Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Avropa səhnəsində Azərbaycan futbolunun ən parlaq gecələrindən biri yenidən gerçəkləşir. Bu dəfə "Qarabağ" klubu tarixində ilk dəfə Çempionlar Liqasında məğlubedilməz rekordları ilə tanınan İngiltərə nəhəngi "Liverpul"la qarşılaşacaq.
"Anfield" stadionunda keçiriləcək bu qarşılaşma yalnız nəticə baxımından deyil, həm də taktiki zəka, sürət və qətiyyət baxımından diqqətəlayiq olacaq.
"Köhlən atlar" meydanda enerji və ruh yüksəkliyini nümayiş etdirməyə, "Qırmızılar" isə Avropanın elit klub təcrübəsini ortaya qoymağa çalışacaq.
Futbol azarkeşlərini gözləyən bu epik duel həm şərəf mücəssəməsi olan komandamızın simasını, həm də Azərbaycan futbolunun beynəlxalq arenadakı mövqeyini sınayacaq.
Bəs hesab necə ola bilər? İddialar nələrdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən futbol şərhçisi Ramiz Mirzəzadə deyib ki, bu oyun hamıya bəlli olduğu kimi, çətin olacaq:
"Şansımız o qədər də yüksək deyil, çünki qarşı tərəf Çempionlar Liqasının tarixində ən çox uğur qazanmış klublardan biridir. "Liverpul" Avropanın ən güclü komandalarından sayılır və onlar "Anfield" stadionunda nadir hallarda məğlub olurlar. Hətta belə mötəbər arenada "Real Madrid" belə məğlubiyyət yaşamışdı, bu isə göstərir ki, istənilən nəticə böyük mübarizə tələb edir".
Onun sözlərinə görə, son 4 oyunda İngiltərə təmsilçisi 1 məğlubiyyət və 3 heç-heçə ilə kifayətlənib, yəni onların forması da sabit deyil:
"Klub daxilində baş məşqçi Arne Slot ilə yolların ayrılması məsələsi gündəmdədir. Belə vəziyyətlər, xüsusilə də Çempionlar Liqasının kritik mərhələlərində, komandanın motivasiyasına və oyun tempinə təsir edə bilər".

Ramiz Mirzəzadə: Qurban Qurbanovun rəhbərliyi altında bu cür situasiyalarda komandamız gözlənilməz nəticələr göstərə bilir
Həmsöhbətimiz qeyd edib ki, böyük komandalar "Qarabağ"la oyundan öncə təsadüfən də olsa məşqçi dəyişikliyinə gedir, "Köhlən atlar" isə belə oynamağa öyrəşib:
"Qurban Qurbanovun rəhbərliyi altında bu cür situasiyalarda komandamız gözlənilməz nəticələr göstərə bilir. Bəlkə də, bu dəfə qələbə qazana bilsək, ölkəmizin klub futbol tarixində ən böyük uğurlarından birinə imza atmış olacağıq. Bu dəfə Qurban Qurbanovun "qurbanı" "Liverpul" ola bilər".
Sonda Ramiz Mirzəzadə vurğulayıb ki, ən yaxşı nəticə sayılmasa belə, xal qazanmağın özü ciddi uğur hesab olunur:
"Futbolçularımızın səyi və azarkeşlərin dəstəyi ilə bu sınaqdan da üzüağ çıxmaq mümkündür. Onların göstərdiyi ruh və mübarizə həmişə bizləri sevindirir və ümidləndirir. Qarşıdakı oyun həm komanda, həm də ölkə futbolu üçün əlamətdar hadisə ola bilər".
Əli Hüseynov