Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Tədrisi müxtəlif xarici dillərdə, xüsusilə də rus dilində aparılan məktəblərlə bağlı müzakirələr davam edir.
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına müsahibəsi zamanı deyib ki, tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin həftəlik dərs saatı artırılıb. Bu da həmin siniflərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəldəcək. Nazir bildirib ki, tədrisi digər dillərdə aparılan siniflər üçün buraxılış imtahanlarının məzmunu baxımından da dəyişikliklər nəzərdə tutulmalıdır:
"Ali təhsil müəssisələrinə qəbul məsələsi də müzakirə olunan məsələlərdəndir. Çünki qəbul prosesi zamanı tədris digər dillərdə olan siniflərlə Azərbaycan bölməsi ayrı-ayrı şkalalar üzrə aparılır, bu da ayrı-ayrı keçid ballarının olmasına gətirib çıxarır. Azərbaycan dilinin vacib olduğu ixtisaslarda, xüsusilə "Tibb" və "Hüquq" kimi ixtisaslarda müsabiqənin eyni şkala üzrə aparılması vacibdir".
Nazir qeyd edib ki, tədrisi digər dillərdə aparılan sinfi bitirən şagirdin daha aşağı balla eyni ixtisası seçə bilməsi ədalətli deyil: "Həmkarlarımızla birlikdə bu məsələnin üzərində işləyirik. Yenə deyirəm, Azərbaycan vətəndaşlarının Azərbaycan dilində səlis, dürüst danışması Azərbaycan təhsilinin prioritetidir. Fərqi yoxdur ki, hansı dildə tədris alırlar, burada kompromisə yer yoxdur".
Qeyd edək ki, son vaxtlar müəllim çatışmazlığı səbəbilə tədrisi rus dilində olan məktəblərin sayında azalma müşahidə edilir. Onu da vurğulayaq ki, uşaqların tədrisi rus dilində olan məktəblərə oxuması heç də birmənalı qarılanmır. Bu isə müxtəlif amillərlə izah edilir. Belə ki, övladının rus dilində oxumasını prestij hesab edənlərlə yanaşı, məhz bu dildə təhsil alanların daha az bal toplamaqla ali məktəbə qəbul imkanını ədalətsiz hesab edənlər də var. Onların arqumentinə.əsasən, niyə dövlət vəsaiti hesabına xarici dildə təhsil alan vətəndaş daha aşağı balla ali məktəbə qəbul olmalıdır?
Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”-a bildirib ki, xarici dillərdə, o cümlədən rus dilində tədrislə bağlı uzun müddətdir müzakirələr gedir:
“Müxtəlif yanaşmalar var, proseslər gedir. Bu baxımdan, bizim qarşımızda duran ən vacib məsələlərdən biri, hər bir Azərbaycan vətəndaşının dövlət dilini yüksək səviyyədə bilməsidir. Heç şübhəsiz ki, hər bir vətəndaş mütləq şəkildə Azərbaycan dilini bilməli, danışmağı bacarmalıdır. Hər bir azərbaycalı da buna əməl etməlidir. Yeni yanaşma ondan ibarətdir ki, məktəblərimizdə bu istiqamətdə addımlar atılmaqdadır. Bu məqsədlə ardıcıl, sistemli tədbirlər həyata keçirilməkdədir. Burada məsələnin əsas mahiyyəti odur ki, digər dillərdə tədrisi olan məktəblərdə Azərbaycan dili tədris olunmur. Eyni zamanda, belə bir məsələ var ki, rus dilində ali məktəbə qəbul prosesinin daha asan olduğunu bildikləri üçün belə addımlar atırlar. Burada da cəmiyyəti zaman-zaman narahat edən məsələlər olur.
Bir məqamı xüsusi nəzərə almalıyıq ki, bizə Azərbaycan, rus, ingilis dilində də mütəxəssislər lazımdır. Bu gün həmin məsələdə yanlış mövqe tutmağı, “bütün bu məktəblər bağlanmalıdır” deməyi yalnış hesab edirəm". Deputatın fikrincə, burada başqa bir məqam isə uşaqların digər dillərdə də danışması üçün addım atmasıdır: "Biz onların tamamilə ali təhsil almasını da önləyə bilmərik. Ona görə diqqətli olmalı və bu reallığı nəzərə almalıyıq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Rus bölməsi Ceyhun Məmmədov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin