Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Qobustan qayaüstü incəsənətinin ən maraqlı nümunələrindən biri Cingirdağ–Yazılıtəpə ərazisində yerləşən 12 nömrəli daşdır. Daş üzərində insan, heyvan, həndəsi fiqurlar və mənası hələ də tam müəyyənləşdirilməyən işarələr qeydə alınıb.
Azpost.info bildirir ki, tədqiqatçılar hesab edirlər ki, bu petroqliflər müxtəlif dövrlərdə və ən azı iki mərhələdə yaradılıb.
Daşın altında daha qədim rəsmlər gizlənib
12 nömrəli daşın əsas xüsusiyyətlərindən biri onun həm üst, həm də alt səthində petroqliflərin olmasıdır. Tədqiqatçılara görə, bu iki hissədəki təsvirlərin işlənmə texnikasında nəzərəçarpacaq fərqlər mövcuddur.
Daşın alt tərəfindəki təsvirlər əsasən döymə üsulu ilə yaradılıb. Kontur xətləri kələ-kötürdür və bəzi yerlərdə zərbələrin izlərini görmək mümkündür. Üst səthdəki təsvirlər isə daha dərin, hamarlaşdırılmış kontur xətləri ilə işlənib.
Bunun səbəbinin təsvirlərin müxtəlif vaxtlarda yaradılması olduğu ehtimal edilir. Alt səthdəki petroqliflər uzun müddət torpağın altında qaldığından sonrakı hamarlanma prosesindən kənarda qalıb.
Daha maraqlısı isə odur ki, 12 nömrəli daşın altında yerləşən təsvirlərin üst səthdəkilərdən daha qədim olduğu düşünülür.
Daş sonradan çevrilib
Tədqiqatçı Rüstəmovun apardığı qazıntılar zamanı 12 nömrəli daşın altında da qayaüstü rəsmlər aşkar edilib. Onun fikrincə, bu təsvirlər yaradıldıqdan sonra daş qərbə tərəf çevrilib və əvvəllər üstündə olan daha qədim təsvirlər aşağıda qalıb.
Bu fakt petroqliflərin yaranma tarixini iki mərhələyə ayırmağa imkan verir:
daşın qərbə tərəf çevrilməsindən əvvəl çəkilən təsvirlər;
daş çevrildikdən sonra yaradılan təsvirlər.
Tədqiqatçılar hesab edirlər ki, daşın üstündəki ilk təsvirlərdən biri 3 nömrəli keçidir. Daha sonra 2 və 4 nömrəli keçilər bu təsviri kəsib. Böyük keçinin başının isə başqa bir keçinin arxa ayağının xəttini kəsməsi petroqliflərin hansı ardıcıllıqla yaradıldığını müəyyənləşdirməyə kömək edir.
Qobustan qayalarında insan və heyvan fiqurları
Daşın üst səthində müxtəlif insan və heyvan təsvirləri diqqət çəkir. Onların arasında keçi, maral, insan və atlı fiqurları var.
5 və 6 nömrəli insan təsvirləri xüsusilə maraqlıdır. Onlar əllərində dəyənəyə bənzəyən əşyaları başlarının üzərinə qaldırmış vəziyyətdə göstərilib. Fiqurların geniş çiyinləri, nazik belləri və qamətli bədən quruluşu var. Bel nahiyəsində kəməri ifadə edən qoşa xətlər də müşahidə edilir.
Bu təsvirlərin üslubu və mövzusu onların Abşeron qayaüstü incəsənəti ənənəsi ilə əlaqələndirilməsinə imkan verir.
Digər insan fiqurlarından biri əlində ox və kaman tutmuş vəziyyətdədir. Maral təsvirləri isə daha sxematik formada işlənib.
Daşda başıaşağı insan fiqurları da var
12 nömrəli daşın üzərində qeydə alınan ən qeyri-adi təsvirlərdən ikisi başı aşağı, ayaqları yuxarı vəziyyətdə göstərilmiş insan fiqurlarıdır.
Bu fiqurlar digər insan təsvirlərinə oxşasa da, daha sxematikdir. Onlardan birinin bədəni kvadrat formasındadır. Hər iki fiqur təxminən 45 dərəcə maili vəziyyətdə təsvir edilib.
Tədqiqatçılar ehtimal edirlər ki, bu rəsmlər daş çevrildikdən və digər insan təsvirləri yaradıldıqdan sonra daşın şərq tərəfindən çəkilib.
Sirli həndəsi işarələr
12 nömrəli daş yalnız insan və heyvan təsvirləri ilə maraqlı deyil. Burada müxtəlif həndəsi işarələrə də rast gəlinir.
Onlardan biri 5×4 damalı tora bənzəyir. Başqa bir hissədə isə torvari təsvir və kvadrat formalı bədənə malik insan fiquru yerləşir. Eyni motivlərin təkrarlanması onların vahid süjet təşkil edə biləcəyini düşündürür.
Daşın üzərində araba təkərinə bənzəyən iki diskvari təsvir də var. Onlardan birinin mərkəzində dairə, ətrafında isə altı sektor görünür. Digərində isə mərkəzi nöqtə qalmasına baxmayaraq, sektorları göstərən xətlər sonradan sürtülərək silinib.
Bəzi işarələrin mənası isə hələ müəyyən edilməyib. Tədqiqatda bir sıra təsvirlərin və yazıya bənzəyən işarələrin identifikasiyasının mümkün olmadığı qeyd olunur.
Petroqlifləri təbiət qoruyub
12 nömrəli daşın mühüm xüsusiyyətlərindən biri onun 13 nömrəli, üzərində təsvirlər olan iri daşın altında yerləşməsidir. Bu vəziyyət petroqlifləri külək, yağış və günəş eroziyasından qoruyub.
Nəticədə daşın səthi digər qayaüstü abidələrə nisbətən az patinalaşıb və açıq qəhvəyi rəngini saxlayıb.
Bununla belə, daşın bir hissəsinin son orta əsrlərdə qoparıldığı və bunun nəticəsində bəzi petroqliflərin zədələndiyi ehtimal olunur.
Daşın altında sənədləşdirilməsi mümkün olmayan rəsmlər
Tədqiqatçılar daşın alt tərəfində ən aşağı hissədə daha iki keçi təsviri müəyyən ediblər. Lakin bu rəsmlər daşın yerə oturan səthində yerləşdiyindən onları tam sənədləşdirmək mümkün olmayıb.
Bundan başqa, daşla yer səthi arasında cəmi 15–20 santimetr məsafədə daha altı keçi təsviri aşkarlanıb. Məhdud məsafə onların da tam araşdırılmasına imkan verməyib.
Bu fakt Qobustan petroqliflərinin hələ tam öyrənilməmiş hissələrinin olduğunu göstərir.
İki yaradıcılıq mərhələsi
12 nömrəli daşın petroqliflərinin təhlili Qobustanda qayaüstü sənətin zamanla necə dəyişdiyini də göstərir.
Daş çevrilməmişdən əvvəl yaradılan təsvirlər əsasən bezoar keçiləri, siluet formasında insan fiqurları və bir zoomorf təsvirlərlə təmsil olunur.
Daş qərbə tərəf çevrildikdən sonra isə mövzu və üslub dəyişir. Yeni mərhələdə barelyef üslubunda insan və maral təsvirləri, həndəsi işarələr, üç bezoar keçisi, bir atlı fiquru və mənası müəyyənləşdirilməyən yazı meydana çıxır.
Beləliklə, bir daşın üzərində müxtəlif dövrlərin izlərini görmək mümkündür. Üstəlik, daşın çevrilməsi nəticəsində daha qədim təsvirlərin torpağın altında qalması onların təbii şəkildə qorunmasına səbəb olub.
N.Talıblı
Məlumatlar R. Abdullayev və S. Şirinlinin “Qobustan, Cingirdağ, Yazılıtəpə – Sonaqaya petroqlifləri” tədqiqatından götürülüb.