RUS DİLİNDƏ TƏHSİL DAVASI APARANLAR... Və deputatın “qərbliyə salınan” iradı

18.11.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özünü ziyalı hesab edən tanınmış rusdilli simaların rus dilində təhsili necə “qan-tər içində” müdafiə etdiyini görəndə, bunun arxasında hansısa başqa məqamların durduğuna dair ciddi şübhələr yaranır

"Hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır. bir şagirdin dövlət büdcəsi hesabına illik maliyyələşməsi 2 min manat təşkil edir. Azərbaycanda, görəsən, ingilis, çin və fransız dillərində dövlət hesabına təhsil verən məktəb varmı? Demək olar ki, yoxdur. Belə olan halda görəsən rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?!”

Millət vəkili Hikmət Məmmədovun Milli Məclisdə sələndirdiyi bu fikirlər geniş müzakirələrə, hətta mübahisələrə səbəb olub.

Əslində, bu polemikalara çox qısa və sərt cavab Azərbyacan Konstitusiyasının 21-ci maddəsidir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”! 

Vəssalam. Qanunla Azərbaycanda rus dilinin hər hansı rəsmi və ya xüsusi hüquqi (dövlət dili və ya rəsmi dil) statusu yoxdur.

Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsinə əsasən, hər kəsin ana dilindən istifadə etmək və istədiyi dildə tərbiyə və təhsil almaq hüququ vardır. Heç kəs bu hüquqdan məhrum edilə bilməz.

Qanunvericilik hər kəsə ana dilindən sərbəst istifadə etmək hüququ verir(“Ana dili” demişkən, ya xoşbəxtlikdən, ya da bədbəxtlikdən övladlarını rus sektoruna qoymağa çalışanların az qala 90 faizinin ana dili Azərbaycan dilidir…) və eyni zamanda dövlət dilinin məcburi tədrisini tələb edir.

Yəni, qanunda digər dillərdən istifadəyə heç bir qadağa yoxdur, sadəcə, dövlət dili Azərbyacan dilidir və təbii ki, dövlət hesabına təhsil də ilk növbədə dövlət dilində olmalıdır. Bu, rus dilində pulsuz təhsili birmənalı istisna, yaxud qadağan edirmi? Xeyr, etmir.


Lakin müstəqil, suveren, öz bayrağı, gerbi, dövlət dili olan bir ölkədə ümumiyyətlə bu mövzunun gündəm olması - digər bir ölkənin rəsmi dövlət dilinin bu qədər cəmiyyətə hopması və bu gün onun ətrafında bu qədər mübahisələrin edilməsi heç də strateji baxımdan ürəkaçan mənzərə deyil. Eyni zamanda, məsələn, mağazaya adi satıcı götürən zaman belə Azərbyacan vətəndaşının qarşısına rus dilini bilmək tələbinin qoyulması da qəti ürəkaçan mənzərə deyil…

Aydın məsələdir ki, Azərbaycanda əcnəbi dildə, xüsusilə də rus dilində orta və ali təhsil insan hüquqları, azad seçim və s. deyil, ilk növbədə milli təhlükəsizlik məsələsidir. Təəssüf ki, Azərbyacanın yerləşdiyi coğrafiya və qonşu dövlətlərin apardığı aqressiv xarici siyasət digər məsələlərlə yanaşı, dil məsələsində də olduqca diqqətli və ehtiyatlı davranmağı tələb edir. Bu zaman xarici dildə pulsuz təhsili dərhal qadağan edib ifrata varmaq nə qədər təhlükəlidirsə, bu dilin cəmiyyətdə həddindən artıq yayılaraq “şişməsi” – dövlət dilini sıxışdırması, nazirliklərdə, idarələrdə, banklarda və s. əsas dilə çevrilməsi, insanlar arasına “1-ci sort, 2-ci sort” ayrıseçkiliyi salması, ən əsası isə xarici dövlətin əlində yumşaq siyasi gücə, alətə çevrilməsi ondan da təhlükəlidir. Bu baxımdan adıçəkilən deputatın sözlərini “qəribliyə salmaq” qətiyyən doğru deyil…

Rus dilində təhsilin pullu olması təklifinə gəlincə, rusdilli azərbaycanlılarla Azərbaycandakı rus kökənli vətəndaşlarımızın say nisbətini götürsək, görərik ki, özlərini “rusdilli azərbaycanlılar” adlandıranlar rus kökənli həmvətənlərimizdən dəfələrlə, bəlkə də 10 dəfə çoxdurlar. Ən çox rus məktəbləri “davası” aparanlar da onlardır. Təəssüf ki, Azərbaycanda özünü ziyalı hesab edən xeyli sayda tanınmış rusdilli sima var ki, onların rus dilini və rus dilində təhsili necə “qan-tər içində” müdafiə etdiyini, hətta bu zaman öz millətini kiçiltməkdən belə çəkinmədiyini görəndə, bunun arxasında hansısa başqa məqamların durduğuna dair ciddi şübhələr yaranır. Və bu şübhələrin izi bəzən qonşu ölkələrə qədər uzanır…

Belələrinin arqumentlərində rus sektorunda təhsil Rusiya ilə tarixi, siyasi, mədəni, iqtisadi və s. əlaqələrlə izah edilir. Lakin əgər eyni məntiqdən çıxış etsək, həmin əlaqələr farslarla, gürcülərlə, hətta ərəblərlə də var. O zaman həmin dillərdə də pulsuz orta və ali təhsil təşkil edilməlidirmi?

Nəhayət, belə mövzularda dünya təcrübəsinə, xüsusilə də qonşulara baxmaqda fayda var. Nə 10 milyonlarla azərbaycanlının yaşadığı İranda, nə də yenə milyonlarla həmvətənimizin olduğu Rusiyada dövlət hesabına Azərbaycan məktəbləri (Dərbənddəki 1 məktəb istisna olmaqla) yoxdur…

Rusiyada hələ 2018-ci ildə qəbul edilən qanunla faktiki olaraq digər yerli qeyri-rus xalqların dillərində təhsilin məcburi xarakteri aradan qaldırıldı və rus dili yeganə məcburi dilə çevrildi.

Rusiya Duması bu il qeyri millətlərdən olan miqrantların uşaqlarının məktəbə qəbulunu əngəlləyən qanun hazırladı. Həmin qanuna görə, Rusiya vətəndaşı olmayan və qeyri millətlərdən olanların övladlarına orta təhsil pulla veriləcək. Yəni, Rusiyanın özündə qeyri-ruslar, o cümlədən Rusiya vətəndaşlığı olmayan azərbaycanlılar üçün rus dilində təhsil pullu olacaq! Azərbaycanda isə rus dilində təhsil pulsuzdur!

Qazaxıstanda məktəblərdə rus sektoruna aid siniflərin sürətlə azalması müşahidə olunur. Özü də bu, hökumətin hər hansı bir qərarı, siyasəti ilə deyil, valideynlərin öz uşaqlarını getdikcə daha çox rus yox, qazax dilində oxutmağa üstünlük verməsilə bağlıdır.

Bizdə isə bir çox valideynlər az qala Təhsil Nazirliyi ilə qırğına çıxırlar ki, nədən övladlarına rus sektorunda yer tapa bilmirlər? Bu “rus sektoru sevgisi”ni guya rus sektorunda təhsilin keyfiyyətinin daha yüksək olması, dünya ədəbiyyatına, elminə yol açması ilə bağlı olduğu barədə deyilənlər isə cəfəngiyyat və bəhanə təsiri bağışlayır. Bu, daha çox bəzi valideynlərin öz daxilindəki Azərbaycanı, azərbaycançılığı kiçik, aciz, dəyərsiz görmənin ört-basdır edilməsidir…

Azərbaycan Prezidenti IV Şuşa Qlobal Media Forumunda bu mövzuyla bağlı konkret fikir bildirib: “Biz SSRİ-nin bir hissəsi idik, bəli, amma hüquqlarımız yox idi. Bizim tarixi yaddaşımızda müstəmləkə olmağın və sonra azad dövlətə çevrilməyin nə demək olduğu anlayışı qalıb”.

Bəli, elədir. İndi isə bu tarixi yaddaşa sahib çıxmaq və ona yeni səhifələri də məhz öz Ana Dilimizdə yazmaq lazımdır…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью