Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 19-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Dövlət başçısı səfər çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb, dünyanın aparıcı informasiya vasitələrindən biri olan “Euronews” televiziyasına müsahibə verib.
2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə, təkcə iqtisadi məsələlərə deyil, Azərbaycanın qlobal siyasətdə tutduğu mövqeyə dair mühüm mesajlarla yadda qaldı. Bu müsahibə, Azərbaycanın artıq regional aktor olmaqla kifayətlənməyib, qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibədə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Qlobal iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi və iqlim çağırışları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, ölkənin uzunmüddətli strateji baxışının nəticəsi kimi təqdim olundu.
Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur.Prezident İlham Əliyev öz müsahibəsində yaxın qonşumuz olan İranla münasibətlərə toxunub. Qeyd edilib ki, “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”.Bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın daxili sabitliyini və ardıcıl islahat siyasətini xüsusi qeyd edərək, dayanıqlı inkişafın yalnız iqtisadi göstəricilərlə deyil, siyasi müstəqillik və sosial məsuliyyətlə mümkün olduğunu vurğuladı. Bu yanaşma, qlobal miqyasda artan risklər fonunda Azərbaycanın niyə etibarlı tərəfdaş kimi qəbul edildiyini izah edir. Xüsusi diqqət çəkən məqamlardan biri Prezidentin regional əməkdaşlıqla bağlı mövqeyi oldu. Azərbaycan nəqliyyat, logistika və enerji xətlərinin kəsişməsində yerləşən ölkə kimi, yeni iqtisadi marşrutların formalaşmasında aktiv rol oynadığını açıq şəkildə bəyan etdi. Bu isə ölkənin geosiyasi çəkisinin artdığını göstərən mühüm amildir. Prezident İlham Əliyevin Davosdan verdiyi müsahibə, sadəcə cari vəziyyətin dəyərləndirilməsi deyil, həm də gələcəyə yönəlmiş strateji baxışın ifadəsi idi.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri