Ramin Məmmədov: Biz müxtəlif dini təhsil modellərinin ən faydalı tərəflərini, öyrənərək universal bir variant tapa bilərik
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumunun açılış mərasimində çıxışı zamanı deyib.
O, bildirib ki, rəqəmsal texnologiyalar əsrində biz şəxsiyyətin formalaşdırılması, ictimai inteqrasiya, sosial məsuliyyət və qlobal dialoqun əsas vasitələrindən biri kimi çıxış edən dini təhsil modeli qurmağa can atırıq.
"Çox aydın bir həqiqətdir ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri, ənənələri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xəttin üzərində qurulmuş yeni bir model lazımdır. Bu model mənəvi dəyərlərin qorunması, sosial inteqrasiya və qlobal dialoqa hazırlıq kimi strateji vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər. Çünki rəqəmsal texnologiyalar, mənəvi dəyərlər, qlobal çağırışlar, multikulturalizm, dini radikalizm kimi sosial-psixoloji amilləri nəzərə almadan uğurlu dini təhsil modeli yaratmaq mümkünsüz görünür".
Sədrin sözlərinə görə, İslam dünyası mənəvi dərinliyi ilə, Qərb isə metodoloji strukturu ilə fərqlənir:
"Bu iki təcrübənin sintezi, qlobal səviyyədə inklüziv, lakin mənəvi əsaslara sadiq modelin yaradılmasına imkan verir. Müasir dünyada artıq din təhsili sadəcə dini biliklərin aşılanması və dini maarifləndirmənin genişləndirilməsi vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün ən effektiv platformalardan birinə çevrilib. Biz müxtəlif dini təhsil modellərinin ən faydalı tərəflərini, səmərəli təcrübəni öyrənərək universal bir variant tapa bilərik. Bu elə bir model olmalıdır ki, heç bir xalqın, cəmiyyətin ənənəvi dəyərlərinə, tarixi keçmişinə, eyni zamanda dünyagörüşünə zidd olmasın. Eyni zamanda müasir çağırışları ehtiva edə bilsin. Bəlkə ümumiyyətlə bu axtarışlara ehtiyac yoxdur – hər xalqın öz modelini qoruması daha məntiqlidir? Bugünkü simpoziumun cavab axtardığı əsas suallardan biri də məhz bu olacaqdır".
Banu Hüseynli


