Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
NATO-nun Baş katibi Mark Rutte Avropanın ABŞ olmadan öz təhlükəsizliyini təmin edə biləcəyi barədə fikirlərə sərt reaksiya verib. Avropa Parlamentində çıxış edən Rutte vurğulayıb ki, ABŞ-siz bir müdafiə anlayışı reallıqdan uzaqdır.
Milli.Az xəbər verir ki, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi ilə Xarici Əlaqələr Komitəsinin birgə iclasında danışan Rutte transatlantik ittifaqın əvəzolunmaz olduğunu qeyd edib. "Əgər burada kimsə Avropa İttifaqının və ya bütövlükdə Avropanın ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, xəyal qurmağa davam edə bilər. Biz bunu bacara bilmərik. Bir-birimizə ehtiyacımız var." deyə Rutte bildirib.
Rutte Avropa ölkələrinin müstəqil müdafiə strukturu qurmaq cəhdlərinin böyük maliyyə yükü və risklər yaradacağını bildirib. O, qeyd edib ki, müdafiə xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırılması belə kifayət etməyə bilər və bu rəqəmin 10% səviyyəsinə yüksəlməsi lazım gələ bilər. Baş katib xəbərdarlıq edib ki, bu yolla gedən Avropa "bu yarışı uduzacaq".
Nüvə çəkindiriciliyi məsələsinə toxunan Rutte ABŞ-dən ayrılmağın ağır nəticələrini belə izah edib: "Avropa öz nüvə potensialını sıfırdan qurmalı olacaq ki, bu da milyardlarla avro vəsait tələb edəcək. Bu ssenaridə Avropa azadlığın ən böyük təminatı olan ABŞ-ninn nüvə çətirini itirəcək."
Rutte bu barədə kinayə ilə: "Ona görə də buyurun, sizə uğurlar", - deyib.
Çıxışının sonunda Rutte qeyd edib ki, yalnız Avropanın deyil, ABŞ-nin da NATO-ya ehtiyacı var. Transatlantik bağların zəifləməsinin hər iki tərəf üçün ciddi təhlükəsizlik riskləri yaradacağını bildirən Baş katib ittifaqı gücləndirməyə çağırıb.
Lalə Qüdrətova
Milli.Az