Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Almaniya ilə bağlı videolarda qarşımıza vaxtaşırı belə bir səhnələr çıxır: avtomobillər sağa və sola çəkilərək təcili yardım üçün yol açır. Beləcə, operativ nəqliyyat vasitəsi təyinat yerinə sürətini azaltmadan gedə bilir.
Bizdə də operativ nəqliyyat vasitələrinə (ONV) yol vermək məsələsi vaxtaşırı gündəlikdə olur. Bəzən təcili yardım və ya yanğınsöndürənlər hansısa sürücünün onlara yol verməsi/verməməsi barədə videolar paylaşırlar. Obyektivlik naminə demək lazımdır ki, 10-15 il əvvəlki ilə müqayisədə bu sahədə ciddi irəliləyiş var. Maarifləndirmə və cərimələr də müsbət mənada sözünü deyir. Lakin, məsələnin başqa tərəfləri də var.
Fərdi olaraq Azərbaycanda əksər sürücülər ONV-yə yol vermək lazım olduğunu bilir və buna kifayət qədər əməl edirlər. Lakin, tək əldən səs çıxmadığı kimi, məsələ kütləvi olmadığı üçün hələ arzuolunan nəticə əldə edilməyib. Bunun üçün sistemli yeniliklər tətbiq edilməlidir.
Məsələn, Almaniyada “Rettungsgasse” (retunqsqazze – xilasetmə dəhlizi) deyilən sistem mövcuddur. Sistem tıxacların formalaşmağa başladığı 60-cı illərdən tətbiq edilir. XX əsrdə isə Mərkəzi Avropanın bir çox dövləti bu sistemi müəyyən dəyşikliklərlə tətbiq edib. Bəs sitem necə işləyir?
Qaydaya görə hərəkət yavaşladıqda və ya dayandıqda 3 və daha çox cərgəli yolda avtomobillər sola və sağa çəkilməklə orta yolu boşaldırlar. Bu zaman kənara çəkilən avtomobillər ehtiyat və ya xüsusi ayrılmış yola da girə bilər.
Qayda sürücülük məktəblərində öyrədilir və qanunla təsbit edilib. ONV-yə yol verməməyə görə 300 avroyadək cərimə və 2 cərimə balı nəzərdə tutulur. Xüsusi təyinatlı texnika üçün boşaldılmış yoldan ötmək və ya qabağa düşmək məqsədi ilə istifadə edənlər isə həbs olunur!
Sistem Azərbaycanda da tətbiq edilə bilər. Prinsipcə, qanunvericilik beynəlxalq normalara uyğun olaraq ONV-yə yol verilməsini sürücülər qarşısında tələb kimi qoyur.
Lakin, bütün hallarda sürücünü ittiham etmək mümkün deyil. Bəzən təcili yardım sürücüsü qısa müddət siqnal verdiyi üçün sürücülər səsin hardan gəldiyini bilmirlər.
Yaxud, yanğınsöndürən avtomobilin sürücüsü yalnız tıxacda obrazlı desək, dirəndikdən sonra qarşısındakı sürücüdən mikrofonla yol istəyir. Hər 2 halda sürücülər istəsələr belə, tələbi yerinə yetirə bilmirlər. Digər tərəfdən, qanuna görə ONV-nin üstünlüyü yalnız sayrışan işıqlar və səs siqnalları qoşulduğu halda yaranır.
Mental olaraq azərbaycanlı sürücülər sayrışan işıqla hərəkət edən avtomobilə yol verməyin zərurətini anlayırlar (şəxsən rastlaşdığım hadisə: Yasamal rayonunun talıblı küçəsində təcili yardıma yol vermək üçün 2 VAZ-2107-nin sürücüləri avtomobili səkiyə qalırdılar. Onlardan biri dərhal maşından düşərək ara küçədən çıxmaq istəyən nəqliyyat vasitələrini dayandırdı. 2 gənc bu davranışı ilə əsl vətəndaşlıq ümunəsi göstərdi. Bu həm də 2107 sürücüləri barədə avtoxuliqan reputasiyasının formalaşdığı dövrdə baş verib).
Lakin fərdi davranışın kütləviliyə çevrilməsi üçün də müəyyən mərhələnin aşılması vacibdir. Bunun üçün ilk növbədə ONV-yə yol verilməsi məsələsi tədris proqramına salınmalı, mediada təbliğat kampaniyaları aparılmalıdır.
Ən başlıcası isə sovetdənqalma sürücülük vərdişlərindən xilas olmaq zəruridir. Bu gün gecə saatlarında Şərifzadə və ya Azadlıq prospektinə sıxlıq vaxtı avtomobillərə baxsaq, xaotik hərəkətin şahidi olarıq. Azərbaycan yollarında cizgilərin, üfüqi nişanlama xətlərinin olmadığı dövrdən qalmış vərdişlər təəssüf ki, bəzi sürücülər üçün norma olaraq qalır. Buna görə də “yola sığmayan sürülər” fenomeni yaranır.
İkinci pis vərdişimiz isə şəhər yollarında ara məsafəsinə məl edilməməsidir. Tıxac vaxtı bəzi avtomobillərin arasından distansiya hətta 1 piyadanın təhlükəsiz keçə bilməyəcəyi qədər olur (bu məsələnin öhdəsindən bəzi ölkələr 70-ci illərdə çox primitiv üsulla gəliblər: polis 2 və ya 3 metrlik taxta profillə svetoforda dayanan avtomobillər arasında məsafəni ölçür. Profil yerləşməsə, cərimə yazılırdı. İndi bunu radarlar edir).
Bu 2 pis vərdiş aradan qalxamayanadək retunqsqazzenin qurulması mümkün olmayacaq. Ancaq bədbinliyə qapılmağa ciddi əsas yoxdur. Yollarımızdakı 15 il əvvəlki vəziyyətlə indiki arasında müsbət mənada diametral fərq mövcuddur.
Vüqar Yaşaroğlu
YouTubehttps://www.youtube.com/watch?v=rwD9_XRlhkY