Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Gənclərimizin əmək bazarına çıxışında ciddi və sistemli bir problem mövcuddur: işəgötürən təcrübə tələb edir, gənc isə təcrübəni yalnız işləməklə qazana bilər.
Bu ziddiyyət illərdir aradan qaldırılmır və nəticədə minlərlə gənc ya işsiz qalır, ya da qeyri-rəsmi məşğulluğa məcbur olur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, təşəbbüsü bu sistem boşluğunun qanunvericilik səviyyəsində doldurulmasına yönəlib:
“Təklif edirəm ki, ilk dəfə rəsmi əmək müqaviləsi ilə işə qəbul olunan gəncləri işə götürən müəssisələr üçün vergi və sosial sığorta güzəştləri tətbiq edilsin. Bu addım işəgötürən üçün əlavə yükü azaldacaq, gənclər üçün isə real iş imkanları yaradacaq.
Eyni zamanda dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində “ilk iş yeri” proqramlarının qanunla təsbit olunması vacibdir. Bu proqramlar sadəcə statistik məşğulluq deyil, konkret müddət, real bacarıq və davamlı iş perspektivi üzərində qurulmalıdır.
Bu təşəbbüsün məqsədi yalnız gəncləri işlə təmin etmək deyil. Məqsəd gənc kadr potensialını itirməmək, insan kapitalına erkən investisiya qoymaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və uzunmüddətli iqtisadi inkişaf üçün sağlam əmək bazarı formalaşdırmaqdır.
İnanıram ki, bu yanaşma sosial məsuliyyətlə iqtisadi səmərəliliyin düzgün balansını yaradacaq və gənclər arasında işsizliyin azalmasına real töhfə verəcək”.
Razi Nurullayev çıxışının davamında kəndlərin inkişafı məsələsinə də toxunub. Deputat qeyd edib ki, hazırda kəndlərin inkişafı ilə bağlı əsas problemlərdən biri torpaq icarəsi və torpaqdan istifadə prosedurlarının mürəkkəbliyi, eləcə də kənd yerlərində fəaliyyət göstərən istehsal və emal müəssisələri üçün stimulların yetərli olmamasıdır. Bu maneələr kənddə istehsalı zəiflədir, investisiya marağını azaldır və nəticədə gənclərin regionlardan köçünü sürətləndirir.
R.Nurullayev təklif edib ki, torpaq icarəsi və istifadəsi ilə bağlı prosedurlar sadələşdirilsin, xüsusilə kənd yerlərində fəaliyyət göstərən emal müəssisələri üçün vergi və sosial güzəştlər artırılsın. Bu, kənddə əlavə dəyər yaradan istehsalın inkişafına real stimul verəcək:
“Eyni zamanda hesab edirəm ki, “Kəndlərin inkişafı haqqında” ayrıca bir qanunun qəbuluna ehtiyac var. Bu gün ölkəmizdə “ağıllı kənd” layihələri həyata keçirilir, müasir infrastruktur qurulur. Lakin bu təşəbbüslər qanunvericilik səviyyəsində sistemləşdirilməzsə, davamlı və vahid siyasətə çevrilməsi çətin olacaq.
Belə bir qanun kənd təsərrüfatı, emal sənayesi, məşğulluq, sosial infrastruktur və rəqəmsal həlləri vahid çərçivədə birləşdirərək kəndlərin uzunmüddətli inkişaf modelini formalaşdıra bilər.
Məqsədimiz yalnız kənddə istehsalı artırmaq deyil. Məqsəd kəndi yaşanan, işləyən və gələcək vəd edən məkana çevirmək, gənclərin regionlarda qalmasını təmin etmək və ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirməkdir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin