Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.
"Caliber.az" nəşri etibarlı hökumət mənbələrindən bu barədə məlumat əldə edib.
Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub.
Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb.
Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib.
Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.