Qlobal güc balansının transformasiyası: yeni dünya nizamında risklər və imkanlar

30.01.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“XXI əsrin ikinci rübünə doğru beynəlxalq münasibətlər sistemi köklü dəyişiklik mərhələsinə daxil olub. Uzun illər liberal beynəlxalq nizamın əsas dayağı hesab edilən ABŞ-ın qlobal liderliyi, Qərbin institusional dominantlığı və “vahid mərkəzli dünya” anlayışı getdikcə daha çox sual altına düşür. Paralel olaraq, Çin, Rusiya, regional güclər və qeyri-Qərb blokları yeni dünya nizamının konturlarını formalaşdırmağa çalışır. Bu proses bir neçə fundamental sualı gündəmə gətirir. ABŞ-ın zəiflədiyi fikri son illərdə beynəlxalq siyasi diskursun əsas mövzularından biridir. Bu iddianı dəstəkləyən arqumentlər kifayət qədərdir: daxili siyasi qütbləşmə, borc yükünün artması, Yaxın Şərqdə və Əfqanıstanda uğursuzluqlar, müttəfiqlərlə münasibətlərdə etimad böhranı, eləcə də Çinlə iqtisadi və texnoloji rəqabətdə çətinliklər. Lakin bu zəifləməni “strateji süqut” kimi qiymətləndirmək tələskənlik olardı”.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ hələ də dünyanın ən böyük iqtisadiyyatlarından biridir, dollar qlobal maliyyə sisteminin əsas valyutası olaraq qalır, hərbi və texnoloji üstünlükləri isə əksər rəqiblərindən irəlidədir. Bu baxımdan, ABŞ-nin mövcud vəziyyəti daha çox nisbi güc azalması, yəni digər aktorların yüksəlişi fonunda əvvəlki hegemon mövqeyinin zəifləməsi kimi dəyərləndirilə bilər. Deməli, söhbət tam zəifləmədən deyil, keçid dövründən gedir.

Nicat İsmayılov

Nicat İsmayılov qeyd edib ki, çoxqütblü dünya nizamının formalaşması kiçik və orta dövlətlər üçün həm risklər, həm də imkanlar yaradır: “Birqütblü sistemdə kiçik dövlətlər əsasən böyük gücün orbitində qalmağa məcbur idilər. Yeni şəraitdə isə müxtəlif güc mərkəzləri arasında balans siyasəti aparmaq, alternativ tərəfdaşlar seçmək və milli maraqları daha çevik şəkildə qorumaq imkanı yaranır. Lakin bu imkanlar avtomatik üstünlük demək deyil. Çoxqütblü sistemdə beynəlxalq qaydaların zəifləməsi, güc siyasətinin artması kiçik dövlətləri təzyiqlərə daha açıq hala gətirə bilər. Bu səbəbdən manevr imkanlarının artması yalnız güclü diplomatiya, iqtisadi dayanıqlıq və daxili siyasi sabitliklə müşayiət olunarsa real üstünlüyə çevrilə bilər. Əks halda, kiçik dövlətlər böyük güclərin rəqabət meydanına çevrilə bilər”.

Politoloqun fikrincə, Çinin son onilliklərdə nümayiş etdirdiyi iqtisadi yüksəliş “Çin modeli” anlayışını qlobal müzakirə predmetinə çevirib: “Dövlətin iqtisadiyyatda aktiv rolu, siyasi sabitlik, uzunmüddətli planlaşdırma və milli maraqlara əsaslanan inkişaf strategiyası bir çox inkişaf etməkdə olan ölkələr üçün cəlbedici görünür. Bununla belə, Çin modeli universal alternativ kimi təqdim edilə bilməz. Bu model Çin cəmiyyətinin tarixi, mədəni və siyasi xüsusiyyətləri üzərində qurulub.

Avtoritar idarəetmə, fərdi azadlıqların məhdudluğu və mərkəzləşdirilmiş qərarvermə sistemi bir çox ölkələr üçün qəbulolunmazdır. Daha real ssenari ondan ibarətdir ki, Çin modeli Qərb liberal modelinə tam alternativ deyil, onunla paralel mövcud olan və bəzi elementləri seçilərək tətbiq olunan bir yol kimi çıxış edir. Çoxqütblü dünya tərəfdarları bu sistemi daha ədalətli hesab edir. Onların fikrincə, bir mərkəzin diktəsi əvəzinə, müxtəlif güc mərkəzlərinin mövcudluğu beynəlxalq münasibətlərdə balans yaradır və hegemonluğun qarşısını alır. Bu yanaşma xüsusilə Qərbin ikili standartlarından narazı qalan ölkələr üçün cəlbedicidir”.

Nicat İsmayılov bildirib ki, çoxqütblülük eyni zamanda xaos riskini də artırır: “Qaydaların zəifləməsi, beynəlxalq institutların təsir gücünün azalması və regional münaqişələrin artması bu sistemin mənfi tərəfləridir. Tarix göstərir ki, keçid dövrləri adətən sabitlikdən çox qeyri-müəyyənlik yaradır. Bu baxımdan, çoxqütblü dünya nə avtomatik olaraq daha ədalətli, nə də mütləq xaotikdir. Onun necə formalaşacağı böyük güclərin davranışlarından və beynəlxalq əməkdaşlıq mexanizmlərinin saxlanılıb-saxlanılmamasından asılıdır”.

Politoloqun fikrincə, mövcud qlobal transformasiya prosesi nə ABŞ-nin tam süqutu, nə də köhnə nizamın dərhal dağılması deməkdir: “Dünya daha mürəkkəb, daha rəqabətli və daha çevik bir mərhələyə daxil olur. Bu şəraitdə dövlətlərin uğuru ideoloji seçimdən çox, praqmatik siyasət, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət və daxili dayanıqlıqla müəyyən olunacaq. Yeni dünya nizamı hazır resept deyil. O, hələ formalaşma mərhələsində olan, risklərlə yanaşı imkanlar da yaradan bir prosesdir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью