Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müşahidələrə əsasən, tələbat xüsusilə may ayından sonra güclənib və artıq avqust–sentyabr ayları üçün mənzil axtaranların sayı artır.
Rusiyadan Ermənistana yeni köç dalğasının güclənməsi regionda demoqrafik və iqtisadi balansı dəyişə bilərmi, yoxsa bu proses yalnız qısamüddətli siyasi və sosial amillərlə bağlıdır?Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ərazisindən keçmiş Sovet respublikalarına, yəni Müstəqil Dövlətlər Birliyi ölkələrinə köç yeni proses deyil.
Belə bir köç dalğası 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra da müşahidə olunmuşdu. Həmin dövrdə bir çox respublikaya, o cümlədən Cənubi Qafqaz ölkələri olan Gürcüstan və Ermənistana hər birinə 100 mindən artıq Rusiya vətəndaşının gəldiyi barədə məlumatlar yayılmışdı. Digər qonşu ölkələrdə də oxşar axın qeydə alınmışdı.
Politoloqun fikrincə, həmin dövrdə bunun əsas səbəbi Rusiya vətəndaşlarının müharibədən yayınmaq istəyi ilə izah olunurdu və bu, anlaşılan bir vəziyyət idi.
“Hazırda bu prosesin yenidən aktuallaşması, xüsusilə də Ermənistana Rusiyadan köç edənlərin sayının artması və mənzil bazarında yaranmış ajiotaj bir neçə səbəblə bağlı ola bilər. Yayılan məlumatlarda Rusiyanın avqustun sonu və ya sentyabr ayında ümumi səfərbərlik elan edə biləcəyi iddia olunur. Söhbət təxminən 500 min nəfərin səfərbər edilərək hərbi xidmətə çağırılmasından gedir. Belə xəbərlərin yayılması imkanlı şəxslərin və müharibədə iştirak etmək istəməyənlərin ölkədən çıxmasına təkan verir”, – deyə o bildirib.
Oqtay Qasımov hesab edir ki, əsas səbəblərdən biri məhz bununla bağlıdır. Yəni Rusiyada Ukrayna müharibəsində iştirak etməyən, iştirak etmək istəməyən və indi mümkün səfərbərlikdən yayınmağa çalışan şəxslər daha çox köç etməyə üstünlük verirlər.
Rusiyadan Ermənistana axının artması həm də Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərin sayından çox olması ilə bağlıdır. Onun sözlərinə görə, son dövrlərdə həmin şəxslərin müəyyən problemlərlə üzləşdiyi barədə məlumatlar var. Bu baxımdan onlar Ermənistanda əmlak almaqla gələcəkdə geri qayıdacaqları təqdirdə mənzil və digər əmlaklarının olmasını təmin etməyə çalışırlar.
Oqtay Qasımov bildirib ki, Ermənistana köç edənlər arasında ermənilərlə yanaşı, ruslar da kifayət qədər çoxdur.
O hesab edir ki, Rusiya dövləti müəyyən mənada belə miqrasiyada maraqlı ola bilər. Politoloqun fikrincə, digər ölkələrdə mənzil alaraq daimi yaşamaq istəyənlərin sayının artması gələcəkdə Rusiyanın həmin ölkələrin daxili işlərinə təsir göstərmək və onlara təzyiq etmək imkanlarını genişləndirə bilər.
“Rusiyanın siyasətində keçmiş SSRİ məkanında yaşayan rus əhalinin hüquqları məsələsi əsas təzyiq alətlərindən biri kimi istifadə olunur. Bu məsələ zaman-zaman Rusiya tərəfindən gündəmə gətirilərək həmin ölkələrin daxili işlərinə müdaxilə etmək və ya onlara siyasi təzyiq göstərmək üçün vasitəyə çevrilir. Bu, mümkün niyyətlərdən biri kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, mənzil alan şəxslər arasında Rusiya kəşfiyyatına işləyən agentura şəbəkəsinin üzvlərinin də olması istisna edilmir. Onun fikrincə, bu tip köç və miqrasiya prosesləri gələcəkdə Rusiya kəşfiyyatının həmin ölkələrdə daha fəal fəaliyyət göstərməsinə, ictimai rəyə daha çox təsir etməsinə və eyni zamanda hakimiyyətlərə qarşı əlavə təzyiq mexanizmləri formalaşdırmasına imkan yarada bilər.
İradə Cəlil, Bizimyol.info