Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Avropa İttifaqında və digər Avropa dövlətlərində sağ-ifratçı qüvvələr Ukraynanın həm NATO-ya, həm də Avropa İttifaqına qəbul edilməsini istəmirlər. Hətta bu qüvvələr Rusiyanın Ukraynanı işğal etməsinə haqq qazandırmağa çalışır, amma bu yanaşmanın Avropanın təhlükəsizliyinə ciddi təhdid olacağını anlamaq istəmirlər. Onlar görünür ki, Ukrayna ilə bağlı yaşananları uzaq və özlərinə təsir etməyən bir məsələ olaraq qəbul edirlər. Lakin əslində, Rusiya Ukraynanı işğal etsə, bu, Avropanın ümumi təhlükəsizliyini ciddi şəkildə təhdid edəcəkdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi. Onun sözlərinə görə, Avropa ölkələri və Avropa İttifaqı, bu sağ-ifratçı qüvvələrin mövqeyinə qarşı, Ukraynanın yanında olduqlarını və real, praqmatik siyasət yürütməyə davam etdiklərini göstərirlər:
"Bu sağ-ifratçı qüvvələr, uzun illərdir rifah içində yaşayır və onların hesabına müharibə və təhlükələr uzaqda görünür. Onlar düşünürlər ki, Rusiya-Ukrayna müharibəsi onların müharibəsi deyil, amma bir gün bu təhlükə Avropa qapılarına çatdıqda, məsələn, Rusiyanın tankları Praqa və Macarıstana girməyə başladığında, o zaman təhlükənin nə qədər ciddi olduğunu anlayacaqlar. Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edən və Ukraynanın NATO-ya qəbulunu əngəlləyən qüvvələr artıq Berlin görüşlərində Ukraynanın təhlükəsizlik mexanizmini müzakirə ediblər. Bu mexanizm NATO-nun beşinci maddəsini də əhatə edən, Ukraynanın təhlükəsizliyini təmin etməyə yönəlmiş bir planı təsdiqləyir. ABŞ Konqresində də bu mexanizm təsdiqlənəcək və Avropa dövlətləri də öz prosedurlarını hazırlayır".
Siyasi şərhçi qeyd etdi ki, Ukrayna NATO-ya üzv olmasa da, təhlükəsizliyini təmin edəcək mexanizmlər üzərində iş gedir.
"Avropa İttifaqı isə NATO-dan fərqli olaraq, hərbi bir qurum deyil, siyasi və iqtisadi bir birlikdir. Sağ-ifratçı qüvvələrin Avropa İttifaqı məsələsinə qarşı çıxması, Avropada millətçi tendensiyaların artmasına işarə edir. Millətçi qüvvələrin hakimiyyətdə olması isə, yeni müharibələrin yaranmasına səbəb ola bilər. Bu səbəbdən Ukrayna NATO-dan imtina etsə də, Avropa İttifaqından imtina etməyəcək, çünki bu, həm Ukraynanın, həm də Avropa dövlətlərinin maraqlarına uyğun gəlir. Avropa dövlətləri də Ukraynanın Avropa İttifaqına daxil olmasını istəyirlər və bu, onlar üçün strateji və siyasi əhəmiyyət daşıyır", - deyə M.Əsədullazadə vurğuladı.
Xədicə BAXIŞLI