlə başladı. Gərgin təzyiqi və in­tizamı ilə Ralf Ranqnikin komandası çempionluğa əsas namizədlərdən birinə problem yarada biləcək kimi görünür­dü. İlk dəqiqələrdən yüksək müdafiə xəttindən istifadə etsələr də, bir neçə cəhddən sonra cərimə meydançalarına doğru geri çəkildilər. Başa düşdülər ki, bu onların gözlədiyi İspaniya deyil. De la Fuentenin “dəstəsi” rəqib meydanı­na çox yumşaq daxil olmağa başladı, amma 30-cu dəqiqəyə qədər meydan­dakı vəziyyət artıq güclü nokautdan əvvəl rəqibin “şiddətli döyülməsinə” bənzəyirdi.

Bu turnirdə dəfələrlə baş verdiyi kimi, hissənin ortalarında 3 dəqiqə­lik fasilədən sonra çox şey dəyişdi. İspanlar artıq topu sadəcə özlərində saxlamadılar, əksinə, fərqli sürətlə oy­namağa başladılar. Avstriyalılar kifayət qədər tez ötürmə edə bilmədilər və bu da qapılarının yaxınlığında tez-tez qol vəziyyətlərinin yaranmasına gətirib çıxarırdı. 

Ən əsası, Yamalı dayandırmaq üçün öz mövqeyindən sağ cinaha çə­kilən Laymer üçün çox çətin idi. Bəlkə də sadə azarkeşlər düşünə bilər ki, Lamin möhtəşəm və ya qeyri-adi bir şey etmədi, amma öz cinahında rəqi­bi “məşhər ayağına” çəkməyi bacar­dı: topu bir neçə dəfə Laymerin, hətta tez-tez müdafiənin köməyinə gələn Sabitzerin belə ayaqlarının arasından keçirdi, cərimə meydançasına mərkəz­dən deyil, cinahdan daxil oldu. 18 yaşlı vunder-kindin 30-cu dəqiqədə vurdu­ğu mükəmməl künc zərbəsindən sonra Kukurelya hesabı açdı. Amma isveçli hakim Qlenn Nyüberq Avstriyanın qa­pıçısına edilən təzyiq səbəbindən qolu hesaba almayıb Ranqnikin komanda­sını hələlik xilas etdi. Yeri gəlmişkən, son dərəcə mübahisəli bir qərar idi və UEFA-nın keçirdiyi turnirlərdə belə qollar heç VAR-da belə yoxlanılmır və hesaba alınır. Amma “çi-fayda” İspa­niya ilk hissədən qolsuz ayrılmadı və cəmi 1 dəqiqə sonra hakimin qərarının nəticəyə təsir etməyəcəyi məlum oldu. Pedri və Kukurelya ilə oyun Oyarzaba­lın qolu ilə başa çatdı və o, turnirdəki 3-cü qolunu vurdu.

İspaniya nəhayət ki, yüksək sürə­tini “qoşdu” və Avstriyaya nəfəs dər­mək şansı belə vermədi. Ralf Ranqnik çox şanslı idi ki, fasilədən əvvəl yalnız Oyarzabal qol vurmuşdu. İlk hissənin sonunda “Qırmızı furiya”nın üstünlü­yü daha böyük ola bilərdi, amma son məqamlarda Avstriyanın bəxti gətirirdi. Aleks Baenanın möhtəşəm cərimə zər­bəsi dirəyə dəydi və sonra Şlager güclü zərbə endirən Yamalın qol vurmasına mane ola bildi.

Luis de la Fuentenin komandası sözün əsl mənasında Los-Ancelesdə ustad dərsi keçirdi. Qrup mərhələsinin sonunda İspaniya gözlənilən iki əsas göstəricidə liderlik etdi: topa sahib ol­maq 69 faiz, ötürmələrin tamamlanma nisbəti 92 faiz. “Qırmızı furiya” həmçi­nin klassik üslubunu avstriyalılara dik­tə etdi, onlar topu görür, amma ayaqla çox az toxunurdular.

İlk hissədə Ranqnikin komandası əks-hücum əlaməti belə göstərmədi. Gözlənilirdi ki, soyunub-geyinmə ota­ğında Avstriya son dərəcə sürətli keçən oyunun gedişini dəyişdirmək taktikası seçə bilər. Bu baş vermədi, əvəzində Ranqnik 60-cı dəqiqədə Arnautoviç və Kalaydjiçi meydana buraxdı. Amma ikinci hissənin əvvəlindən də aydın gö­rünürdü ki, qolu axtaran Avstriya deyil, İspaniyadır. Qrilliç, Çukvuemeka, Ka­laydjiç və Arnautoviçin meydana daxil olması heç nəyi dəyişmədi. Doğrudur, Kalaydjiçin qol vurmağa əla şansı var idi - o, cinahdan diaqonal ötürməni ələ keçirməli, hesabı bərabərləşdirməli və İspaniyanın psixoloji cəhətdən sarsıl­masına cəhd etməli idi. Lakin o, topu qapının üstündən vurdu və Avstriya daha bir neçə təhlükəli hücumlara mə­ruz qaldı. 

Avstriyanın məşhur pressinqi “dişsiz” görünürdü, İspaniya isə ardı­cıl topu ələ keçirərək rəqib qapısının yaxınlığında təhlükəli vəziyyətlər ya­ratmağa davam edirdi. Oyunun bu ge­dişatı ilə ikinci qolun vurulması yalnız zaman məsələsi idi. Qaliblə bağlı bütün şübhələr 66-cı dəqiqədə mövqe hücumu nəticəsində aradan qaldırıldı. Sürətli əks-pressinq zərbələri, Olmonun yaxın məsafədən zərbəsi, topa yiyələnən Bae­nanın parlaq ötürməsi və nəzarətsiz qa­lan Pedro Porronun boşluğa girib başla qapının sağ küncünə atdığı qol - hamısı sürətli və dəqiq yerinə yetirildi: 2:0.

İspaniyanın inandırıcı qələbə qa­zanmaq üçün böyük səy göstərməsinə belə ehtiyac yox idi. Üstəlik, “qırmızı furiya” sübut etdi ki, o, bir nəfərin ko­mandası deyil. Doğrudur, Yamal hələ ən yaxşı oyununu göstərmir, baxma­yaraq ki, ikinci hissənin sonlarında da İspaniyanın üstünlüyünü artırmaq üçün ulduz futbolçunun əla şansı var idi. 19 nömrəli oyunçunun qapı xəttinə vur­duğu zərbəni Alaba dəf etdi. Lakin heç kim Oyarzabalın 2-ci, komandasının 3-cü qolu vurmasına mane ola bilmədi. İlk hissədə olduğu kimi, bu qolun yar­dımçısı da, bir ötürmə ilə rəqibin bütün müdafiəsini qabaqlayan sağ kənar hü­cumçusu Mark Kukurelya oldu. 

Bu qola qədər qalibin kimliyi haqqında suala çoxdan aydınlıq gəl­mişdi və ikinci qoldan sonra İspaniya sadəcə gərgin sonluqdan yayınaraq 1/8 final üçün “yanacağa” qənaət etmək məqsədilə “eko rejimə” keçmişdi. Bu mərhələdə isə De la Fuentenin koman­dası Xorvatiya üzərində çətin qələbə qazanan Portuqaliya ilə qarşılaşacaq. Açığı, bu cütlüyün heç birinə həsəd aparmaq olmaz.

Amma Avstriya ilə matç gösərdi ki, İspaniya qayıdıb və məndə elə bir hiss var ki, Protuqaliya ilə matçda favorit məhz “qırmızı furiya” olacaq.

* * * 

İyulun 3-də Bakı vaxtı ilə gecə ya­rısı saat 03:00-da Kanadanın Toronto şəhərindəki “BMO Field” stadionunda baş tutan Portuqaliya - Xorvatiya matçı da bir çox məqamlarla diqqət çəkirdi. 

Oyunu əlamətdar edən məqam­lardan biri o idi ki, vaxtilə “Real Madrid”də birgə top qovan Kriştiano Ronaldo və Luka Modriç artıq neçənci dəfə idi ki, bir-birinə qarşı oynayacaq­dılar. Amma bu matç indi onların Dün­ya çempionatı turnirlərində meydana çıxdıqları, çox güman ki, sonuncu oyun idi.

Əslində, oyunda böyük kapitanlar arasında düşmənçiliyə yer yox idi. Nə­ticədən asılı olmayaraq, milli komanda ilə “son rəqsinə” çıxan Ronaldo Luka­nı keçərək pley-off matçında bosniyalı Dzekodan (41 il 147 gün) meydanda olan ən yaşlı oyunçu titulunu alacaqdı. Lakin bu, onların 1/8 finala vəsiqə qa­zanmaq şanslarına xoş bir bonus idi. 

Beləliklə, oyunda iddiasını ilk orta­ya qoyan portuqaliyalı oldu və o, çox güclü debüt etdi. Nəhayət, start heyə­tində yer alan Rafael Leao Nuno Men­deşin ötürməsinə sürətli keçid edərək və topu cərimə meydançasının mərkə­zinə atdı, lakin Bruno Fernandeş ikiqat cəhddən yararlana bilmədi. Livakoviç küncdəki ilk zərbəni dayandırdı və xor­vat müdafiəçilər təkrar zərbəni dəf et­dilər. Sonra künc zərbəsini tamamlayan Renato Veyqa qol vurmağa yaxın oldu. Balkan müdafiəsi bir neçə məqamda fədakarlıq edərək Pedro Neto və Ronal­donun qapı meydançasında topa çatma­sına mane oldular. 

Turnirdə rast gəlinən nadir hallar­dan biri idi ki, su fasiləsindən sonra oyunun mahiyyəti dəyişmədi. İlk 45 dəqiqədə Zlatko Daliçin komandası rəqib meydanında heç nə edə bilmədi. 

Vəziyyət ikinci hissədə dəyişməyə başladı, “dama”lıların yeni hücum­çu Matanoviç Budimirin əvəzinə ön cəbhədə işə başladı. Nəhayət, Kovaçiç cərimə meydançasına girəndə avro­palılar ümidverici bir fürsət qazanma­ğa yaxın oldular, lakin o, büdrəyərək müqavimətini itirdi və künc zərbəsi ilə kifayətləndi. Bundan əvvəl isə por­tuqaliyalı Mendeş parlaq hücumu boşa vermişdi. Zərbəni özü vurmaq yerinə, müdafiəçi topu Ronaldoya tərəf yönəlt­di və Kriştiano cərimə meydançasında matçın ilk toxunuşunu edə bilmədi. Bu arada Xorvatiya hücumda daha təsirli olduğunu sübut etdi. Ruben Dias Stani­şiçin ötürməsini lazımi şəkildə bloklaya bilmədi, Joao Kanselo da ciddi mövqe səhvi etdi və topun, fürsəti qaçırmayan Perişiçin ayağına düşməsinə imkan verdi – qoool! Bununla da 37 yaşlı İvan Perişiç “dama”lıların Dünya çempiona­tında ən çox qol vuran oyunçusu Davor Şukerin titulunu əlindən aldı. 

Xorvatların qoluna cavab olaraq, Leao güclü zərbə ilə dirəyi silkələdi. Sonra komandalar ofsayd qolları ilə mübadilə etdilər. Roberto Martinez dörd oyunçu dəyişikliyi etdikdən son­ra VAR hakimə Vlaşiçin Veyqaya qarşı qayda pozuntusunu müəyyən etməyə kömək etdi. Penalti zərbəsi və Ronal­donun nöqtədən vurduğu qol, nəhayət, pley-offun lənətini qırdı: beləcə, Ronal­do Dünya çempionatında 11-ci qolunu pley-off matçında vurdu. Bu, kapitanın meydandakı son diqqətəlayiq hərəkəti oldu: 7 dəqiqə sonra o, əvəzetmədən şoka düşərək meydanı tərk etdi. Marti­nez qrup mərhələsində daha aşkar və­ziyyətlərdə cəsarət etmədiyi bir addımı atdı. 

Xorvatiya Kriştianonun qolu ilə əvəzetməsi arasında üç dəfə qol vur­mağa yaxın oldu, lakin Dieqo Koşta Kovaçiç və Matanoviçin qol vurması­nın qarşısını aldı. Suçiç isə oyundan kə­nar vəziyyətdən topu qapıya göndərdi. Buna cavab olaraq Qonsalo Ramuş əsas vaxta əlavə olunmuş 10 dəqiqənin dör­düncüsündə hər şeyi qaydalara uyğun etdi: Leaonun hava ötürməsinə sıçradı və 2 rəqibindən də yüksəyə tullanaraq topu qapıya göndərdi. Deyərsiz, Mar­tinez dahidir? Qətiyyən yox. O, məhz doğru olan qərarlar qəbul etdi və bu, öz bəhrəsini verdi. Hesab isə final fitindən bir az əvvəl Xorvatiyanın qolu drama­tik şəkildə hesaba alınmayandan sonra, dəyişməz qaldı. Modriç gedir, amma Ronaldonun İspaniyaya qarşı özünü sü­but etmək şansı qalır.

Ötən günün ikinci matçı isə İsveç­rə ilə Əlcəzair qarşılaşması oldu. 2:0 hesablı qələbə qazanan Avropa təmsil­çiləri 1/8 finala vəsiqəni təmin ediblər. Onlar bu turda Kolumbiya – Qana mat­çının qalibi ilə qarşılaşacaqlar. 

İlqar RÜSTƏMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью