Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Son illərdə Azərbaycan qlobal və regional təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm və getdikcə artan rola malik ciddi aktor kimi çıxış edir. Bu proses təsadüfi deyil və ölkənin ardıcıl, praqmatik və çoxvektorlu xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Xüsusilə 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsi ölkənin regional statusunu keyfiyyətcə yeni mərhələyə yüksəldib və Bakının təhlükəsizlik gündəliyində rolunu daha da gücləndirib”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun szölərinə görə, bu gün Azərbaycan təmsil olunduğu Cənubi Qafqaz regionunda təkcə sülhün deyil, eyni zamanda təhlükəsizliyin əsas təminatçılarından biri kimi çıxış edir. “Münaqişə mərhələsindən post-münaqişə və sabitlik mərhələsinə keçid regionda yeni reallıqlar yaradıb. Bakı regional təhlükəsizlik konsepsiyasını qarşıdurma deyil, əməkdaşlıq, kommunikasiya xətlərinin açılması və qarşılıqlı maraqlara əsaslanan yanaşma üzərində qurur. Bu da Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir”, - o vurğulayıb.
Deputat bildirib ki, Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına verdiyi əsas töhfələrdən biri Avropanın enerji təhlükəsizliyidir: “Uzun illərdir Bakı Avropanın enerji bazarında etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi çıxış edir. Xüsusilə geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanın enerji resursları və alternativ marşrutlar təklif etməsi Avropa üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan təkcə neft və qaz ixracı ilə kifayətlənmir, bərpa olunan enerji sahəsində də regional və qlobal tərəfdaşlıq imkanlarını genişləndirir.
Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri və logistika artıq klassik hərbi təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu reallığı vaxtında dəyərləndirərək Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirib. Orta Dəhliz, regional kommunikasiya xətləri və logistika infrastrukturu Azərbaycanın Mərkəzi Asiya və Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin olunmasında rolunu daha da artırır”.
O əlavə edib ki, bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin yürütdüyü uğurlu və balanslı çoxvektorlu diplomatiya dayanır. “Azərbaycan eyni vaxtda müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər qurmağı bacarır. Məhz bu siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın regional və qlobal proseslərdə oynadığı rolu açıq şəkildə dəyərləndirir.
ABŞ və Azərbaycanın qlobal sülh gündəliyi
ABŞ-ın Azərbaycanın roluna verdiyi yüksək qiymət bu baxımdan xüsusi diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Davosda yaradılan “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması mərasimində Prezident İlham Əliyevin iştirakı və sənədi imzalaması Azərbaycanın artıq təkcə regional deyil, qlobal sülh və təhlükəsizlik təşəbbüslərində də mühüm aktor kimi qəbul edildiyini göstərir.
Azərbaycanın bu təşəbbüsə qoşulması, xüsusilə Qəzza kimi uzunmüddətli münaqişələrdən əziyyət çəkən regionlarda sülhün təşviqinə töhfə vermək niyyəti Bakının beynəlxalq məsuliyyət anlayışını ortaya qoyur. Rəsmi bəyanatlarda da vurğulandığı kimi, Azərbaycan bu dəvəti ABŞ-la qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın və ölkənin qlobal sülh və sabitliyə verdiyi töhfənin tanınması kimi qəbul edir.
Nəticə etibarilə, baş verən bütün bu proseslər Azərbaycanın artıq yalnız regional oyunçu olmadığını, beynəlxalq münasibətlər sistemində ciddi qlobal aktor kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycanın sülh, təhlükəsizlik, enerji və logistika sahələrində oynadığı rol ona olan etimadı artırır və ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Bu isə gələcəkdə Bakının qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal və təsirli rol oynayacağını deməyə əsas verir”.
Mürtəza