Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Amma bu kütləvi şənliklərdə süfrəyə təhlükəli qidalar düzülməsin
Cəmiyyətin sağlamlığının qorunması, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi hər bir dövlətin sosial siyasətində mühüm yer tutur. Bu baxımdan qida təhlükəsizliyi məsələsi təkcə ərzaq məhsullarının istehsalı və satışına nəzarətlə məhdudlaşmır, ictimai iaşə müəssisələrinin, restoranların, şadlıq saraylarının və digər xidmət obyektlərinin fəaliyyətini də əhatə edir. Çünki insanların sağlamlığı birbaşa istehlak etdikləri qidaların keyfiyyətindən, mənşəyindən, saxlanma və hazırlanma şəraitindən asılıdır.
Son illər ölkəmizdə qida təhlükəsizliyinin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti də məhz istehlakçıların sağlamlığının qorunmasına, qida məhsulları təhlükəsizliyinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.
Lakin aparılan yoxlamaların nəticələri göstərir ki, qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı bəzi sahibkarlıq subyektlərində hələ də ciddi nöqsanlar mövcuddur. Xüsusilə insanların ailəvi və kütləvi tədbirlər keçirdikləri şadlıq saraylarında aşkarlanan uyğunsuzluqlar məsələnin aktuallığını daha da artırır.
Yoxlamalar narahatlıq doğurur
AQTA-nın məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı cəmi 6 obyektdə vəziyyət qənaətbəxş qiymətləndirilib, 41 şadlıq sarayında isə qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.
Rəqəmlərin müqayisəsi yoxlanılan obyektlərin, təxminən, 87 faizində müxtəlif nöqsanlara yol verildiyini göstərir. Bu, ictimai iaşə sektorunda, xüsusilə də kütləvi mərasimlər keçirilən müəssisələrdə qida təhlükəsizliyi məsələsinə daha ciddi yanaşılması zəruriliyini diqqətə çatdırır.
Təbii ki, yoxlamaya cəlb edilən 47 obyektin nəticələrini Bakı şəhərində fəaliyyət göstərən bütün şadlıq saraylarına şamil etmək düzgün olmazdı. Bununla belə, aşkarlanan pozuntuların sayı problemin təsadüfi xarakter daşımadığını və ayrı-ayrı hallarla məhdudlaşmadığını göstərir.
AQTA-nın araşdırmaları zamanı bir sıra obyektlərdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka yönəldildiyi müəyyənləşdirilib. Bütün bunlarla yanaşı, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi də qeydə alınıb.
Məsələn, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı gəlin” şadlıq saraylarında, eləcə də “Stolovaya №8” iaşə müəssisəsində təqdim edilən baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti verildiyi halda, menyuda bu barədə heç bir məlumatın olmadığı üzə çıxıb. Bundan başqa, “Çıraq Palace”, “Meridian Luks”, “Mirana” və “İnci” şadlıq saraylarında süni kürü təqdim olunduğu halda, bunun menyuda göstərilmədiyi müəyyənləşib.
Burada söhbət təkcə qida məhsulunun keyfiyyətindən getmir. Məsələnin digər mühüm tərəfi istehlakçıların düzgün məlumatlandırılması və seçim hüququnun qorunmasıdır. Müştəri sifariş etdiyi yeməyin hansı məhsullardan hazırlandığını, həmin məhsulların mənşəyini və xüsusiyyətlərini bilmək hüququna malikdir. Menyuda göstərilənlə süfrəyə gətirilən arasında fərqin olması isə bu hüququn pozulması deməkdir.
“Ucuz ətin dadsız şorbası…”
Ekspertlərin qənaətinə görə, şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinin pozulmasının əsas səbəblərindən biri bəzi sahibkarların xərcləri minimuma endirmək və mənfəəti artırmaq istəyidir. Bu məqsədlə mənşəyi bilinməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən və ya keyfiyyət göstəriciləri lazımi səviyyədə olmayan məhsullardan istifadə hallarına da rast gəlinir.
Əlbəttə, sahibkarlıq fəaliyyətində xərclərin optimallaşdırılması, istehsalın səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli xidmətlərin göstərilməsi iqtisadi baxımdan normal yanaşmadır. Lakin bu, qida təhlükəsizliyi tələblərinin pozulması hesabına həyata keçirilməməlidir. Çünki ərzaq məhsullarının maya dəyərinin aşağı salınması naminə onların mənşəyinə, keyfiyyətinə və saxlanma şəraitinə etinasız yanaşılması son nəticədə insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Xüsusilə ət və ət məhsullarının mənşəyinin müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır. Baytarlıq sənədləri məhsulun təhlükəsizliyinin təmin edilməsi və onun izlənilə bilməsi baxımından mühüm vasitədir. Bu sənədlər olmadan məhsulun hansı təsərrüfatdan əldə edildiyini, baytarlıq nəzarətindən keçib-keçmədiyini və istehlaka yararlılığını lazımi qaydada müəyyənləşdirmək çətindir.
Digər tərəfdən, mal əti əvəzinə menyuda göstərilmədən camış ətinin, təbii kürü əvəzinə süni kürünün təqdim edilməsi istehlakçının məlumatlandırılması prinsipinə ziddir. Burada əsas məsələ ayrı-ayrı məhsulların qiymət fərqi deyil, müştərinin sifariş etdiyi xidmətin mahiyyətinin dəyişdirilməsi və ona əvvəlcədən məlumat verilməməsidir.
İstehlakçı ilə sahibkar arasında münasibətlər etimad üzərində qurulmalıdır. Müştəri müəyyən məbləğ ödəməklə konkret menyu və xidmət sifariş edir. Sahibkar isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, təqdim etdiyi məhsulların tərkibi və xüsusiyyətləri barədə düzgün məlumat verməlidir. Bu münasibətlərdə şəffaflığın pozulması təkcə müştərinin narazılığına deyil, bütövlükdə, xidmət sektoruna olan etimadın azalmasına gətirib çıxarır.
Kütləvi zəhərlənmə ehtimalları
Şadlıq saraylarının fəaliyyətini digər iaşə obyektlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri eyni vaxtda çoxsaylı insanlara xidmət göstərilməsidir. Bir toy mərasimində yüzlərlə insanın iştirakı, qısa müddətdə böyük həcmdə yeməyin hazırlanması və süfrəyə təqdim edilməsi mətbəx infrastrukturuna ciddi tələblər yaradır.
Belə şəraitdə ərzaq məhsullarının qəbulu, çeşidlənməsi, saxlanması, hazırlanması və süfrəyə çatdırılması vahid nəzarət sistemi əsasında təşkil olunmalıdır. Soyuducu kameraların tutumu, avadanlıqların texniki vəziyyəti, mətbəxin sahəsi, işçilərin sayı və peşəkarlığı görülən işin həcminə uyğun olmalıdır.
Əks halda, istehsal yükünün artması qida təhlükəsizliyi qaydalarının pozulması ehtimalını yüksəldir. Məsələn, müxtəlif məhsulların eyni şəraitdə və uyğun olmayan temperatur rejimində saxlanılması, çiy və hazır qidaların təmasda olması, mətbəx avadanlıqlarının vaxtında təmizlənməməsi təhlükəli mikroorqanizmlərin yayılmasına şərait yaradır.
Xüsusilə ət, balıq, süd məhsulları, mayonezli salatlar və digər tez xarab olan ərzaqların saxlanma temperaturuna ciddi əməl edilməsi vacibdir. Bu məhsulların tələb olunan şəraitdə saxlanılmaması onların mikrobioloji çirklənməsi ilə nəticələnir. Belə şəraitdə bir neçə yüz nəfərin iştirak etdiyi tədbir kütləvi qida zəhərlənməsi təhlükəsi ilə üzləşir.
Məsələnin digər tərəfi əvvəlki mərasimlərdən qalan qida məhsullarının yenidən istifadəyə verilməsi ehtimalıdır. Belə halların qarşısının alınması üçün müəssisələrdə məhsulların istifadə müddətinə, saxlanma rejiminə və istehsal prosesinin bütün mərhələlərinə nəzarət gücləndirilməlidir. Bu baxımdan şadlıq saraylarının rəhbərliyi təkcə müştərilərin sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə deyil, həm də hər bir qonağın sağlamlığının qorunmasına görə məsuliyyət daşıdığını unutmamalıdır.
Sanitariya normaları və xidmət gigiyenası
Qida eksperti Mənsur Qasımovun sözlərinə görə, qida təhlükəsizliyinin təmin edilməsində mətbəxin sanitar-gigiyenik vəziyyəti ilə yanaşı, orada çalışan işçilərin şəxsi gigiyenası da mühüm önəm daşıyır. Çünki qida məhsullarının hazırlanması prosesində insan amili təhlükəsizliyə birbaşa təsir göstərən əsas meyarlardan biridir.
Mətbəxdə çalışan işçi müvafiq gigiyena qaydalarını diqqətdə saxlamalı, iş geyimindən istifadə etməli, əllərin təmizliyini qorumalı və zəruri tibbi müayinələrdən keçməlidir. Eyni zamanda, qida ilə təmasda olan səthlər, kəsici alətlər, qablar və digər avadanlıqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.
Bundan başqa, çiy ət və tərəvəzlərin hazırlanması üçün istifadə olunan avadanlıqlarla hazır yeməklərin servisində tətbiq edilən vasitələrin ayrılması vacibdir. Bu tələbə əməl edilməməsi çarpaz çirklənmə riskini artırır.
Təəssüf ki, bəzi müəssisələrdə gigiyena məsələlərinə formal yanaşılması, gündəlik iş prosesində sanitar qaydaların lazımi səviyyədə təmin edilməməsi qida təhlükəsizliyinə mənfi təsir göstərir. Halbuki bu sahədə ən kiçik səhlənkarlıq belə ciddi fəsadlarla nəticələnir.
Süfrə ilə oyun olmaz!
Müasir dünyada qida təhlükəsizliyi təkcə yoxlamalar və cərimələr vasitəsilə deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və idarə olunması əsasında həyata keçirilir. Bu baxımdan təhlükələrin təhlili və kəskin nəzarət nöqtələri sistemi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə daim diqqətdə saxlanılan bu yanaşma qida məhsulunun ilkin qəbulundan başlayaraq hazırlanması, saxlanması və istehlakçıya təqdim edilməsinədək bütün mərhələlərdə mümkün təhlükələrin müəyyənləşdirilməsini nəzərdə tutur. Sistem vasitəsilə bioloji, kimyəvi və fiziki risklər qiymətləndirilir, onların qarşısının alınması üçün konkret nəzarət mexanizmləri yaradılır.
Avropa İttifaqının qida təhlükəsizliyi siyasətində də istehsal və xidmət zəncirinin bütün mərhələlərində məsuliyyət prinsipinə xüsusi önəm verilir. Müəssisələrdə təhlükəsizlik prosedurlarını tətbiq etmək, məhsulların izlənilə bilməsini reallaşdırmaq və mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görmək kimi prinsiplər diqqətdə saxlanılır.
Azərbaycanın qida təhlükəsizliyi sistemində də bu cür müasir yanaşmaların tətbiqi mühüm istiqamətlərdən biridir. Şadlıq saraylarında daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, məhsulların mənşəyinin izlənilməsi, temperatur rejiminin qeydiyyatının aparılması və işçi heyətin mütəmadi təlimlərə cəlb edilməsi real nəticələr verir.
Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır. Qida təhlükəsizliyi təkcə AQTA-nın yoxlamaları zamanı reallaşdırılmalı tələb deyil. Bu, müəssisənin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir. Sahibkarlar bilməlidirlər ki, dövlət nəzarəti pozuntuları aşkar edir, lakin təhlükəsiz xidmətin davamlı təmin olunması üçün, ilk növbədə, müəssisədaxili məsuliyyət və intizam formalaşdırılmalıdır.
Qazanc gözü örtməsin!
Bütün bunlar göstərir ki, şadlıq saraylarında qida təhlükəsizliyinin reallaşdırılması təkcə bir dövlət qurumunun vəzifəsi ilə yekunlaşmır. Bu istiqamətdə müsbət nəticə əldə etmək üçün sahibkarlar tərəfindən məsuliyyətli davranış nümayiş etdirilməli, dövlət nəzarətinin davamlılığı diqqətdə saxlanılmalı və istehlakçıların məlumatının artırılması kimi məsələlər bir-birini tamamlamalıdır.
AQTA-nın paytaxtda cari ilin yanvar-noyabr aylarında yoxlanılan 47 şadlıq sarayından 41-də müxtəlif qanun pozuntuları aşkarlaması ictimai iaşə sektorunda mövcud problemlərin aradan qaldırılması üçün əlavə tədbirlərin vacibliyini göstərir. Bu nəticələr həm də sahibkarların fəaliyyətlərinə yenidən nəzər salmalarını, qida təhlükəsizliyi sistemini gücləndirmələrini və qanunvericiliyin tələblərinə formal deyil, məsuliyyətlə yanaşmalarını zəruri edir.
Şübhəsiz ki, bu sahədə davamlı irəliləyişə nail olmaq üçün yoxlamalar mütəmadi aparılmalı, laborator müayinələrin imkanları genişləndirilməli, müəssisələrdə daxili nəzarət sistemləri təkmilləşdirilməli və işçilərin peşə hazırlığına diqqət artırılmalıdır. Eyni zamanda, qida məhsullarının təchizat zəncirində izlənilə bilməsi gerçəkləşdirilməli, mənşəyi məlum olmayan məhsulların dövriyyəsinə qarşı mübarizə gücləndirilməlidir.
Unutmayaq ki, şadlıq sarayları insanların ən xoş günlərinə ev sahibliyi etdikləri məkanlardır. Bu məkanlarda süfrəyə düzülən hər bir yemək, ilk növbədə, təhlükəsizlik tələblərinə cavab verməlidir. Sahibkarın əldə etdiyi mənfəət, göstərilən xidmətin zahiri təmtərağı və menyunun zənginliyi insanların sağlamlığından üstün tutulmamalıdır.
Qida təhlükəsizliyi, sadəcə, qanunvericiliyin tələbi deyil, həm də cəmiyyət qarşısında mənəvi və sosial məsuliyyətdir. Bu məsuliyyətə əməl edilməsi isə həm istehlakçıların sağlamlığının qorunmasına, həm xidmət sektoruna ictimai etimadın möhkəmlənməsinə, həm də ölkəmizdə sağlam sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfə verir.
Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birlyinin sədri
Şadlıq saraylarında alınan ucuz, keyfiyyətsiz ərzaqlarla hazırlanan və ya əvvəlki məclislərdən qalan yeməklər yenidən qızdırılaraq müştərilərə təqdim olunur. Bir çox hallarda isə restoranların dəbdəbəli zalları ilə antisanitar vəziyyətdə olan mətbəxləri bir-birinə uyğun gəlmir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə, təbii ki, hər restoranın mətbəxinə gecə-gündüz nəzarət edə bilmir.
Yoxlamalar, araşdırmalar və baxışların istənilən vaxtda reallaşdırılmasının mümkün olmadığından şadlıq sarayları rəhbərliyi vəziyyətdən sui-istifadə edir. Əsas səbəb isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1991-ci ildə qəbul olunması və o vaxtdan indiyədək dəyişməz qalmasıdır. Ümumiyyətlə, bu problem əmtəə bazarının bütün sahələrində özünü qabarıq büruzə verir.
Bu məsələdə ən böyük yük vətəndaşın üzərinə düşür. O, lazım gələrsə, belə şəraitə ciddi nəzarət etməli, mətbəxə, sanitar qovşağa baxmalı, vəziyyətlə yaxından tanış olmalıdır. Ümumiyyətlə, əhali bu məsələlərdə fəallıq göstərməli və şadlıq sarayı rəhbərliyinə etibar etməməlidir.
Təəssüf ki, əhalidə üzləşdiyi problemin kökünü araşdırmaq, nöqsanlara qarşı narazılıq bildirmək, haqqını tələb etmək kimi məsələlər hələ tam formalaşmayıb. Qarşısında qoyulan keyfiyyətsiz yeməyi yeyir, pulunu ödəyir, üstəlik də “çox sağ ol” deyir. Halbuki bu məsələdə neqativ halla rastlaşan hər kəs fikir bildirməli, mənfi halları ictimailəşdirməlidir.
Vaqif BİNYATOĞLU
XQ