Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baykonur kosmik uçuş mərkəzində "Soyuz" raketinin uğursuz buraxılışı nəticəsində kosmodromun sahəsi zədələnib. Bu səbəbdən Rusiya öz astronavlarının uçuşlarını təxirə salıb.
Reyting.az xəbər verir ki, noyabrın 27-də Rusiya kosmik gəmisi "Soyuz MS-28"in buraxılışından sonra 31-ci meydançada xidmət kabinası qəfil, həm də naməlum səbəblərdən çöküb. Hadisə ilə bağlı çox fərqli açıqlamalar verilsə də, bəzi ekspertlərin fikrincə, qəza diqqətsizlik ucbatından baş verib.
Bildirilir ki, məsuliyyətli yoxlamalar aparılmadığı üçün Baykonur kosmodromunda start masasının böyük hissəsi Rusiya kosmik raketinin uçuşu vaxtı gözlənilmədən aşağıya doğru sürüşüb və bu da çökməyə səbəb olub.
Kosmos populyarizatoru Vitali Yeqorovun sözlərinə görə, translyasiyada qazötürücü kanalda olması qadağan edilən iri bir metal konstruksiya görünüb. O, əvvəlcə bunun startdan əvvəl raketin hazırlığı üçün çıxan, start anında isə qoruyucu divarın arxasına çəkilən xidmət "eyvanı" ola biləcəyini deyib.
Raket buraxılış analitiki və rusiyalı ekspert Georgi Trişkin isə xatırladıb ki, bura 31-ci meydançadır, üstəlik, Rusiyanın MKS-ə insanlı missiyalar göndərməsi üçün yeganə start yeridir.
Trişkin "Soyuz" və "Proqress" gəmilərinin uçuşlarının qeyri-müəyyən müddətə təxirə salınacağını güman edir.
Baş verən hadisə ilə Rusiya faktiki olaraq kosmosa insan göndərmək imkanını itirib. Bir çox yerli və əcnəbi medianın, eləcə də jurnalistlərin cəhdlərinə baxmayaraq, rəsmi qurum kimi cavabdehlik daşıyan, Rusiyanı kosmosda təmsil edən "Roskosmos" hadisə ilə bağlı şərh verməyib.
Oqtay QORÇU