Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksək səviyyəli iclas keçirilib.
Tədbirdə insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyəti vurğulanıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək bildirib ki, ilk dəfə olaraq COP Sədrliyi çərçivəsində ev sahibi ölkənin təşəbbüsü ilə İnsan İnkişafı Günü müəyyən edilib.
COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, qlobal iqlim probleminin ən kritik və bir-biri ilə əlaqəli olan aspektlərindən sayılan insan inkişafı təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq kimi sahələri əhatə edir.
İqlim dəyişikliyinin həyatımızın hər tərəfinə – sağlamlığa, təhsilə, əmək bazarına və ən əsası gələcək nəsillər üçün mövcud olan imkanlara təsir göstərdiyini vurğulayan baş danışıqçının sözlərinə görə, qlobal istiləşmə ilə bağlı çağırışlara cavab vermək üçün insan inkişafına sərmayə qoyulmalıdır.
O deyib ki, bu investisiya həyatın ən erkən mərhələlərində başlamalıdır ki, uşaqların və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı yolu ilə güclənməsi təmin edilsin.
Natiq iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsündən danışaraq bildirib ki, bu təşəbbüs insana yönümlü iqlim fəaliyyətinə sadiqliyimizin təbii davamıdır.