Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Kubokunun II təsnifat mərhələsində səfərdə “Kəpəz”ə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Baku Sportinq”in 17 yaşlı futbolçusu Elşən Hidayətov “Futbolpress.az“ın suallarını cavablandırdı:
– İlk növbədə, özünüzü təqdim edərdiniz…
– Mən Elşən Hidayətov. 2009-cu il təvəllüdlüyəm, 17 yaşım var. Bu mövsümün əvvəlində “Qəbələ”dən “Baku Sportinq”ə transfer olunmuşam.
– 17 yaşında “Kəpəz” kimi güclü rəqibə qarşı ölkə kubokunda meydana çıxmaq necə bir hiss idi? Matç barədə təəssüratlarınız necə oldu?
– “Kəpəz”ə qarşı keçirilən kubok oyununda start heyətdə meydana çıxdım. Əlbəttə ki, çox sevincliyəm, mənim üçün böyük fəxrdir. Belə güclü bir komandaya qarşı meydanda olmaq və 90 dəqiqə sonadək mübarizə aparmaq inanılmaz bir hissdir. Həm stadionun ab-havası, həm də azarkeşlərin dəstəyi mükəmməl idi. Çox maraqlı və gərgin oyun alındı. Rəqib səviyyəcə bizdən üstün idi, lakin biz də meydanda əlimizdən gələni etdik.
– Komandanız matçın böyük hissəsində əzmkar təsir bağışladı. Yekun hesab istədiyiniz kimi olmasa da, meydanda belə bir rəqibə qarşı mübarizə aparmaq sizə fərdi olaraq nə qazandırdı?
– Əlbəttə ki, Premyer Liqa təmsilçisinə, “Kəpəz” kimi təcrübəli komandaya qarşı oynamaq mənə böyük təcrübə qazandırdı. Bu səviyyədəki oyunların tempi və mübarizəsi gələcək inkişafım üçün çox önəmlidir.
– Futbola gəlişiniz necə olub? İlk addımlarınızı harada atmısınız və sizi yaşıl meydanlara bağlayan nə oldu?
– Mənim atam Vaqif Hidayətov məşqçidir. Vaxtilə “Turan Tovuz”, “İnter”, “Bakı” və “Rəvan” kimi klublarda çalışıb. Məni uşaq yaşlarımda o vaxtkı “İnter” (indiki “Şamaxı”) klubuna apardı. Orada məşqçimiz Elmir Hüseynov seçimlərdə məni bəyənib komandaya qəbul elədi. Daha sonra “Neftçi” və “Qəbələ” akademiyalarında təcrübə keçdim. “Qəbələ”nin U-17 və U-19 komandalarında çıxış etdim. Cari mövsümün əvvəlindən isə hazırkı komandam olan “Baku Sportinq”də oynayıram.
– Gələcəkdə özünüzü hansı səviyyədə görürsünüz, əsas xəyalınız nədir?
– Əsas xəyalım Avropanın “Böyük beşlik” çempionatlarında çıxış edən top-klublardan birində oynamaqdır. Bunun üçün üzərimdə çalışmaqda davam edəcəyəm.
– Son olaraq, dünya və Azərbaycan futbolunda ən çox bəyəndiyiniz, kumir hesab etdiyiniz futbolçular kimlərdir?
– Dünya futbolundan aktiv olaraq oyununu ən çox izlədiyim və bəyəndiyim futbolçu Lamin Yamaldır. Azərbaycan futbolunda isə oyun tərzini ən çox bəyəndiyim futbolçu Elvin Cəfərquliyevdir.
Ayxan Zayıdzadə