Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Qara dənizin Rumıniya sahillərində gəminin dronla vurulması nəticəsində azərbaycanlı kapitan həlak olub, bir nəfər isə itkin düşüb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hücum nəticəsində vəfat edən gəmi kapitanı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.
Bildirilir ki, o, uzun müddət Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib. Bir müddət əvvəl ordudan təxris edilən R.Həsənov mülki sahəyə keçib və “Palmali”də gəmi kapitanı kimi işə düzəlib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-də hücum nəticəsində gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam edir.
Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü xəstəxanada müalicə alır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, qarğıdalı daşıyan Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb.