Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın dövlət başçısının Cənubi Qafqazda qalıcı sülhə və təhlükəsizlik mühitinə nail olmaq üçün ardıcıl və inadcıl fəaliyyətinə verilən beynəlxalq qiymət, onun beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun və etibarlı lider imicinin növbəti təsdiqi kimi dəyərləndirilməlidir".
"Cebheinfo.az" xəbər verir ki, bunu sabiq millət vəkili, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, bu mükafat həm də dövlətimizin başçısının 30 ildən artıq davam edən münaqişənin silahlı qarşıdurma və müharibə mərhələsindən siyasi - diplomatik müstəviyə keçirilməsinə nail olmaq, bu mərhələdə sülhə nail olmaqla regionda sabitliyi təmin etmək və yeni təhlükəsizlik arxitekturasının əsasını qoymaq səylərinin, göstərdiyi qətiyyətin dünya miqyasında tanınması deməkdir:
"İşğal dövründə Ermənistan və onun əlaltısı olan seperatçı qondarma rejim tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətləri – soyqırım, etnik təmizləmə, ekosid, mülki əhalinin yaşadığı yerlərdən qovulması, kütləvi şəkildə öldürülməsi, yaşayış məskənlərinin dağıdılması və sair bu kimi beynəlxalq xarakterli cinayət əməlləri kontekstində Prezident İlham Əliyevin bu siyasəti və ardıcıl fəaliyyəti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi, regionun hərtərəfli inkişafına şərait yaradılması və beynəlxalq əməkdaşlıq məkanına çevrilməsi istiqamətində tarixi şans kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevə verilən bu mükafat Azərbaycanın qalib ölkə olmaqla beynəlxalq aləmdə qisasçılığı deyil, sülhü, təhlükəsuzliyi və inkişafı prioritet hesab edən, humanitar dəyərlərə bağlı dövlət kimi imicini daha da möhkəmləndirir.
Dünya görür ki, Azərbaycan dövləti təkcə regional güc olmaqla kifayətlənmir, həm də mürəkkəb və qarışıq beynəlxalq münasibətlərdə yeni yanaşmalar irəli sürür, qlobal miqyasda sülh gündəliyini formalaşdıra bilir.
Mükafatın təqdim olunması mərasimində çıxış edən prezident İlham Əliyev bir çıx mesajlar verdi ki, bu mesajlar Cənubi Qafqazda sülhün fəlsəfəsini aydınlaşdırmağa kömək edir. “Biz sülh şəraitində yaşamağı öyrənirik.
Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik” deyimi regionda sülhün sadəcə ritorika olmadığını, müharibənin və münaqişənin bitməsi ilə sülhün öz-özünə dərhal yaranmadığını, daim gündəlik fəaliyyət, iqtisadi və humanitar əlaqələr, qarşılıqlı maraqlar üzərində qurulan bir proses olduğunun, təkcə hakimiyyətlərin deyil, həm də cəmiyyətlərin bu prosesə hazır olmalarının vacibliyini xatırladan mesajlardır".
"Cebheinfo.az"
Açar sözlər: mükafat Qulamhüseyn Əlibəyli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin