Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın paytaxtında Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyinə həsr olunmuş “Gələcəyin qorunması: rəqəmsal texnologiyalar və süni intellekt dövründə mədəni irsin mühafizəsi və təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası: milli irsin qorunmasından qlobal informasiya məkanına” mövzusunda məruzə və təqdimatla çıxış edib.
O, Milli Kitabxananın elektron kataloqu üçün biblioqrafik yazıların hazırlanmasında süni intellekt texnologiyalarının tətbiqi, müxtəlif əlifbalarda nəşr olunmuş yazılı irsin optik simvol tanıma (OCR) texnologiyası vasitəsilə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunan professor bildirib ki, Azərbaycan Milli Kitabxanası 130-dan artıq ölkənin milli və universitet kitabxanaları ilə kitab mübadiləsi aparır, xarici ölkələrin milli kitabxanalarında Azərbaycan ədəbiyyatı bölmələrinin yaradılmasını təşviq edir.
Konfransın yekununda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnoloya Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən “Tükənməz xəzinə” (“Boundless Treasure”) kitabını və ölkəmizin xəritəsini hədiyyə edib.
Öz növbəsində, Stefano Campagnolo Kərim Tahirova Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyi münasibətilə xüsusi hazırlanmış, Kolizeyin qədim görünüşünü əks etdirən XVI əsrə aid qravüranın reproduksiyasını təqdim edib. Məhdud sayda – cəmi 30 nüsxədə çap olunan reproduksiyanın 19-cu nüsxəsi Azərbaycan Milli Kitabxanasına hədiyyə edilib.
XQ