Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi başa çatır.
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Bildirilir ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.
Qeyd edək ki, təmayül tədris modeli ölkədə əvvəllər də tətbiq olunub və o qədər də müsbət nəticə əldə edilməyib. Yeni təmayül tədris modeli repetitorluğun qarşısını alacaqmı?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, ölkədə pilot layihə kimi təqdim olunan təmayül tədris modeli bundan əvvəlki dövrdə də tətbiq edilib:
“Ancaq bu il bir qədər həm əhatəlilik artıb, həm də ümumi proqramda dəyişikliklər var. Yəni həm qrup rəhbəri təyinatı, həm pedaqoji kadrların prosesə cəlb olunması kimi amillər var.
Bu cür yanaşma bir neçə müddət sonra özünü doğrultduğu halda həm repetitorluq, həm də hazırlıq kursları istiqamətində ciddi təsir göstərəcək. Bununla da konkret olaraq şagirdlər orta məktəbdə həm universitetə hazırlıq, həm də fənn proqramlarını öyrənməklə birbaşa ali məktəbi qazana biləcəklər.
Ona görə də bu yanaşma 70-80 faiz repetitorluq və hazırlıq kurslarına təsir edəcək”. Ekspertin sözlərinə görə, bu modelin uğurlu olması üçün əlavə şərtlər kimi müntəzəm olaraq proses izlənilməlidir:
“Aylıq sınaq imtahanları vasitəsilə onların bilik və bacarıqları qiymətləndirilməlidir. Bunun üzərindən alınan qərarlar şagirdlərin ümumi inkişafına təsir göstərməlidir.
Yəni əgər şagirdin nəticələrində geriləmə varsa, onun artırılması istiqamətində və yaxud da hansısa şagirdin test texnologiyası zəifdirsə, bütün bunların aradan qaldırılması istiqamətində problem aradan qaldırılarsa, proses daha uğurlu ola bilər.
Proses özünü doğrultsa, bunu digər bölgələrimizdə də daha əhatəli şəkildə tətbiq edə bilərik. Yəni təmayül siniflər təşkil etmək və nəticəyönümlü qərarlar qəbul etməklə ümumilikdə bölgələrlə yanaşı, eyni zamanda ucqar ərazilərdə də tətbiq etmək olar. Yəni əsas müsbət nəticənin əldə edilməsidir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Repetitorlar Elçin Əfəndi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin