Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Ramiz Yunus: “Qarabağdan Ukraynaya uzanan yol... “yaxşı ruslar”ın riyakarlığını açıq göstərdi”
“Yaxşı ruslar” adlandırılan fenomen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra yaranmayıb və bu, nə mənəvi oyanışın, nə də imperiya keçmişi ilə real qopuşun göstəricisidir. Bu anlayış onilliklər boyu Rusiya siyasi və intellektual məkanında mövcud olan, Kremlin narrativlərini liberalizm və humanizm adı altında ört-basdır edən davamlı bir mexanizmdir”.
“AzPolitika” bildirir ki, bunu Xəzər Universitetinin professoru, siyasi şərhçi Ramiz Yunus sosial şəbəkə hesabında yazıb.
Professor qeyd edib ki, Azərbaycan üçün bu fenomen çoxdan tanışdır və heç bir illüziya yaratmır: “Qarabağ münaqişəsi rus liberal mühitinin beynəlxalq hüquqa və postsovet dövlətlərinin suverenliyinə real münasibətini ilk dəfə açıq şəkildə üzə çıxarıb. Hələ 1980-ci illərin sonlarında, Qorbaçovun “yenidənqurma” dövründə və sonradan Yeltsin illərində Qarabağ məsələsi bu psevdo-liberal çevrələr üçün bir növ lakmus kağızına çevrilib. Beynəlxalq hüquq baxımından "dağlıq Qarabağ" hər zaman Azərbaycanın ərazisi olub və bu status həm sovet dövründə, həm də SSRİ dağıldıqdan sonra dəyişməyib. BMT Təhlükəsizlik Şurası münaqişə zamanı dörd qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edib. Hüquqi mənzərə tam aydın idi və heç bir ikili şərhə yer qoymurdu”.
Buna baxmayaraq, professor bildirib ki, rus liberal mühitinin demək olar ki, bütün nümayəndələri, istisnasız olaraq, Ermənistanın mövqeyini müdafiə ediblər və Kremlin ermənipərəst narrativini təkrarlayıblar. Onun sözlərinə görə, Mixail Xodorkovski, Harri Kasparov, Yuliya Latınina, Viktor Şenderoviç kimi tanınmış fiqurlar ya açıq şəkildə təcavüzə haqq qazandırıblar, ya da işğalı “iki tərəfli münaqişə” kimi təqdim edərək reallığı təhrif ediblər: “Bu mövqeni vaxtilə Rusiya “demokratiyasının simvolları” kimi təqdim olunan Anatoli Sobçak, Qalina Starovoytova, akademik Andrey Saxarov və həyat yoldaşı Yelena Bonner də bölüşüblər. Bu şəxslərin adları bu gün tez-tez mənəvi örtük kimi istifadə olunsa da, onlar da Qarabağ sınağından keçə bilməyiblər və müharibə ilə bağlı yalanların bir hissəsinə çevriliblər. Qarabağ bu psevdo-liberal mühit üçün ilk ciddi imtahan olub və bu imtahan tam şəkildə iflasa uğrayıb. 1980–1990-cı illərdə baş verən hadisələr barədə yalanlar, Ermənistan ərazisindən azərbaycanlıların etnik təmizləməsinin gizlədilməsi, işğalın bəraətləndirilməsi və beynəlxalq hüququn “tarixi hisslər”lə əvəzlənməsi məhz bu çevrələrdə norma halını alıb”.
Ramiz Yunus vurğulayıb ki, sonrakı hadisələr bunun təsadüf deyil, mərkəzdən idarə olunan sistem olduğunu göstərib. O qeyd edib ki, Rusiyanın Gürcüstana qarşı təcavüzü, Abxaziya və Tsxinvali bölgəsinin işğalı, 2008-ci ilin avqust müharibəsi də rus liberalları üçün Gürcüstanın ərazi bütövlüyünün dəyər daşımadığını sübut edib. Professor eyni yanaşmanın Dnestryanı bölgə və Çeçenistanda aparılan iki müharibə zamanı da müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bu çevrələrin dəyişməz formulu hər zaman eyni olub: zorakılığın “ümumilikdə” pislənməsi, “bütün tərəflərin günahı” barədə danışılması, konkret adların çəkilməsindən yayınma və Rusiyanın qonşu xalqların taleyini həll etmək “hüququnun” müdafiəsi. İmperiya mahiyyəti inkar edilməyib, sadəcə daha “liberal” qablaşdırmada təqdim olunub.
Ramiz Yunus qeyd edib ki, 2014-cü ildə Krımın işğalından sonra bu məntiq daha aydın şəkildə üzə çıxıb. Onun sözlərinə görə, həmin fiqurların əhəmiyyətli hissəsi anneksiyanı açıq dəstəkləyib və ya “Krım kimindir” sualından yayınmağa başlayıb. Məhz o zaman Qarabağla Krım arasında onlar üçün prinsipial fərqin olmadığı tam aydın olub: “2022-ci il fevralın 24-dən başlayan genişmiqyaslı müharibədən sonra həmin şəxslərin bir qismi düzgün sözlər səsləndirməyə başlasa da, rəqəmsal dövr keçmiş bəyanatları unutmağa imkan vermir. Azərbaycan üçün bu, çoxdan məlum olan həqiqətdir. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan bu nəticələri çıxarıb və həm Kreml, həm də Qərbdən gələn, Moskvaya sərf edən narrativləri yayan “informasiya daşıyıcılarından” öz məkanını təmizləyib. Qələbə təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də əldə olunub”.
Ramiz Yunus qeyd edib ki, Ukrayna bu yolu indi keçir, lakin bunun üçün daha ağır bədəl ödəyir. O vurğulayıb ki, problem sadəlövhlükdə deyil, “yaxşı ruslar” fenomeninin sistemli şəkildə müttəfiq kimi təqdim olunmasındadır.
“Onilliklər boyu Kremlin imperiya narrativlərinə xidmət edən şəxslərin kritik anda yenidən xəyanət etməyəcəyinə inanmaq üçün heç bir rasional əsas yoxdur. Söhbət emosional kollektiv günahdan deyil, siyasi fakt kimi kollektiv məsuliyyətdən gedir. Rusiya tərəfindən aparılan genişmiqyaslı müharibə şəraitində istənilən “neytrallıq” əslində təcavüzə dəstək formasıdır, real addımlar olmadan səsləndirilən “antimüharibə” mövqeyi isə sadəcə rahat mənəvi pozadır”, - o, vurğulayıb.
Sonda Ramiz Yunus ispan filosofu Corc Santayananın fikrini xatırladaraq bildirib ki, “tarixdən dərs çıxarmayanlar onu yenidən – daha qəddar formada yaşamağa məhkumdurlar”.