Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Rusiya qüvvələri oktyabrın 11-nə keçən gecə Ukraynaya beş istiqamətdən 116 hücum dronu ilə hücum edib.
Yeniavaz.com xəbər verir ki, “RBC-Ukrayna” bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirib. Buna baxmayaraq, ölkənin yeddi məntəqəsində zərbələr qeydə alınıb.
Məlumata görə, Rusiya ordusu hücum zamanı reaktiv mühərrikli “Şahed” və “Gerbera” tipli dronlardan, eləcə də “Parodiya” tipli pilotsuz uçuş aparatı simulyatorlarından istifadə edib.
Dronlar Rusiyanın Oryol, Kursk və Primorsko-Axtarsk bölgələrindən, həmçinin Donetsk vilayəti və işğal altındakı Krımın Qvardeyskoye bölgəsindən buraxılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin yerli vaxtla saat 08:30-a olan ilkin məlumatına əsasən, zərərsizləşdirilən 94 drondan 74-ü “Şahed” tipli PUA olub.
Bildirilib ki, Rusiya dronlarının yeddi yerdə 10 zərbəsi qeydə alınıb. Bundan əlavə, vurulan pilotsuz uçuş aparatlarının qalıqları daha doqquz əraziyə düşüb.
Gecə saatlarında Dnepr şəhərinə edilən hücum nəticəsində dörd nəfər yaralanıb. Yaralılar arasında iki səkkiz yaşlı qız da var.