Reytinq naminə gündəmə çevrilən dava şousu... Televiziya efirləri nəyi təbliğ edir?

04.02.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər televiziya efirlərinə diqqət yetirəndə bir mənzərə açıq görünür: musiqi yox, söz-söhbət; sənət yox, qalmaqal; yaradıcılıq yox, dava-dalaş ön plandadır. Xüsusilə, müğənnilərin iştirakı ilə yayımlanan verilişlərdə süni qarşıdurmalar yaradılır, şəxsi münasibətlər şouya çevrilir və bu mübahisələr günlərlə ictimai gündəmi zəbt edir.

Əslində bu davaların böyük hissəsi təsadüfi deyil. Reytinq uğrunda gedən yarışda bəzi telekanallar üçün qalmaqal artıq əsas “məzmun”a çevrilib. Aparıcılar bilərəkdən tərəfləri üz-üzə gətirir, illər əvvəl bağlanmış mövzular yenidən qızışdırılır, emosional reaksiya doğuracaq suallar verilir. Nəticədə efir müzakirə platformasından çox, mübahisə meydanını xatırladır.

Bu prosesdə uduzan ilk növbədə tamaşaçıdır. Cəmiyyət efirdən maarifləndirici fikir, mədəni debat, sənətə dair müzakirə gözlədiyi halda, ona şəxsi intriqalar təqdim olunur. Müğənnilərin səsi, ifası, yaradıcılığı ikinci plana keçir, kim kimin haqqında nə dedi, kim kimə cavab qaytardı əsas mövzu bu olur.

Daha təhlükəli məqam, bu cür davaların normallaşdırılmasıdır. Televiziya kütləvi təsir vasitəsi olduğundan, efirdə nümayiş olunan davranış modelləri ictimai şüura təsir edir. Qışqırıq, təhqir, qarşılıqlı ittiham reytinq gətirirsə, bu, dolayısı ilə aqressiv ünsiyyətin “normal” kimi qəbul edilməsinə xidmət edir. Xüsusilə gənc auditoriya üçün bu, yanlış nümunədir.

Müğənnilərin də bu prosesdə məsuliyyəti az deyil. Bəziləri gündəmdə qalmaq üçün bilərəkdən mübahisələrə girir, sosial şəbəkələrdə efirdə deyilənləri davam etdirir, qalmaqalı böyüdür. Çünki bilirlər ki, dava olan yerdə dəvət var, dəvət olan yerdə isə pul və diqqət.

Beləliklə, bir qapalı dövr yaranır: kanal reytinq istəyir, müğənni görünürlük, tamaşaçı isə seçim imkanı olmadığı üçün eyni mənzərəni izləməyə məcbur qalır. Nəticədə efirlər mədəniyyətin güzgüsü olmaqdan çıxıb, qalmaqal vitrininə çevrilir. Halbuki efir cəmiyyətə daha çoxunu verə bilər. Müxtəlif musiqi janrlarının inkişafı, canlı ifalar, sənətkarların təcrübə mübadiləsi, mədəni irsə dair söhbətlər tamaşaçı üçün daha faydalı və uzunömürlü məzmun olardı. Amma qısamüddətli reytinq naminə bu imkanlar qurban verilir.

Efirlər gündəmi formalaşdırmalıdır, yoxsa gündəmin ən ucuz tərəfini istismar etməlidir? Əgər televiziya yalnız dava-dalaşı təbliğ edəcəksə, onda onun cəmiyyət qarşısındakı məsuliyyəti harada qalır?

Reytinq keçicidir, amma efirdə formalaşan düşüncə tərzi qalıcıdır. Bu həqiqət nə qədər tez qəbul olunsa, televiziya məkanı da bir o qədər sağlamlaşa bilər.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью