Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumunun açılış mərasimində çıxışı zamanı deyib.
O, bildirib ki, rəqəmsal texnologiyalar əsrində biz şəxsiyyətin formalaşdırılması, ictimai inteqrasiya, sosial məsuliyyət və qlobal dialoqun əsas vasitələrindən biri kimi çıxış edən dini təhsil modeli qurmağa can atırıq.
"Çox aydın bir həqiqətdir ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri, ənənələri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır.
Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xəttin üzərində qurulmuş yeni bir model lazımdır.
Bu model mənəvi dəyərlərin qorunması, sosial inteqrasiya və qlobal dialoqa hazırlıq kimi strateji vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər.
Çünki rəqəmsal texnologiyalar, mənəvi dəyərlər, qlobal çağırışlar, multikulturalizm, dini radikalizm kimi sosial-psixoloji amilləri nəzərə almadan uğurlu dini təhsil modeli yaratmaq mümkünsüz görünür".