Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, 1722-ci ildə Böyük Pyotrun qərarı ilə Dərbənd-Bakı istiqamətində hücumlara başlayan Rusiya imperiyası Qafqazı 20-ci əsrin sonunadək bu vəya digər formada, müxtəlif formasiyalarda öz nəzarətində saxlaya bilmişdir, SSRİ-nin dağılmasından sonra MDB yaradılmış, Putin isə 2000-ci ildə Rusiyanın hərbi-siyasi doktrinasına “Yaxın Çevrə” anlayışını daxil etmişdir: “Bu anlayış, Rusiyanın post-Sovet məkanında müstəsna hüquqlarını bəyan edirdi. Bu məkan qeyri-rəsmi dildə “arxa bağça” adlandırılır. Lakin ötən 20-30 ildə həm dünya miqyasında, həm regional miqyasda çoxsaylı hadisələr yaşandı ki, bu kontekstdə yeni nizam formalaşmaqdadır. Cənubi Qafqazın yeni geosiyasi nizamını yaradan məhz Azərbaycan və onun Prezidentidir. 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsi ilə ərazi bütövlüyünü, suverenliyini tam olaraq, o cümlədən xarici siyasətdə ölkəsinin suveren hüquqları təmin etdi. Bir sözlə, haqqı olanı geri aldı. Burada balanslı siyasət, Rusiyanın bölgədəki təsirinin Qərblə əməkdaşlıq çərçivəsində balanslaşdırılması həlledici faktordur. Rusiya bunun fərqindədir. Hazırda Mərkəzi Asiya ölkələri də eyni siyasi dəstxətt ilə regionlarında Rusiya təsirini azaltmaqdadırlar”.
Şəhla Cəlilzadə
Politoloq qeyd edib ki, təsir zonalarının itirilməsi Rusiya üçün ağrılı proses olsa da, ruslar yeni qlobal konyuktura uyğunlaşmağa çalışır.
Şəhla Cəlilzadə bildirib ki, təsadüfi deyil ki, Bloomberq 2023-cü ildə “Qazaxıstan Rusiyanın arxa bağçasıdır” yazanda Rusiya Prezidentinin sözçüsü Peskov bu ifadəni informasiya müharibəsinin parçası kimi absurd adlandırmış, Rusiyanın bütün dövlətlərin suverenliyinə hörmət bəslədiyini ifadə etmişdi: “Trampın Davosda Qafqazı “Putinin ərazisi” adlandırması bu mənada “Yaxın Çevrə” doktrinasına istinad sayıla bilər. Çünki həmkarı Putin də tarixə istinadla danışmağı sevir. Lakin Trampın siyasi dili heç də hər zaman səlis, diplomatik etiketə uyğun deyil. Tramp açıq və sərt danışır, bəzən hətta səhvə yol verir. Məsələn; “Albaniya ilə Ermənistanı barışdıran” Tramp "Bloomberg"in “səhvini” ya bilərək, ya da bilməyərək təkrarlayır. Lakin aydındır ki, Rusiya öz “arxa bağçasını” çoxdan itirib, post-Sovet məkanında təsiri ABŞ-la bölüşməyə, ölkələrin müstəqil xarici siyasi qərarları ilə hesablaşmağa vadar olub. Rusiya sərhədçilərinin dayandığı Ermənistan ərazisində Azərbaycanın tələbi və siyasi iradəsi ilə “Trampın marşrutu”nun açılmasına, yəni Zəngəzur dəhlizinə dair üçtərəfli (ABŞ-Ermənistan-Azərbaycan) razılıq bunun ən bariz sübutudur”.
İradə Cəlil, Bizimyol.info