Icma.az
close
up
RU
Qoy həmişə toy olsun!

Qoy həmişə toy olsun!

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Amma bu kütləvi şənliklərdə süfrəyə təhlükəli qidalar düzülməsin

Cəmiyyətin sağlamlığının qorunması, əhalinin keyfiyyətli və təhlükə­siz ərzaq məhsulları ilə təmin edilməsi hər bir dövlətin sosial siyasətində mühüm yer tutur. Bu baxımdan qida təhlükəsizliyi məsələsi təkcə ərzaq məhsullarının istehsalı və satışına nəzarətlə məhdudlaşmır, ictimai iaşə müəssisələrinin, restoranların, şadlıq saraylarının və digər xidmət ob­yektlərinin fəaliyyətini də əhatə edir. Çünki insanların sağlamlığı birbaşa istehlak etdikləri qidaların keyfiyyətindən, mənşəyindən, saxlanma və ha­zırlanma şəraitindən asılıdır. 

Son illər ölkəmizdə qida təhlükəsiz­liyinin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, müvafiq qanun­vericilik bazasının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti də məhz istehlakçıların sağ­lamlığının qorunmasına, qida məhsulları təhlükəsizliyinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. 

Lakin aparılan yoxlamaların nəticələ­ri göstərir ki, qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı bəzi sahibkarlıq subyektlərində hələ də ciddi nöqsanlar mövcuddur. Xüsusilə insanların ailəvi və kütləvi tədbirlər keçirdikləri şadlıq sarayla­rında aşkarlanan uyğunsuzluqlar məsələnin aktuallığını daha da artırır.

Yoxlamalar narahatlıq doğurur

AQTA-nın məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nə­zarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı cəmi 6 obyektdə vəziyyət qənaət­bəxş qiymətləndirilib, 41 şadlıq sarayında isə qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.

Rəqəmlərin müqayisəsi yoxlanılan ob­yektlərin, təxminən, 87 faizində müxtəlif nöqsanlara yol verildiyini göstərir. Bu, ic­timai iaşə sektorunda, xüsusilə də kütləvi mərasimlər keçirilən müəssisələrdə qida təhlükəsizliyi məsələsinə daha ciddi yana­şılması zəruriliyini diqqətə çatdırır. 

Təbii ki, yoxlamaya cəlb edilən 47 ob­yektin nəticələrini Bakı şəhərində fəaliyyət göstərən bütün şadlıq saraylarına şamil et­mək düzgün olmazdı. Bununla belə, aşkar­lanan pozuntuların sayı problemin təsadüfi xarakter daşımadığını və ayrı-ayrı hallarla məhdudlaşmadığını göstərir. 

AQTA-nın araşdırmaları zamanı bir sıra obyektlərdə sanitar-texniki və sani­tar-gigiyenik qaydalara əməl edilmədiyi, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka yönəldildiyi müəyyənləşdirilib. Bütün bunlarla yanaşı, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədi­yi də qeydə alınıb. 

Məsələn, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı gə­lin” şadlıq saraylarında, eləcə də “Stolova­ya №8” iaşə müəssisəsində təqdim edilən baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti verildiyi halda, menyuda bu barə­də heç bir məlumatın olmadığı üzə çıxıb. Bundan başqa, “Çıraq Palace”, “Meridian Luks”, “Mirana” və “İnci” şadlıq sarayla­rında süni kürü təqdim olunduğu halda, bu­nun menyuda göstərilmədiyi müəyyənləşib.

Burada söhbət təkcə qida məhsulunun keyfiyyətindən getmir. Məsələnin digər mühüm tərəfi istehlakçıların düzgün mə­lumatlandırılması və seçim hüququnun qo­runmasıdır. Müştəri sifariş etdiyi yeməyin hansı məhsullardan hazırlandığını, həmin məhsulların mənşəyini və xüsusiyyətlərini bilmək hüququna malikdir. Menyuda göstə­rilənlə süfrəyə gətirilən arasında fərqin ol­ması isə bu hüququn pozulması deməkdir.

“Ucuz ətin dadsız şorbası…”

Ekspertlərin qənaətinə görə, şadlıq sa­raylarında qida təhlükəsizliyi tələblərinin pozulmasının əsas səbəblərindən biri bəzi sahibkarların xərcləri minimuma endirmək və mənfəəti artırmaq istəyidir. Bu məqsəd­lə mənşəyi bilinməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən və ya keyfiyyət göstəriciləri lazımi səviyyədə olmayan məhsullardan istifadə hallarına da rast gəlinir.

Əlbəttə, sahibkarlıq fəaliyyətində xərclərin optimallaşdırılması, istehsalın səmərəliliyinin artırılması və rəqabətqabi­liyyətli xidmətlərin göstərilməsi iqtisadi baxımdan normal yanaşmadır. Lakin bu, qida təhlükəsizliyi tələblərinin pozulması hesabına həyata keçirilməməlidir. Çünki ərzaq məhsullarının maya dəyərinin aşağı salınması naminə onların mənşəyinə, key­fiyyətinə və saxlanma şəraitinə etinasız ya­naşılması son nəticədə insanların sağlamlı­ğı üçün ciddi təhlükə yaradır.

Xüsusilə ət və ət məhsullarının mənşə­yinin müəyyənləşdirilməsi böyük əhəmiy­yət daşıyır. Baytarlıq sənədləri məhsulun təhlükəsizliyinin təmin edilməsi və onun izlənilə bilməsi baxımından mühüm vasitə­dir. Bu sənədlər olmadan məhsulun hansı təsərrüfatdan əldə edildiyini, baytarlıq nə­zarətindən keçib-keçmədiyini və istehlaka yararlılığını lazımi qaydada müəyyənləş­dirmək çətindir. 

Digər tərəfdən, mal əti əvəzinə menyu­da göstərilmədən camış ətinin, təbii kürü əvəzinə süni kürünün təqdim edilməsi istehlakçının məlumatlandırılması prinsi­pinə ziddir. Burada əsas məsələ ayrı-ayrı məhsulların qiymət fərqi deyil, müştərinin sifariş etdiyi xidmətin mahiyyətinin dəyiş­dirilməsi və ona əvvəlcədən məlumat veril­məməsidir.

İstehlakçı ilə sahibkar arasında münasi­bətlər etimad üzərində qurulmalıdır. Müş­təri müəyyən məbləğ ödəməklə konkret menyu və xidmət sifariş edir. Sahibkar isə üzərinə götürdüyü öhdəlikləri yerinə ye­tirməli, təqdim etdiyi məhsulların tərkibi və xüsusiyyətləri barədə düzgün məlumat verməlidir. Bu münasibətlərdə şəffaflığın pozulması təkcə müştərinin narazılığına deyil, bütövlükdə, xidmət sektoruna olan etimadın azalmasına gətirib çıxarır. 

Kütləvi zəhərlənmə ehtimalları

Şadlıq saraylarının fəaliyyətini digər iaşə obyektlərindən fərqləndirən əsas xü­susiyyətlərdən biri eyni vaxtda çoxsaylı insanlara xidmət göstərilməsidir. Bir toy mərasimində yüzlərlə insanın iştirakı, qısa müddətdə böyük həcmdə yeməyin hazır­lanması və süfrəyə təqdim edilməsi mətbəx infrastrukturuna ciddi tələblər yaradır.

Belə şəraitdə ərzaq məhsullarının qəbu­lu, çeşidlənməsi, saxlanması, hazırlanması və süfrəyə çatdırılması vahid nəzarət siste­mi əsasında təşkil olunmalıdır. Soyuducu kameraların tutumu, avadanlıqların texniki vəziyyəti, mətbəxin sahəsi, işçilərin sayı və peşəkarlığı görülən işin həcminə uyğun ol­malıdır.

Əks halda, istehsal yükünün artması qida təhlükəsizliyi qaydalarının pozulma­sı ehtimalını yüksəldir. Məsələn, müxtəlif məhsulların eyni şəraitdə və uyğun olma­yan temperatur rejimində saxlanılması, çiy və hazır qidaların təmasda olması, mətbəx avadanlıqlarının vaxtında təmizlənməməsi təhlükəli mikroorqanizmlərin yayılmasına şərait yaradır. 

Xüsusilə ət, balıq, süd məhsulları, ma­yonezli salatlar və digər tez xarab olan ərzaqların saxlanma temperaturuna ciddi əməl edilməsi vacibdir. Bu məhsulların tələb olunan şəraitdə saxlanılmaması onla­rın mikrobioloji çirklənməsi ilə nəticələnir. Belə şəraitdə bir neçə yüz nəfərin iştirak etdiyi tədbir kütləvi qida zəhərlənməsi təh­lükəsi ilə üzləşir. 

Məsələnin digər tərəfi əvvəlki məra­simlərdən qalan qida məhsullarının yenidən istifadəyə verilməsi ehtimalıdır. Belə halla­rın qarşısının alınması üçün müəssisələrdə məhsulların istifadə müddətinə, saxlanma rejiminə və istehsal prosesinin bütün mər­hələlərinə nəzarət gücləndirilməlidir. Bu baxımdan şadlıq saraylarının rəhbərliyi təkcə müştərilərin sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə deyil, həm də hər bir qonağın sağlamlığının qorunma­sına görə məsuliyyət daşıdığını unutmama­lıdır. 

Sanitariya normaları və xidmət gigiyenası 

Qida eksperti Mənsur Qasımovun sözlərinə görə, qida təhlükəsizliyinin təmin edilməsində mətbəxin sanitar-gigiyenik vəziyyəti ilə yanaşı, orada çalışan işçilərin şəxsi gigiyenası da mühüm önəm daşıyır. Çünki qida məhsullarının hazırlanması pro­sesində insan amili təhlükəsizliyə birbaşa təsir göstərən əsas meyarlardan biridir.

Mətbəxdə çalışan işçi müvafiq gigiye­na qaydalarını diqqətdə saxlamalı, iş geyi­mindən istifadə etməli, əllərin təmizliyini qorumalı və zəruri tibbi müayinələrdən keçməlidir. Eyni zamanda, qida ilə təmasda olan səthlər, kəsici alətlər, qablar və digər avadanlıqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

Bundan başqa, çiy ət və tərəvəzlərin hazırlanması üçün istifadə olunan avadan­lıqlarla hazır yeməklərin servisində tətbiq edilən vasitələrin ayrılması vacibdir. Bu tələbə əməl edilməməsi çarpaz çirklənmə riskini artırır.

Təəssüf ki, bəzi müəssisələrdə gigiyena məsələlərinə formal yanaşılması, gündə­lik iş prosesində sanitar qaydaların lazımi səviyyədə təmin edilməməsi qida təhlükə­sizliyinə mənfi təsir göstərir. Halbuki bu sahədə ən kiçik səhlənkarlıq belə ciddi fə­sadlarla nəticələnir. 

Süfrə ilə oyun olmaz! 

Müasir dünyada qida təhlükəsizliyi tək­cə yoxlamalar və cərimələr vasitəsilə deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və idarə olunması əsasında həyata keçirilir. Bu baxımdan təhlükələrin təhlili və kəskin nəzarət nöqtələri sistemi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə daim diqqət­də saxlanılan bu yanaşma qida məhsulunun ilkin qəbulundan başlayaraq hazırlanması, saxlanması və istehlakçıya təqdim edilmə­sinədək bütün mərhələlərdə mümkün təh­lükələrin müəyyənləşdirilməsini nəzərdə tutur. Sistem vasitəsilə bioloji, kimyəvi və fiziki risklər qiymətləndirilir, onların qarşı­sının alınması üçün konkret nəzarət mexa­nizmləri yaradılır. 

Avropa İttifaqının qida təhlükəsizliyi siyasətində də istehsal və xidmət zənciri­nin bütün mərhələlərində məsuliyyət prin­sipinə xüsusi önəm verilir. Müəssisələrdə təhlükəsizlik prosedurlarını tətbiq etmək, məhsulların izlənilə bilməsini reallaşdır­maq və mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görmək kimi prinsiplər diqqətdə saxlanılır. 

Azərbaycanın qida təhlükəsizliyi siste­mində də bu cür müasir yanaşmaların tət­biqi mühüm istiqamətlərdən biridir. Şadlıq saraylarında daxili nəzarət mexanizmlə­rinin gücləndirilməsi, məhsulların mən­şəyinin izlənilməsi, temperatur rejiminin qeydiyyatının aparılması və işçi heyətin mütəmadi təlimlərə cəlb edilməsi real nə­ticələr verir. 

Burada bir məqamı da xüsusi qeyd et­mək lazımdır. Qida təhlükəsizliyi təkcə AQTA-nın yoxlamaları zamanı reallaşdırıl­malı tələb deyil. Bu, müəssisənin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməli­dir. Sahibkarlar bilməlidirlər ki, dövlət nə­zarəti pozuntuları aşkar edir, lakin təhlükə­siz xidmətin davamlı təmin olunması üçün, ilk növbədə, müəssisədaxili məsuliyyət və intizam formalaşdırılmalıdır.

Qazanc gözü örtməsin! 

Bütün bunlar göstərir ki, şadlıq sarayla­rında qida təhlükəsizliyinin reallaşdırılma­sı təkcə bir dövlət qurumunun vəzifəsi ilə yekunlaşmır. Bu istiqamətdə müsbət nəti­cə əldə etmək üçün sahibkarlar tərəfindən məsuliyyətli davranış nümayiş etdirilməli, dövlət nəzarətinin davamlılığı diqqətdə saxlanılmalı və istehlakçıların məlumatının artırılması kimi məsələlər bir-birini tamam­lamalıdır.

AQTA-nın paytaxtda cari ilin yan­var-noyabr aylarında yoxlanılan 47 şadlıq sarayından 41-də müxtəlif qanun pozun­tuları aşkarlaması ictimai iaşə sektorunda mövcud problemlərin aradan qaldırılması üçün əlavə tədbirlərin vacibliyini göstə­rir. Bu nəticələr həm də sahibkarların fəaliyyətlərinə yenidən nəzər salmalarını, qida təhlükəsizliyi sistemini gücləndir­mələrini və qanunvericiliyin tələblərinə formal deyil, məsuliyyətlə yanaşmalarını zəruri edir.

Şübhəsiz ki, bu sahədə davamlı irəlilə­yişə nail olmaq üçün yoxlamalar mütəmadi aparılmalı, laborator müayinələrin imkan­ları genişləndirilməli, müəssisələrdə daxili nəzarət sistemləri təkmilləşdirilməli və iş­çilərin peşə hazırlığına diqqət artırılmalıdır. Eyni zamanda, qida məhsullarının təchizat zəncirində izlənilə bilməsi gerçəkləşdiril­məli, mənşəyi məlum olmayan məhsulların dövriyyəsinə qarşı mübarizə gücləndiril­məlidir.

Unutmayaq ki, şadlıq sarayları insan­ların ən xoş günlərinə ev sahibliyi etdik­ləri məkanlardır. Bu məkanlarda süfrəyə düzülən hər bir yemək, ilk növbədə, təh­lükəsizlik tələblərinə cavab verməlidir. Sahibkarın əldə etdiyi mənfəət, göstərilən xidmətin zahiri təmtərağı və menyunun zənginliyi insanların sağlamlığından üstün tutulmamalıdır. 

Qida təhlükəsizliyi, sadəcə, qanun­vericiliyin tələbi deyil, həm də cəmiyyət qarşısında mənəvi və sosial məsuliyyətdir. Bu məsuliyyətə əməl edilməsi isə həm is­tehlakçıların sağlamlığının qorunmasına, həm xidmət sektoruna ictimai etimadın möhkəmlənməsinə, həm də ölkəmizdə sağ­lam sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfə verir. 

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birlyinin sədri

Şadlıq saraylarında alınan ucuz, keyfiyyətsiz ərzaqlarla hazırlanan və ya əvvəlki məclislərdən qalan yeməklər yenidən qızdırılaraq müştərilərə təqdim olunur. Bir çox hallarda isə restoranların dəbdəbəli zalları ilə antisanitar vəziyyətdə olan mətbəxləri bir-birinə uyğun gəlmir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə, təbii ki, hər restoranın mətbəxinə gecə-gündüz nəzarət edə bilmir.

Yoxlamalar, araşdırmalar və baxışların istənilən vaxtda reallaşdırılmasının mümkün olmadığından şadlıq sarayları rəhbərliyi vəziyyətdən sui-istifadə edir. Əsas səbəb isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1991-ci ildə qəbul olunması və o vaxtdan indiyədək dəyişməz qalmasıdır. Ümumiyyətlə, bu problem əmtəə bazarının bütün sahələrində özünü qabarıq büruzə verir.

Bu məsələdə ən böyük yük vətəndaşın üzərinə düşür. O, lazım gələrsə, belə şəraitə ciddi nəzarət etməli, mətbəxə, sanitar qovşağa baxmalı, vəziyyətlə yaxından tanış olmalıdır. Ümumiyyətlə, əhali bu məsələlərdə fəallıq göstərməli və şadlıq sarayı rəhbərliyinə etibar etməməlidir.

Təəssüf ki, əhalidə üzləşdiyi problemin kökünü araşdırmaq, nöqsanlara qarşı narazılıq bildirmək, haqqını tələb etmək kimi məsələlər hələ tam formalaşmayıb. Qarşısında qoyulan keyfiyyətsiz yeməyi yeyir, pulunu ödəyir, üstəlik də “çox sağ ol” deyir. Halbuki bu məsələdə neqativ halla rastlaşan hər kəs fikir bildirməli, mənfi halları ictimailəşdirməlidir.

Vaqif BİNYATOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri