Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Son illər kanalizasiya quyularına və kollektor xətlərinə düşərək insanların həyatını itirməsi halları qeydə alınır. Açıq qalan və ya üzəri düzgün bağlanmayan quyular insanların həyatı üçün ciddi təhlükə yaradır. Belə hadisələr baş verdikdən sonra isə məsuliyyət məsələsi gündəmə gəlir.
Son olaraq Hacıqabul şəhərində Şirvan sakini, 1981-ci il təvəllüdlü Namiq Babayevin kanalizasiya quyusuna düşərək ölməsi bu problemi yenidən diqqət mərkəzinə gətirib. Bundan əvvəl, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonunda kollektorun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya sularına düşərək itkin düşmüşdü. Onun meyiti iki gün sonra Hövsan qəsəbəsində yerləşən təmizləmə anbarında tapılmışdı.
Baş verən bu hadisələr və ölüm hallarında məsuliyyəti kim daşıyır?
Mövzu ilə bağlı "Cebheinfo.az"a danışan vəkil Cahangir Qasımzadə deyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşın kanalizasiya quyusuna (lüka) və ya xəttinə düşməsi zamanı məsuliyyət həmin kommunikasiya xəttinin kimin balansında olmasından və hadisənin başvermə səbəbindən asılı olaraq müəyyən edilir:
"Bu kimi hallarda hüquqi məsuliyyət bölgüsü və görülən tədbirlər üç əsas istiqamətdə tənzimlənir: Məsuliyyətin kimin üzərində olması (Balans mənsubiyyəti). Azərbaycan Respublikasının "Su təchizatı və tullantı suları haqqında" Qanununa və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Əsasnaməsinə əsasən, xətlərin işlək vəziyyətdə saxlanılması və təhlükəsizliyi bilavasitə balans saxlayıcısının öhdəliyidir.
Ümumi istifadədə olan şəhər və qəsəbə şəbəkələri: Küçə və prospektlərdə yerləşən mərkəzi kanalizasiya və yağış suları kollektorlarının, eləcə də onların baxış quyularının (qapaqlarının) texniki vəziyyətinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yerli sukanal idarələri (məsələn, Bakı Su Kanal İdarəsi və ya regional idarələr) cavabdehdir".
Vəkil əlavə edib ki, kanalizasiya quyusuna görə MTK, JEK və podratçılar da məsuliyyət daşıya bilər:
"Bina həyətləri və MTK-lar: Çoxmənzilli yaşayış binalarının həyətyanı sahələrində yerləşən daxili şəbəkələrə görə həmin əraziyə xidmət göstərən Mənzil-Tikinti Kooperativi (MTK), Mənzil İstismar Sahəsi (MKİS/JEK) və ya bina idarəetmə şirkəti məsuliyyət daşıyır.
Özəl müəssisələr və fərdi ərazilər: Hər hansı obyektin, zavodun və ya fərdi tikilinin ərazisindəki xətlərə görə birbaşa mülkiyyətçi və ya istifadəçi cavabdehdir. Tikinti və təmir aparan podratçılar: Əgər ərazidə yol çəkilişi və ya kommunikasiya təmiri aparılırsa və xəbərdaredici nişanlar, qoruyucu çəpərlər qoyulmayıbsa, məsuliyyət işləri icra edən podratçı şirkətin üzərinə düşür".
Cahangir Qasımzadə vurğulayıb ki, qapaq oğurlansa belə, məsuliyyət sukanal idarəsinin üzərindən götürülmür:
"Qapaqların oğurlanması halı: Quyunun qapağı naməlum şəxslər tərəfindən oğurlanıbsa belə, istismarçı qurumun (məsələn, sukanal idarəsinin) mütəmadi baxış keçirməməsi və təhlükəni vaxtında aradan qaldırmaması onun vəzifə səhlənkarlığı kimi qiymətləndirilir".
O bildirib ki, belə bir hadisə baş verdikdə həm operativ, həm də hüquqi müstəvidə ardıcıl tədbirlər həyata keçirilir:
"Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunur. Quyuda köməksiz vəziyyətdə qalan şəxs xilas edilərək oradan çıxarılır və ona ilkin tibbi yardım göstərilir. Quyunun balans mənsubiyyətinə uyğun olaraq məsul qurumun qəza-bərpa briqadası hadisə yerinə cəlb olunur. Açıq qalmış quyu yeni qapaqla bağlanır, yolun çökməsi və ya digər təhlükəli vəziyyət yarandıqda ərazi dəmir çəpərlərlə mühafizə olunur və zəruri təmir-bərpa işlərinə başlanılır.
Hadisə yerinin aid olduğu rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırma başladılır. Məhkəmə-tibb ekspertizası (xəsarətin və ya ölümün səbəbini müəyyən etmək üçün) və məhkəmə-texniki ekspertiza (xəttin niyə çökdüyünü və ya açıq qaldığını müəyyən etmək üçün) təyin edilir.
Qurum daxilində həmin əraziyə (sahəyə) cavabdeh olan mühəndis, sahə rəisi və ya texniki nəzarətçinin vəzifə təlimatları götürülür. Nəzarətsizlik sübuta yetirilərsə, həmin şəxs barəsində cinayət işi açılır və iş məhkəməyə göndərilir.
Rezonans doğuran hadisələrdən sonra ADSEA və yerli icra hakimiyyətləri tərəfindən digər ərazilərdəki baxış quyularının monitorinqi aparılır, çatışmayan qapaqlar yenilənir və qəzalı vəziyyətdə olan kollektorların dəyişdirilməsi üçün tədbirlər planı icra olunur".
Vəkilin sözlərinə görə, vətəndaşlar açıq kanalizasiya quyusu və ya digər təhlükəli kommunikasiya xətti aşkar etdikdə, bu barədə dərhal Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzinə və ya Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat verməlidirlər:
"Vətəndaş belə bir hadisə nəticəsində zərər çəkərsə, hadisə yerinin foto və video görüntülərini qeydə almalı, şahidlərin əlaqə məlumatlarını əldə etməli, həmçinin dərhal Daxili İşlər Nazirliyinin 102 və Təcili Tibbi Yardımın 103 xidmətlərinə müraciət edərək hadisənin rəsmi qeydiyyata alınmasını təmin etməlidir. Bu sübutlar sonradan məhkəmə qaydasında maddi və mənəvi zərərin ödənilməsini tələb etmək üçün əhəmiyyət daşıyır".
Əfsanə Rəcəb
"Cebheinfo az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin