“Qırmızı furiya”nın ustad dərsi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Ronaldonun pley-off lənətini qıran qolu
Futbol üzrə 2026-cı il Dünya çempionatınun 1/16 final mərhələsinin daha 3 görüşü iyulun 2-si axşamı və 3-ü gecəsi başa çatıb: İspaniya – Avstriya, Portuqaliya – Xorvatiya və İsveçrə – Əlcəzair. Beləliklə, bu qarşılaşmalarda növbəti turda oynayacaq daha 3 komanda müəyyən edilib.
İspaniya Dünya çempionatının 1/16 final mərhələsində Avstriyaya qarşı 3-0 hesablı oyunda heç bir problem yaşamadı. İspanlar turnirdə ardıcıl 4-cü dəfə qapılarını toxunulmaz saxlamağı bacardılar. Oxşar rekordla hazırda yalnız Meksika millisi öyünə bilər. Bu matçın ən vacib nəticəsi o idi ki, “qırmızı furiya” turnirin favoritlərindən biri olduğunu təsdiqlədi.
Pley-offun ilk turundakı əvvəlki matçlar göstərdi ki, açıq-aşkar favorit olmaq, ən yaxşı komandalar üçün belə heç nəyi təmin etmir. Braziliya və İngiltərə matçlar boyu müqavimət göstərib, matçın sonlarında qələbəni əldə edə bildilər. Paraqvayla oyundan əvvəl irəliləmək üçün 90 faiz şansı olsa da, Almaniya erkən mərhələdə mübarizədən kənarlaşdırıldı. İspaniyanın da oxşar üstünlüyü var idi, amma onlar arxayınlaşmağın acı nəticələr verə bildiyini elə bu turnirdə gördülər.
Mülahizələri bir kənara qoyub, mundialın ən baxımlı oyununun keçirildiyi ABŞ-ın İnqlvud şəhərindəki “SoFi” stadionuna, İspaniya – Avstriya matçına diqqət edək. Bəri başdan deyim ki, İspaniya bu performansla bir çox tanınmış futbol mütəxəssislərinin və şərhçilərin pessimist proqnozlarını alt-üst etdi və çempion titulu uğrunda mübarizə aparan, turnirin əsas favoriti hesab edilən Fransanın finala çıxmasının qarşısını almağa qadir yeganə komanda olduğunu nümayiş etdirdi. Çünki əgər hər iki komanda növbəti iki turu keçərsə, yarımfinalda qarşılaşacaq. “Qırmızı furiya”nın 1/16 finala yüksəlməsi isə elə həmin gecə Xorvatiya ilə qarşılaşmada qalib gəlib növbəti tura vəsiqə qazanan Portuqaliya üçün heç də yaxşı xəbər olmadı.
Əlbəttə ki, Kabo-Verdeyə qarşı zəif başlanğıc Səudiyyə Ərəbistanını darmadağın etməklə kompensasiya edildi, lakin sonra çətin vəziyyətdə olan Uruqvay üzərində kiçik hesabla qələbə qazanıldı. Hətta bu qələbə də Musleranın kobud səhvi ucbatından mümkün oldu. Beləliklə, ispan məşqçilərinin Avstriya ilə bağlı narahatlığına səbəb var idi: Yamal zədədən yeni qayıtmışdı, Ferran Torres hələ də heç bir qol vurmamışdı və Avstriyanın ümumi qol nisbəti İspaniyaya qarşı asanlıqla oynaya biləcəklərini göstərirdi. Hətta qapılarının qarşısına “avtobus” qoymağa da ehtiyac görmürdülər.
Elə buna görə Avstriya oyuna çox cəsarətlə başladı. Gərgin təzyiqi və intizamı ilə Ralf Ranqnikin komandası çempionluğa əsas namizədlərdən birinə problem yarada biləcək kimi görünürdü. İlk dəqiqələrdən yüksək müdafiə xəttindən istifadə etsələr də, bir neçə cəhddən sonra cərimə meydançalarına doğru geri çəkildilər. Başa düşdülər ki, bu onların gözlədiyi İspaniya deyil. De la Fuentenin “dəstəsi” rəqib meydanına çox yumşaq daxil olmağa başladı, amma 30-cu dəqiqəyə qədər meydandakı vəziyyət artıq güclü nokautdan əvvəl rəqibin “şiddətli döyülməsinə” bənzəyirdi.
Bu turnirdə dəfələrlə baş verdiyi kimi, hissənin ortalarında 3 dəqiqəlik fasilədən sonra çox şey dəyişdi. İspanlar artıq topu sadəcə özlərində saxlamadılar, əksinə, fərqli sürətlə oynamağa başladılar. Avstriyalılar kifayət qədər tez ötürmə edə bilmədilər və bu da qapılarının yaxınlığında tez-tez qol vəziyyətlərinin yaranmasına gətirib çıxarırdı.
Ən əsası, Yamalı dayandırmaq üçün öz mövqeyindən sağ cinaha çəkilən Laymer üçün çox çətin idi. Bəlkə də sadə azarkeşlər düşünə bilər ki, Lamin möhtəşəm və ya qeyri-adi bir şey etmədi, amma öz cinahında rəqibi “məşhər ayağına” çəkməyi bacardı: topu bir neçə dəfə Laymerin, hətta tez-tez müdafiənin köməyinə gələn Sabitzerin belə ayaqlarının arasından keçirdi, cərimə meydançasına mərkəzdən deyil, cinahdan daxil oldu. 18 yaşlı vunder-kindin 30-cu dəqiqədə vurduğu mükəmməl künc zərbəsindən sonra Kukurelya hesabı açdı. Amma isveçli hakim Qlenn Nyüberq Avstriyanın qapıçısına edilən təzyiq səbəbindən qolu hesaba almayıb Ranqnikin komandasını hələlik xilas etdi. Yeri gəlmişkən, son dərəcə mübahisəli bir qərar idi və UEFA-nın keçirdiyi turnirlərdə belə qollar heç VAR-da belə yoxlanılmır və hesaba alınır. Amma “çi-fayda” İspaniya ilk hissədən qolsuz ayrılmadı və cəmi 1 dəqiqə sonra hakimin qərarının nəticəyə təsir etməyəcəyi məlum oldu. Pedri və Kukurelya ilə oyun Oyarzabalın qolu ilə başa çatdı və o, turnirdəki 3-cü qolunu vurdu.
İspaniya nəhayət ki, yüksək sürətini “qoşdu” və Avstriyaya nəfəs dərmək şansı belə vermədi. Ralf Ranqnik çox şanslı idi ki, fasilədən əvvəl yalnız Oyarzabal qol vurmuşdu. İlk hissənin sonunda “Qırmızı furiya”nın üstünlüyü daha böyük ola bilərdi, amma son məqamlarda Avstriyanın bəxti gətirirdi. Aleks Baenanın möhtəşəm cərimə zərbəsi dirəyə dəydi və sonra Şlager güclü zərbə endirən Yamalın qol vurmasına mane ola bildi.
Luis de la Fuentenin komandası sözün əsl mənasında Los-Ancelesdə ustad dərsi keçirdi. Qrup mərhələsinin sonunda İspaniya gözlənilən iki əsas göstəricidə liderlik etdi: topa sahib olmaq 69 faiz, ötürmələrin tamamlanma nisbəti 92 faiz. “Qırmızı furiya” həmçinin klassik üslubunu avstriyalılara diktə etdi, onlar topu görür, amma ayaqla çox az toxunurdular.
İlk hissədə Ranqnikin komandası əks-hücum əlaməti belə göstərmədi. Gözlənilirdi ki, soyunub-geyinmə otağında Avstriya son dərəcə sürətli keçən oyunun gedişini dəyişdirmək taktikası seçə bilər. Bu baş vermədi, əvəzində Ranqnik 60-cı dəqiqədə Arnautoviç və Kalaydjiçi meydana buraxdı. Amma ikinci hissənin əvvəlindən də aydın görünürdü ki, qolu axtaran Avstriya deyil, İspaniyadır. Qrilliç, Çukvuemeka, Kalaydjiç və Arnautoviçin meydana daxil olması heç nəyi dəyişmədi. Doğrudur, Kalaydjiçin qol vurmağa əla şansı var idi - o, cinahdan diaqonal ötürməni ələ keçirməli, hesabı bərabərləşdirməli və İspaniyanın psixoloji cəhətdən sarsılmasına cəhd etməli idi. Lakin o, topu qapının üstündən vurdu və Avstriya daha bir neçə təhlükəli hücumlara məruz qaldı.
Avstriyanın məşhur pressinqi “dişsiz” görünürdü, İspaniya isə ardıcıl topu ələ keçirərək rəqib qapısının yaxınlığında təhlükəli vəziyyətlər yaratmağa davam edirdi. Oyunun bu gedişatı ilə ikinci qolun vurulması yalnız zaman məsələsi idi. Qaliblə bağlı bütün şübhələr 66-cı dəqiqədə mövqe hücumu nəticəsində aradan qaldırıldı. Sürətli əks-pressinq zərbələri, Olmonun yaxın məsafədən zərbəsi, topa yiyələnən Baenanın parlaq ötürməsi və nəzarətsiz qalan Pedro Porronun boşluğa girib başla qapının sağ küncünə atdığı qol - hamısı sürətli və dəqiq yerinə yetirildi: 2:0.
İspaniyanın inandırıcı qələbə qazanmaq üçün böyük səy göstərməsinə belə ehtiyac yox idi. Üstəlik, “qırmızı furiya” sübut etdi ki, o, bir nəfərin komandası deyil. Doğrudur, Yamal hələ ən yaxşı oyununu göstərmir, baxmayaraq ki, ikinci hissənin sonlarında da İspaniyanın üstünlüyünü artırmaq üçün ulduz futbolçunun əla şansı var idi. 19 nömrəli oyunçunun qapı xəttinə vurduğu zərbəni Alaba dəf etdi. Lakin heç kim Oyarzabalın 2-ci, komandasının 3-cü qolu vurmasına mane ola bilmədi. İlk hissədə olduğu kimi, bu qolun yardımçısı da, bir ötürmə ilə rəqibin bütün müdafiəsini qabaqlayan sağ kənar hücumçusu Mark Kukurelya oldu.
Bu qola qədər qalibin kimliyi haqqında suala çoxdan aydınlıq gəlmişdi və ikinci qoldan sonra İspaniya sadəcə gərgin sonluqdan yayınaraq 1/8 final üçün “yanacağa” qənaət etmək məqsədilə “eko rejimə” keçmişdi. Bu mərhələdə isə De la Fuentenin komandası Xorvatiya üzərində çətin qələbə qazanan Portuqaliya ilə qarşılaşacaq. Açığı, bu cütlüyün heç birinə həsəd aparmaq olmaz.
Amma Avstriya ilə matç gösərdi ki, İspaniya qayıdıb və məndə elə bir hiss var ki, Protuqaliya ilə matçda favorit məhz “qırmızı furiya” olacaq.
* * *
İyulun 3-də Bakı vaxtı ilə gecə yarısı saat 03:00-da Kanadanın Toronto şəhərindəki “BMO Field” stadionunda baş tutan Portuqaliya - Xorvatiya matçı da bir çox məqamlarla diqqət çəkirdi.
Oyunu əlamətdar edən məqamlardan biri o idi ki, vaxtilə “Real Madrid”də birgə top qovan Kriştiano Ronaldo və Luka Modriç artıq neçənci dəfə idi ki, bir-birinə qarşı oynayacaqdılar. Amma bu matç indi onların Dünya çempionatı turnirlərində meydana çıxdıqları, çox güman ki, sonuncu oyun idi.
Əslində, oyunda böyük kapitanlar arasında düşmənçiliyə yer yox idi. Nəticədən asılı olmayaraq, milli komanda ilə “son rəqsinə” çıxan Ronaldo Lukanı keçərək pley-off matçında bosniyalı Dzekodan (41 il 147 gün) meydanda olan ən yaşlı oyunçu titulunu alacaqdı. Lakin bu, onların 1/8 finala vəsiqə qazanmaq şanslarına xoş bir bonus idi.
Beləliklə, oyunda iddiasını ilk ortaya qoyan portuqaliyalı oldu və o, çox güclü debüt etdi. Nəhayət, start heyətində yer alan Rafael Leao Nuno Mendeşin ötürməsinə sürətli keçid edərək və topu cərimə meydançasının mərkəzinə atdı, lakin Bruno Fernandeş ikiqat cəhddən yararlana bilmədi. Livakoviç küncdəki ilk zərbəni dayandırdı və xorvat müdafiəçilər təkrar zərbəni dəf etdilər. Sonra künc zərbəsini tamamlayan Renato Veyqa qol vurmağa yaxın oldu. Balkan müdafiəsi bir neçə məqamda fədakarlıq edərək Pedro Neto və Ronaldonun qapı meydançasında topa çatmasına mane oldular.
Turnirdə rast gəlinən nadir hallardan biri idi ki, su fasiləsindən sonra oyunun mahiyyəti dəyişmədi. İlk 45 dəqiqədə Zlatko Daliçin komandası rəqib meydanında heç nə edə bilmədi.
Vəziyyət ikinci hissədə dəyişməyə başladı, “dama”lıların yeni hücumçu Matanoviç Budimirin əvəzinə ön cəbhədə işə başladı. Nəhayət, Kovaçiç cərimə meydançasına girəndə avropalılar ümidverici bir fürsət qazanmağa yaxın oldular, lakin o, büdrəyərək müqavimətini itirdi və künc zərbəsi ilə kifayətləndi. Bundan əvvəl isə portuqaliyalı Mendeş parlaq hücumu boşa vermişdi. Zərbəni özü vurmaq yerinə, müdafiəçi topu Ronaldoya tərəf yönəltdi və Kriştiano cərimə meydançasında matçın ilk toxunuşunu edə bilmədi. Bu arada Xorvatiya hücumda daha təsirli olduğunu sübut etdi. Ruben Dias Stanişiçin ötürməsini lazımi şəkildə bloklaya bilmədi, Joao Kanselo da ciddi mövqe səhvi etdi və topun, fürsəti qaçırmayan Perişiçin ayağına düşməsinə imkan verdi – qoool! Bununla da 37 yaşlı İvan Perişiç “dama”lıların Dünya çempionatında ən çox qol vuran oyunçusu Davor Şukerin titulunu əlindən aldı.
Xorvatların qoluna cavab olaraq, Leao güclü zərbə ilə dirəyi silkələdi. Sonra komandalar ofsayd qolları ilə mübadilə etdilər. Roberto Martinez dörd oyunçu dəyişikliyi etdikdən sonra VAR hakimə Vlaşiçin Veyqaya qarşı qayda pozuntusunu müəyyən etməyə kömək etdi. Penalti zərbəsi və Ronaldonun nöqtədən vurduğu qol, nəhayət, pley-offun lənətini qırdı: beləcə, Ronaldo Dünya çempionatında 11-ci qolunu pley-off matçında vurdu. Bu, kapitanın meydandakı son diqqətəlayiq hərəkəti oldu: 7 dəqiqə sonra o, əvəzetmədən şoka düşərək meydanı tərk etdi. Martinez qrup mərhələsində daha aşkar vəziyyətlərdə cəsarət etmədiyi bir addımı atdı.
Xorvatiya Kriştianonun qolu ilə əvəzetməsi arasında üç dəfə qol vurmağa yaxın oldu, lakin Dieqo Koşta Kovaçiç və Matanoviçin qol vurmasının qarşısını aldı. Suçiç isə oyundan kənar vəziyyətdən topu qapıya göndərdi. Buna cavab olaraq Qonsalo Ramuş əsas vaxta əlavə olunmuş 10 dəqiqənin dördüncüsündə hər şeyi qaydalara uyğun etdi: Leaonun hava ötürməsinə sıçradı və 2 rəqibindən də yüksəyə tullanaraq topu qapıya göndərdi. Deyərsiz, Martinez dahidir? Qətiyyən yox. O, məhz doğru olan qərarlar qəbul etdi və bu, öz bəhrəsini verdi. Hesab isə final fitindən bir az əvvəl Xorvatiyanın qolu dramatik şəkildə hesaba alınmayandan sonra, dəyişməz qaldı. Modriç gedir, amma Ronaldonun İspaniyaya qarşı özünü sübut etmək şansı qalır.
Ötən günün ikinci matçı isə İsveçrə ilə Əlcəzair qarşılaşması oldu. 2:0 hesablı qələbə qazanan Avropa təmsilçiləri 1/8 finala vəsiqəni təmin ediblər. Onlar bu turda Kolumbiya – Qana matçının qalibi ilə qarşılaşacaqlar.
İlqar RÜSTƏMOV
XQ
Baxış sayı:98
Bu xəbər 04 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















